AFFA-nın “milliləşdirmək” istədiyi Sezar Meza Kolli komandasından ayrılıb. Yarımmüdafiəçi "Universitatya" ilə müqaviləsini qarşılıqlı razılıqla ləğv edib. Bu xəbəri Rumıniyanın prosport.ro saytı yayıb.
Meza Kollinin klubla anlaşmasının müddəti 2021-ci ilin yayına qədər idi. Onun "Universitatya"dan ayrılması rumınlar üçün təəccüblü olmayıb. Həmkarlarımız 29 yaşlı yarımmüdafiəçinin yenidən Azərbaycana, konkret olaraq "Keşlə"yə keçəcəyini bildiriblər.
Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi paytaxt təmsilçisinə transfer olunmayacaq. Pleymeyker mövqeyinə Cavid İmamverdiyevlə Alvaro Tavaresin alındığını əsas gətirən "qırmızılar" əlavə oyunçu transferinə ehtiyac görməyib. Yunis Hüseynov həm sağ cinahda vinger, həm də pleymeyker kimi çıxış edən braziliyalını Meza Kollidən üstün tutub. “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Murad Axundov da qəzetimizə açıqlamasında paraqvaylı futbolçunun gündəmlərində olmadığını dedi.
Sezar başqa Azərbaycan klubu ilə danışıqlar aparır. Onun xidmətində “Zirə” maraqlıdı. “Qartallar” bu mövqeyə futbolçu axtarışındadı. Rəşad Sadıqovun komandası AFFA-nın “milliləşdirmək” istədiyi futbolçunu bu səbəbdən diqqətdə saxlayır. Məlumatı dəqiqləşdirmək üçün “Zirə” ilə əlaqə saxladıq. Klubun mətbuat katibi Elmar Abdullazadə Meza Kolli ilə maraqlanmadıqlarını söylədi: “Bu gün səhər onun komandasından ayrılması ilə bağlı xəbəri oxudum. Amma hazırda “Zirə”nin gündəmində belə futbolçu yoxdu”.
İLKİN SULTANLI