Sizin reklam burada

Cənubi Kiprdə oynamağı “Qarabağ” istəyib

Baxış Sayı:192


Nurlan İbrahimov: “Debretsen”ə bildirmişdilər ki, səfərdə oynamalı olsaq, ora getməyib, sizin ölkəyə gələcəyik”
UEFA-nın “Qarabağ”la “Molde” arasındakı fikir və niyyət ayrılığına son nöqtəni qoymaqda gecikdiyinə görə yekunda qərarın xeyrimizə qəbul olunacağını təxmin etmişdik. Lakin uzun sürən məktublaşmalardan sonra qitə futboluna cavabdehlik daşıyan qurum norveçliləri sevindirən qərarla yadda qaldı. Məlum oldu ki, “Molde” Azərbaycana gələcəyi təqdirdə vətənə qayıtdıqdan sonra 10 günlük karantinə alınacaq ki, buna görə də matç neytral meydanda keçirilməlidi. Beləliklə, ağdamlılar Skandinaviya təmsilçisi ilə Larnakada üz-üzə gələcək.
Hadisələrin sonrakı axarı ilə işimiz yoxdu. İstəkli olan, səviyyə fərqində rəqibini üstələyən komanda qalib gəlib, Çempionlar Liqasının pley-offuna yüksələcək. Bizi narahat edən və düşündürən məqam “Qarabağ”ın hansı səbəbdən məlum mübarizədən məğlub ayrılmasıdı. Püşkatmaya görə oyun Bakıda keçirilməliydi və neytral meydan qərarı ilə razılaşmamaq üçün “köhlən atlar”ın əlində kifayət qədər tutarlı fakt vardı. “Alkmaar” nümunəsi, Norveç yığmasının bir neçə gün öncə Şimali İrlandiyaya səfər edib qayıtması və s.
Sadəcə, bu məsələdə bir qədər dirəniş göstərmək, AFFA-nın səthi yox, birbaşa müdaxilə etməsi lazım gəlirdi. Etdilər, ya etmədilər – artıq gecdi. Bilinən odu ki, “Qarabağ” “Molde”, eləcə də UEFA ilə mübarizədən məğlub ayrıldı. Yenilginin səbəbini öyrənmək üçün klubun mətbuat katibi Nurlan İbrahimovu aradıq: “Pandemiya üzündən UEFA müəyyən qərarlarda dəyişiklik edib və bu gün ən vacib məsələ virusa görə təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdı. Qeyd olunub ki, komandalardan hansısa birinin təmsil etdiyi ölkədə koronavirus təhlükəsi varsa, qonaqların istəyinə əsasən oyun neytral meydanda keçirilə bilər. Onlar ilk gündən bu maddədən yararlanmaq istəyirdilər. Biz də öz növbəmizdə geri çəkilmir, ortaya dəlillər qoyurduq. Əlimizdə oyunun Bakıda keçirilməli olduğuna dair kifayət qədər tutarlı faktlar var idi.
Bildiyiniz kimi, bir neçə gün əvvəl Norveç millisi Şimali İrlandiyaya səfər etmişdi. Dedikləri kimi olsaydı, yığma səfərdən qayıdan kimi karantinə alınmalıydı. Lakin karantinə alınmadılar. Səbəb kimi isə Şimali İrlandiyanın Avropa Birliyinə daxil olduğunu göstərdilər. UEFA-nın Norveç hökumətinə etdiyi müraciət də fayda vermədi. Ölkə rəhbərliyi “Molde”nin Azərbaycandan qayıdandan sonra karantinə alınacağını qətiyyətlə bildirirdi. Əlbəttə, biz də bunu irqçilik və UEFA-nın bərabərlik prinsipinin pozulması kimi qəbul edirik. Hətta buna qarşı olduğumuzu yazılı surətdə qitə futbol qurumuna bildirdik. UEFA rəsmi olmasa da, qeyri-rəsmi formada haqlı olduğumuzu bildiyini qeyd etməklə yanaşı, matçın baş tutmasının əsas məqsədləri olduğunu da gizlətmədi. Ona görə də yekunda belə qərar qəbul olundu”.
Sən demə, “Molde” Azərbaycana səfər etməyəcəyini hələ püşkdən əvvəl müəyyənləşdiribmiş. Və bu məqsədlə Macarıstan klublarından birinə müraciət etməyə də imkan tapıb. Hər halda, Nurlan bəy belə deyir: “UEFA ilə mütəmadi məktublaşırdıq. Giriş-çıxışına məhdudiyyət qoyulmayan, belə deyim, ordan çıxandan sonra Norveç hökümətinin karantinə almayacağı bir neçə ölkə var idi: Slovakiya, Sloveniya, Macarıstan, İtaliya, Latviya, Litva, Danimarka. Onların məqsədi bizimlə oyunu bu ölkələrdən birində keçirmək idi. “Molde” tərəfi hələ püşkdən əvvəl Macarıstanı gözaltı etmişdi və “Debretsen”ə bildirmişdilər ki, səfərdə oynamalı olsaq, ora getməyib, sizin ölkəyə gələcəyik. Hətta bu faktın özünü də UEFA-ya təqdim etdik. Macarıstan iddiası ilə razılaşmadıq. Ev sahibiyiksə və oyun neytral meydanda keçirilirsə, seçimi biz etməliydik. Belədə Kipr variantına üstünlük verdik. Həm məsafə olaraq bizə daha yaxındı, həm də Kipr tərəfi ilə yaxşı əlaqələrimiz var. Məsələyə belə nöqtə qoyum. Ədalətin tərəfimizdə olduğunu hamı, bütün qurumlar bilirdi. Sadəcə, çıxılmaz vəziyyət yaranmışdı, çıxış yolu yox idi deyə, qərar bu cür oldu”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR