Sizin reklam burada

“Qaradağ Lökbatan” Nazim Əliyevə tapşırıldı

Baxış Sayı:193


Elçin Dərgahquliyev: “Həmin vaxt desəydilər ki, səninlə yolları ayırırıq, indiki kimi təsir etməzdi”
Birinci divizionda yeni mövsüm start götürməmiş artıq bir klubda baş məşqçi dəyişikliyi olub. Söhbət “Qaradağ Lökbatan”dan gedir. Uzun müddət “qırmızı-qaralar”ın “sükanı arxasında” olan Elçin Dərgahquliyevi Nazim Əliyev əvəzləyib.
Elçin bəyin işdən uzaqlaşdırılmasının səbəbini bilmək üçün özü ilə əlaqə saxladıq. Lökbatan təmsilçisinin artıq sabiq çalışdırıcısı rəhbərliyin qərarının gözlənilməz olduğunu bildirdi: “Neftçi” İKİB-nin rəhbərliy avqustun 10-da mənimlə görüşüb, komandanı komplektləşdirib yeni mövsümə hazırlaşmağı tapşırdı. Pandemiya ilə bağlı avqustun sonuna kimi məşqlərə başlamasaq da, komplektləşmə yönündə müəyyən işlər gördüm. Bir neçə futbolçu ilə danışıq aparıb ortaq məxrəcə gəldik, onların yeni mövsümdən “Qaradağ Lökbatan”ın şərəfini qoruyacağı ilə bağlı anlaşdıq. Ancaq sentyabrın 2-də mənə dedilər ki, “artıq “Qaradağ Lökbatan”ın baş məşqçisi deyilsən. Yerinə Nazim Əliyev təyin olunub”. Bu qərar mənim üçün bir qədər gözlənilməz oldu. Pandemiyaya görə ötən mövsüm yarımçıq dayandırıldı. Futbolçularla birgə mənim də müqaviləmin müddəti başa çatdı. Bəlkə də həmin vaxt desəydilər ki, səninlə yolları ayırırıq, indiki kimi təsir etməzdi. Bir ayın içində həm dedilər komandanı yeni mövsümə hazırla, həm də mənimlə yolları ayırdılar ki, bu da heç ürəkaçan olmadı”.
Baş məşqçi ilə yollar ayrılanda rəhbərlik bunun səbəbini ona izah edir. Bəs görəsən, “Neftçi” İKİB-nin başbilənləri verdikləri qərarı əsaslandırmaq üçün Dərgahqiliyevə nə deyiblər? Elçin bəy bu suala dəqiq cavab verməsə də, “qələmənin qırılmasının” ötənilki nəticələrlə bağlı olduğunu güman edir: “Ötən mövsümün startı ərəfəsində sizin qəzetinizə açıqlamamda “Qaradağ Lökbatan”ın strategiyasını dəyişdiyini, çempionatda ancaq öz yetirmələrinə güvənəcəyini bildirmişdim. Bu qərarı mən yox, “Neftçi” İKİB-nin rəhbərliyi vermişdi. Ötən il heyətdə əsasən 2002, 2003 doğumlu uşaqlara meydana çıxmaq şansı yaratdıq ki, bu da istər-istəməz nəticələrdə əksini tapdı. Başqa klublarda daha təcrübəli, elita təmsilçilərinin “ikincilər”ində daha səviyyəli oyunçular çıxış etdiyindən “Qaradağ Lökbatan” turnir cədvəlinin sonlarında qərarlaşmışdı. Əslində strategiya dəyişəndə, yeniyetmələrlə “döyüşə atılanda” belə olacağını göz önünə almışdıq. Ancaq görünür, rəhbərlik bundan razı qalmayıb və bunun da nəticəsi kimi mənimlə yolları ayırmaq qərarı verib. Əslində “Neftçi” İKİB-dən tam getməmişəm. Mənə U-19-u çalışdırmaq təklif olunub. 14 ildi bu klubda çalışıram, bütün yaş qruplarında da işləmişəm. Bunun da son nəticəsi kimi “Qaradağ Lökbatan”ın baş məşçqçi oldum. Onsuz da baş məşqçi postu əbədi deyil. O kreslonu evimdən gətirməmişdim ki, deyim daim oturacam. Rəhbərlik sağ olsun, etimad göstərdi, çalışdım, indi belə məsləhət biliblər. U-19-a gəlincə, hələ o yaş qrupunu çalışdırıb-çalışdırmayacağım məlum deyil. Çünki gələn həftə A kateqoriyasında sonuncu modul olacaq. Praktik imtahan verməliyik. Bu üzdən başım imtahana qarışıb. Bir də 19 yaşa qədər futbolçuların çıxış etdiyi komandaya oyunçu tapmaq çətindi. Kimlərsə hərbi xidmətə yollanıb, bəziləri ali məktəbə qəbul olunub deyə futboldan uzaqlaşıb. Bu üzdən bu yaş qrupunu formalaşdırmaq çox çətindi. Hələ ki yekun qərarımı verməmişəm. İnşallah, gələn həftə bu məsələyə nöqtə qoyulacaq. Nazim Əliyev təyinatı reallaşandan sonra mənlə əlaqə saxladı, bir növ hallalıq istədi. Ona böyük hörmətim var və yeni işində xeyir-dua verib, uğurlar arzuladım. Allah işini avand eləsin”.
Lökbatınlıların yeni çalışdırıcısı Nazim Əliyevin də təyinatla bağlı fikirlərini öyrəındik. Yeri gəlmişkən, mütəxəssis təxminən 20 gün öncə qəzetimizə verdiyi müsahibədə səhhəti ilə bağlı baş məşqçi işləməyin ona çətin olduğunu söyləmişdi. Əliyev bizimlə söhbətdə öncə bu məqama aydınlıq gətirdi: “Açığı, “Qaradağ Lökbatan”dan gələn təklif mənim üçün bir qədər gözlənilməz oldu. Ancaq Sadıq Sadıqovun sözünü geri çevirə bilməzdim. Bəli, qəzetinizə açıqlamamda səhhətimin baş məşqçi kimi çalışmağa imkan vermədiyini söyləmişəm. Ancaq Sadıq müəllim bu günə kimi mənə o qədər yaxşılıq edib ki, onun sözünü yerə salmağı özümə sığışdırmadım. Mənə göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm və çalışacam ümidləri doğruldum, döyüşkən, mübariz komanda formalaşdırım. Düzdü, başqalarıyla müqayisədə komanda daha gec toplaşıb, heyəti komplektləşdirmək yönündə bir qədər kecikmişik. Buna baxmayaraq, çalışacağıq ən yaxşısını edək və çempionatda layiqincə mübarizə aparaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR