Sizin reklam burada

Füzuli Məmmədov: “Çox zəif, pis oynadıq”

Baxış Sayı:99


Ayxan Abbasov Mehdini meydana buraxdığına görə peşmandı
Oyunsonrası mətbuat konfransına əvvəlcə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov təşrif buyurdu:
- “Neftçi"yə "Qalatasaray"la oyunda uğurlar arzulayıram. Füzuli Məmmədovun komandasının mərhələni keçməsini çox istəyirəm. Avropa Liqasında məğlub olsaq da, fasilə bizə yararlı oldu. Yeni gələn oyunçularımız var idi, yoxlama görüşü keçirdik. Yavaş-yavaş formaya düşürük. Futbolçularıma təşəkkür edirəm, taktikanı düzgün yerinə yetirdilər, əzmkarlıq göstərdilər, rəqibin boşluqlarından istifadə etdilər. Azarkeşlərimizi təbrik edirəm. Bilirəm ki, ürəkləri bizimlə idi.
- Mehdi Cənnətovun durumu nə yerdədi?
- Yəqin sabah dəqiq biləcəyik. Çox güman, yüngül dartılma var. Onu əvəzləyən Aydın Bayramovu komandaya dəvət edəndən bəri çox şans vermək istəmişik. Etiraf edim ki, bu gün Mehdi ilə Aydın arasında böyük fərq görmürəm. Bu gün onun meydana çıxmasına sevindim.
- Son günlərin qəhrəmanı Rəhim Sadıxovu sonradan meydana buraxdız. Düşünmürsüz ki, buna görə sizi qınaya bilərdilər?
- Məşqçi kənarda nə yazılacağını fikirləşəcəksə, zəiflik edir. Rəhimi bura inanıb gətirmişik. Ona da demişəm ki, millinin bir nömrəsi olacaqsan. Yığmanın heyətindən gələndə çox yorğun idi. Hətta bu gün oyundan əvvəl Mehdi ilə Aydın arasında da seçim edirdim. Kaş start heyətində Aydın Bayramovu oynadaydım. Komandamızda yaxşı rəqabət var. Bu gün oynamayanların hazırlığından da razıyam.
- Bu "Neftçi" "Qalatasaray" önündə nə edə bilər?
- Rəqib haqda danışmaq yaxşı deyil. Amma inanıram ki, həmin oyun tam fərqli olacaq. Bu gün bəlkə də "Qalatasaray"la oyunu fikirləşirdilər. İnanıram ki, Füzuli Məmmədov komandasını toparlaya biləcək. Onu yaxşı tanıyıram.
- İlk iki rəsmi matçla müqayisədə bu gün tam fərqli "Sumqayıt" var idi. Bu dəyişikliyin səbəbi nədi?
- Üçhəftəlik toplanış keçdik. Bugünkü futbolçuların 60 faizi yox idi. Avropa Liqasında qarşılaşdığımız "Şkendiya" yaxşı komanda idi. Həmin oyunda da pis oynamadıq, sadəcə, qol çatmadı. Yeni futbolçular gətirən komanda səbirli olmalıdı. Yavaş-yavaş “artıracağıq”.
- Əli Qurbani bu gün özünü çox yerə atırdı, simulyasiya edirdi. Hətta səsi çox ucadan çıxırdı...
- Ona dəyən zərbələr kimə dəysəydi, daha çox səs çıxarardı. Sizin iradı nəzərə alıb, deyərik ki, yavaş səs çıxarsın.
- "Sumqayıt"dan milliyə başqa kimi namizəd sayardız?
- Məni üzən o oldu ki, millinin oyunçuları barədə çox müzakirə aparıldı. Ən çox da Elvin Bədəlovla bağlı. Suallar verilirdi ki, bunu haradan gətiriblər. Amma Elvin sübut etdi ki, futbol oynaya bilir. Bizim komandada sabit oynayan futbolçular var. Vüqar Mustafayevi qeyd edə bilərəm ki, orta sahədə ən yaxşılardandı. Həmçinin U-21-dəki Səbuhinin böyük potensialı var.
- Mətbuatda xəbərlərlər yayılır ki, sponsorlar "Sumqayıt"a lazımi büdcə ayırmırlar. Maliyyə problemi ilə üz-üzəsiz?
- Bizim öz büdcəmiz var. Klubun himayədarları qarşımıza da böyük məqsəd qoymayıb. Gənc yerliləri və kənardakı azərbaycanlıları komandaya yığırıq. İlk turdan sonra demişdim ki, səbirli olun. Düzdü, başqa komandalarla müqayisədə büdcəmiz az ola bilər. Amma bizə nə söz verilibsə, yerinə yetirilib.
- "Neftçi" ilə "Sumqayıt"ın büdcə və oyunçularını dəyişsək, fərq daha böyük olardı?
- Büdcə ilə nəticə olmur. Büdcən çoxdusa, o demək deyil ki, çempion olacaqsan.
Mətbuat konfransına üzgün gələn Füzuli Məmmədov məğlubiyyəti belə şərh etdi:
- Komandamız bu gün istədiyimiz səviyyədə oyun göstərmədi. Çox zəif, pis oynadıq. Heç belə oynamamışdıq. Rəqib bizdən daha istəkli idi. Tələb etdiyimiz istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb təhlil edəcəyik. Qarşıda Avroliqa matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdı.
- Futbolçularda sanki futbol oynamaq istəyi yox idi. Komandada hər şey qaydasındadı? Krivotsyukun psixoloji durumunda problem var?
- Xeyr, heç bir problemi yoxdu. Sadəcə, çox səhv edir. Komandada hər şey qaydasındadı. Futbolçular daha çox qaçmalıdılar. Daha çox əziyyət çəkən qalib gəlir. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq mümkün deyil.
- Qarşıdakı rəqib "Qalatasaray"dı. Sizi dəhşət bürümür?
- Xeyr, heç nə bürümür, futboldu. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə, müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb oldu. Heç bir vahimə yoxdu. "Qalatasaray"la oyunda da meydana qələbə üçün çıxacağıq.
- Laval və Talisson daha yaxşı anlaşırdılar, nəinki sağ cinahda yer alan Namiq Ələsgərovla Cabir Əmirli...
- Namiq bu gün istədiyimiz oyunu sərgiləmədi, bu üzdən fasilədən sonra əvəzlədim. Bizim əsas problemimiz Namiqdə yox, orta sahədədi.
- "Qalatasaray"la matç hansı səbəbdən BOS-a keçirildi?
- Bunun səbəbi həm burdakı ot örtüyünün istədiyimiz səviyyədə olmaması, həm də oradakı örtüyün daha yaxşı olmasıdı. Başqa bir neçə səbəb də var.
- Düşünmürsüz ki, bu gün taktiki planda daha çox geri qaldız?
- Xeyr, belə düşünmürəm. Futbolçular çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Amma komanda şəklində bunu edə bilmirdilər.
- İkinci qolu buraxandan sonra 3 hücumçu ilə oynadız. Amma Jozef-Monroz mərkəz hücumçularının arxasında oynayırdı. Bu sizin tapşırığınız idi?
- Bəli. Laval top itkisi zamanı yarımmüdafiəyə kömək edirdi.
- Hücumda böyük əzəmət ortaya qoya bilmədiz. Problem Mirabdulla Abbasovdadı?
- Əksinə, Mirabdulla əvvəlki matçlara nisbətən bu gün pis təsir bağışlamadı. Elə epizodlar oldu ki, hücuma şığıdı, amma ötürmə almadı. Bir epizodda zərbəni yaxşı vura bilmədi. Mirabdullanın əzmkarlığı məni sevindirdi. Onda əvvəl əzmkarlıq görmürdüm. Qarşıda da belə oynasa, əsas heyət oyunçusu ola bilər.
- Mboc əvəzlənərkən sizə etiraz etdi. Onu hansısa cərimə gözləyir?
- Mbocla indi paltardəyişmə otağında danışdıq, səhvini qəbul etdi. Heç bir oyunçu baş məşqçinin qərarına etiraz etməməlidi. Onu da başa düşürəm. Hesabda geridəydik, belədə futbolçu əsəbi olur. Hansısa cəriməyə ehtiyac yoxdu. Yəqin bir daha belə hal olmaz. Mboc üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Hətta meydana buraxmağa da ehtiyatlanırdım. Hazır olduğunu demişdi. 6-7 gün məşq etməmişdi, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın.
- "Sumqayıt" son vaxtlar "Neftçi" üçün "solaxay" rəqibdi. "Sumqayıt"ı uda bilməyən "Neftçi" "Qalatasaray"la matça hazır ola bilərmi?
- Hələ vaxtımız var. Bu oyuna qələbə üçün çıxacağıq.
- "Qalatasaray"a da uduzsaz, komandada qalacaqsız?
- Bu ilk məğlubiyyətimizdi. Bizim işimiz səhvlər üzərində işləməkdi. Hər şey rəhbərimizdən asılıdı. Rəhbərlik nə qərar versə, qəbul etməyə hazıram.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR