UEFA-nın “Qarabağ” – “Molde” oyunu ilə bağlı qərarı, çox güman, bu ölkədə heç kimin ürəyincə olmadı. Qitə futbol qurumu 9 gün sürən məsləhət-məşvərətdən, yazışmalardan sonra norveçliləri razı saldı. “Qarabağ”ın heç bir halda “Molde”dən zəif olmadığını bilsək də, etiraf edək ki, bu qərara qədər Azərbaycan çempionun mərhələ adlamaq şansı ən azı 55-in 45-ə nisbətindəydisə, indi faktiki bu iki rəqəm arasında bərabərlik işarəsi qoymaq olar. “Molde”, Norveç hökuməti və UEFA birlikdə Azərbaycanı məğlub etdi. Biz hansı müstəvilərdə uduzduq və bu durumdan necə çıxacağıq?
Təbii ki, ilk növbədə mənəvi-psixoloji planda uduzduq. Yersiz və irqçilik təzahürü olan dəlillə oyunun Larnakaya salınmasını bacaran “Molde” 1:0 öndədi. Bu artıq tabloya yazılan yox, püşk atılan gündən indiyə qədər yaşananlardan doğan, havadan asılı qalan hesabdı. Rəqibin başqasının yardımı ilə önə çıxması qıcıqlandırıcı məqamdı, ya “Qarabağ”ı sözün yaxşı mənasında özündən çıxarıb, meydanda fırtına kimi əsməyə məcbur edəcək, ya da elə ruhdan salacaq ki, sentyabrın 16-dan sonra yalnız bu haqda danışmalı olacağıq. Mənəvi-psixoloji məqamların sırası bununla məhdudlaşmır. “Qarabağ” dəfələrlə səfərdə qələbə qazansa da, evdə və neytral meydanda oynamaq fərqli anlayışlardı. “Molde” də bu məqamın fərqindədi və komandamızın tərəfində olan əsas kartlardan birini əlindən aldı.
Siyasi-hüquqi planda da öyünüləsi heç nə yoxdu. “Qarabağ” eyniadlı əzəli yurdumuzun, amma dünyanın bəzi dairələrinin gözünə hələ də mübahisəli ərazi kimi görünən torpaqların kimə məxsus olduğunu göstərən ən böyük sübutdu. Sirr deyil ki, bu komandanın son onillikdə uğurları sayəsində gördüyü iş Qarabağ həqiqətlərinin dünyada təbliği baxımından əvəzsiz irsdi. “Molde” də “Qarabağ”ın, yəni Azərbaycanın qapısını döyməli, oynamalı və çıxıb getməliydi. “Qarabağ”ın püşkatmadan sonra UEFA-ya təqdim etdiyi çeşidli dəlillər nə qədər inandırıcı olsa da, norveçlilərin tələbinin presedent rolunu oynaya biləcəyi ehtimalı yüksəlsə də, faktiki bu qurum Azərbaycan Avropa Birliyinin üzvü olmadığına görə aşağılayıcı davranış sərgiləməklə qitə futbol ailəsində hər kəsə eyni münasibət bəsləmədiyini, ölkələrin siniflərə bölündüyünü göstərdi. Bu qərarı verən UEFA rəsmiləri həm də məntiqsizliyi və iş bacarmamağı başqa yolla “sığortaladı”. Ortada sadə həqiqət var: “Molde” püşkatmadan əvvəl hansısa siyahı təqdim etmişdisə, onda püşkatma prinsiplərini formalaşdıran qurum mərasimdən əvvəl elə etməliydi ki, bu komanda Azərbaycan çempionuna rəqib olmasın. Son illərdə, yəni təxminən Mişel Platini prezident postuna oturandan bəri qurumun fəaliyyəti ilə bağlı ən müxtəlif ittihamların irəli sürüldüyünü, UEFA-nın nüfuzunun əvvəlki kimi olmadığını nəzərə alsaq, son qərarı bəlkə də qəribəlik symağa dəyməz.
Daha bir müstəvi var ki, bütün olanlardan sonra ən azı orda məğlub olmamağa çalışmalıyıq. Bu gün dünyanı - təbii ki, futbolu da – pul idarə edir. Hazırda qitə kuboklarına qatılan və uğurlu nəticə göstərən klublar büdcəsini zənginləşdirmək baxımından geniş imkanlar qazanırlar ki, ən azı buna görə UEFA-nın mövcudluğuna dözmək olar. Əlbəttə, ÇL-in və AL-in qrupuna düşməyin gətirdiyi potensial qazanc eyni deyil. Bununla belə, indiki iqtisadi böhran şəraitində AL-in qrupuna düşmək istənilən kluba ən azı 3 milyon avro qazandırır. Belədə “Qarabağ” ÇL-in üç təsnifat mərhələsini adladığına görə də təxminən 1 milyon avro qazanacaq. Deməyim odu ki, “Molde”ni keçmək ağdamlıların avtomatik 4 milyon avro irəli düşməsi deməkdi. ÇL-in qrupuna düşməyin üstünlükləri haqda isə heç danışmağa dəyməz. Söhbət yetərincə böyük paradan, təxminən 20 milyon avrodan gedir. Yəni bir dəfə qrupa düşməklə ikiillik büdcəni təmin etmək mümkündü.
...Futbolun ədaləti hələ ölməyibsə, “Qarabağ” “Molde”ni mübarizədən kənarlaşdıracaq. Və o qisas aktı “bütün pisliklərə ölüm” xarakteri daşıyacaq. İllərdi ermənilər və onların havadarları ağdamlıların avrokubok oyunlarında ən müxtəlif təxribatlara əl atırlar. UEFA belə azğınlıqların qarşısını almaq, təxtibat edənləri ən sərt şəkildə cəzalandırmaq əvəzinə göz yumur, “Qarabağ”, Azərbaycan əleyhinə olan istənilən təşəbbüsə isə dəstək verir. Şəxsən mən Ağdam klubundan və AFFA-dan belə məsələlərdə daha həssas mövqe, daha ciddi müqavimət gözləyirəm. Biz təxribatçıların önündən qaçdıqca üstümüzə gələcəklər. Odu ki, qaçmağa, çəkinməyə dəyməz. Hücum, hücum, yenə də hücum! Sentyabrın 16-sı gəlsəydi...