Sizin reklam burada

“Neftçi”nin xərci 13,1 milyon manat olub

Baxış Sayı:111


Klub ilin sonuna kimi kredit borcunu bağlayacaq
"Neftçi"nin 2019/20 mövsümündəki xərcləri açıqlanıb. Klubun vitse-prezidenti Elnur Eyvazov "Neftçi TV"yə müsahibəsində xərclərin 13,1 milyon manat olduğunu deyib. Bunun 50 faizi əsas komandanın payına düşüb: "Bura təkcə futbolçuların əməkhaqqı daxil deyil. Onların qidalanmasından tutmuş, təlim-məşq toplanışına qədər hər şeyi əhatə edir. 13,1 milyon manatın 18 faizi kredit borclarının qaytarılmasına sərf olunub. Klubun 2016-cı ildən manat və dollarla kreditləri olub. Ötən mövsüm kreditlə bağlı 1 milyon 773 milyon manat xərclənib. Hazırda manatla olan kredit tam bağlanıb. Qalan 204 min dollardı ki, dekabra qədər bu məbləğin də bağlanacağı gözlənilir. Xərclərin 15 faizi "Türk Hava Yolları" bazasının tikinti işlərinə xərclənibsə, qalan 17 faiz digər xərcləri təşkil edib"
Eyvazov ötən ili maliyyə baxımından qənaətbəxş sayır: "2016-cı ildən klubdayam, çoxlu borclar və futbolçular önündə öhdəliklər var idi. Bunların hamısı qaydaya düşüb. Son vaxtlar maliyyə göstəriciləri düzəlib və heç kimə borclu deyilik".
Vitse-prezident təxminən bir ay əvvəl Muşahidə Şurasına hesabat verdiklərini açıqlayıb: “Hesabatda maddi-texniki baza, gəlirlər və xərclər haqda məlumat əksini tapıb. Əsas sponsor SOCAR-dı, onlarla əməkdaşlıq davam edirik. Kluba UEFA-dan da vəsait daxil olub. Ötən mövsüm Avropa Liqasında iki mərhələ adladıq. Bu, büdcəyə kifayət qədər təsir edib. Eyni zamanda uşaq futboluna görə UEFA-dan vəsait gəlir. Futbolçuların yığmada çıxış etməsinə görə də vəsait daxil olub. "Türk Hava Yolları" və "Mega Sığorta" da sponsorumuzdu. Ötən mövsüm digər daxilolmalar bilet satışından olub. Biz daim biletlər və bəzi atributlarımızı satırıq. Amma bunlar kifayət etmir. Təbii ki, nə qədər çox vəsait olsa, heç kim deyə bilməz ki, məni qane edir".
Bu arada "Neftçi" yeni transferi Prins İbaranı təqdim edib. Konqo millisinin hücumçusu ilə birillik müqavilə bağlanıb. 24 yaşlı legioner Belçika "Birşot”una (2019/20, 12 oyun) məxsusdu və cari mövsümün sonuna qədər icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək. İbara "13” nömrəli formanı geyəcək. Vətənində ACNFF (2014), "Pelikan” (2015, 6 oyun, 6 qol), Tunisin "Bizerten” (2015-17, 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra” (2017/18, 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair” (2018/19, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. Konqo millisinin heyətində 11 oyun keçirib, 3 qol vurub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR