Sizin reklam burada

Tuayevin müraciətindən Oqtay Abdullayevin xəbəri olmayıb

Baxış Sayı:142

Tuayevin müraciətindən Oqtay Abdullayevin xəbəri olmayıb

“Rusiya telekanalında çalışan həmyerlimiz gördüyünü dilə gətirib”
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin Rusiyanın “Matç TV” kanalında şərhçi kimi çalışan Elvin Kərimovu AFFA rəhbərliyinin ünvanına səsləndirdiyi tənqidi fikilərə görə qınaması, onunla bağlı telekanal rəhbərliyinə müraciəti futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Xatırladaq ki, Azərbaycan – Lüksemburq (1:2) qarşılaşmasını şərh edən Kərimov maraqlı fikirlər səsləndirmişdi: “Rövnəq Abdullayev uzun illərdi federasiyanın prezidentidi. Görünən odu ki, Azərbaycan futbolu bu illər ərzində inkişaf etməyib, əksinə, geri gedib. Bəlkə də artıq onun yerinə gələcək alternativ şəxsi axtarmağın zamanı yetişib. Bu gedişlə AFFA-da dəyişiklik labüddü”.
Onun bu fikirləri Tuayevə necə pis təsir edibsə, osetin əsilli veteran futbolçu “Matç TV” rəhbərliyinə mürciət ünvanlamağı lazım bilib: “Azərbaycan Futbol Veteranları İttifaqı adından Rusiyanın “Matç TV” futbol kanalına qeyri-peşəkarlığı, qərəzli şərhçiliyi, yalançı vətənpərvər, sadəcə, yalançı Elvin Kərimovla bağlı müraciət edirəm. Hansı ki, ekrandan AFFA prezidenti Rövnəq Abdullayev və assosiasiya rəhbəliyinin ünvanına korrektə olunmamış və savadsız tənqidlərlə çıxış etmişdi. Biz tələb edirik: bu insan Azərbaycan komandalarının şərhinə buraxılmasın”.
Tuayevin veteranlar adından danışması onların heç də hamısının ürəyincə olmayıb. Məsələn, qəzetimizin ötən sayına müsahibə verən Mehman Allahverdiyev onun adından danışmaq üçün Tuayevə səlahiyyət vermədiyini söyləyib və bu məsələ ilə bağlı Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevlə danışacağını vurğulayıb: “Kazbek Əliyeviçə veteran futbolçu, məşqçi kimi həmişə hörmətlə yanaşmışam. Ancaq onun ölkənin bütün veteranları adından danışması məni təəccübləndirdi. Şəxsən mənim Rusiya telekanalında çalışan həmyerlimizə heç bir iradım yoxdu. Adam şəxsi fikrini bildirib, real duruma uyğun fikir səsləndirib. Tuayevin birdən-birə belə əsəbləşməsi, AFFA rəhbərliyinin vəkili kimi çıxış etməsi biz veteranlar tərəfindən heç də yaxşı qarşılanmadı. Məsələ ilə bağlı Veteranlar İttifaqının prezidentinə də müraciət edəcəm. Qoy o da bu məsələyə izahat versin”.
Allahverdiyevin mövzu ilə bağlı Oqtay Abdullayevlə danışıb-danışmadığını bilmirik. Ancaq biz yaşananlarla bağlı Abdullayevin də mövqeyini öyrənməyi lazım bildik: “Kazbek Tuayev özü də sonradan bildirdi ki, sözügedən müraciəti “Matç TV” rəhbərliyinə Veteranlar İttifaqı yox, öz adından ünvanlayıb. Şəxsən mənim bir prezident kimi heç nədən xəbərim olmayıb. Kazbek müəllimin ittifaq adından danışması bir qədər yaxşı çıxmayıb. Hər kəsin öz fikir var və onu da öz adından bildirməsi daha yaxşı olar. O ki qaldı Elvin Kərimovun söylədiklərinə, məncə, Rusiya telekanalında çalışan həmyerlimiz gördüyünü dilə gətirib. Təhqirə yol vermədən, sağlam tənqidi fikirlər deyib ki, ona görə də Elvini “yıxıb-sürümək” düzgün deyil. Tənqid olmayan yerdə inkişaf da olmaz. Lüksemburqla matçdan sonra hamı – futbol ictimaiyyəti, media nümayəndələri biabırçı oyuna görə yığma üzvlərini tənqid etdi. Bunun da nəticəsini Nikosiyada gördük. Futbolçularımız toparlanıb, tənqiddən nəticə çıxarıb yaxşı oynadılar və Cənubi Kiprdən 3 xalla döndülər. Kərimov da, mən də, sən də məhz bunu istəyirik. Uğurlu nəticə olandan sonra kim kimi tənqid edəcək, ünvanına mənfi fikirlər səsləndirəcək?”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR