"Gözümüzün odunu alan Qriqorçuk bunun qarşılığında dondurma kimi əriyir, xanımına güldən ağır söz demirdi”İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol tək futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı “Qəbələ”nin sabiq baş məşqçisi, “qırmızı-qaralar”a tarixində ilk və hələ ki sonuncu titulu qazandıran, futbol oynadığı dönəmdə “ikinci Banişevski” adlandırılan Sənan Qurbanovdu.
“Səfiyarlı birdən hamının eşidəcəyi formada “obba” deyib...”Roman Qriqorçuk “Qəbələ”yə yeni baş məşqçi təyin olunan vaxtlar idi. Ukraynalı mütəxəssis gəldiyi ilk gündən nizam-intizama o qədər ciddi fikir verirdi ki, bunu ancaq həmin dönəmdə klubda olanlar bilər. İstər məşqlərdə, istərsə də başqa vaxt onun qəzəbinə tuş gəlməmək üçün hamı bir nəfər kimi müəyyən olunmuş qaydalara əməl etmək zorunda idi. Bir dəfə yeməkxanada oturub nahar edirdik. Futbolçular qruplarla bir tərəfdə, köməkçi məşqçilər və funksionerlər isə baş məşqçi ilə birgə ayrıca masa arxasında oturmuşdu. Zalda o qədər sakitlik idi ki, milçək uçsaydı, səsi eşidilərdi. Açığı, Roman İosifoviçdən çəkindiyimizdən heç kim asta səslə də olsa, yanındakına bir kəlmə belə deməyə özündə cürət tapmırdı. Bu anda Qriqorçukun xanımı yemək yediyimiz zala daxil oldu və heç kimin gözləmədiyi halda ona narazılığını bildirməyə başladı. Dəqiqələr ötdükcə xanımı daha da əsəbləşir və daha aqressiv formada həyat yoldaşına etirazını bildirirdi. Gözümüzün odunu alan Qriqorçuk bunun qarşılığında dondurma kimi əriyir, xanımına güldən ağır söz demirdi. Bu mənzərəni görən Səbuhi Səfiyarlı birdən hamının eşidəcəyi formada “obba” deyib, gördüklərindən məmnun halda stola yayıldı. Onun bu hərəkəti bizdə gülüş doğursa da, Roman İosifoviçin qorxusundan içimizdə güldük. Sonradan Səbuhi bizimlə söhbətdə xanımının Qriqorçuku “iynələnməsinin” ona çox ləzzət etdiyini, “obba” sözünü özündən asılı olmayaraq dilə gətirdiyini bildirdi.
“1:0 normal, 2:0 normal, 3:0 artıq, sizinki olmadı”U-18-in heyətində Şimali İrlandiyaya 0:3 hesabı ilə uduzmuşduq. Həmin vaxt komandaya Əsgər Abdullayev rəhbərlik edirdi. Əsgər müəllimin də bir xasiyyəti var idi ki, uduzduğumuz oyunlardan sonra yemək yemirdi. Biz futbolçular da ona görə yeməkdən imtina edirdik. “Şəfa”da baş məşqçimiz olduğundan xasiyyətinə bələd idik. Bilirdik ki, uduzduqdan sonra gedib yemək yesəydik, sabahkı iclasda burnumuzdan gətirəcəkdi. Bilirdik ki, “uduzandan sonra çörək sizin boğazınızdan neçə keçir, sizlərdə üz var, nə yaxşı iştahınız oldu çörək yeməyə” kimi sözlər deyib bizi pərt edəcək. Şimali İrlandiya ilə oyundan sonra Əsgər müəllim gözə dəymir. əsəbindən Allah bilir hara gedib. Onu da deyim ki, oyunlar Uelsdə keçirilirdi. Bütün komanda paltardəyişmə otağından çıxandan sonra yolun kənarındakı səkidə oturmuşuq. Allah haqqı, hamı da acından ölür. Sadəcə, baş məşqçinin tənəsinə tuş gəlməmək üçün yeməkxanaya getmirik. Elə bu dəm gördüm Şimali İralandiya Futbol Federasiyasının prezidenti və bizi məğlub edən komandanın baş məşqçisi bizə tərəf gəlir. Özlüyümdə fikirləşdim ki, bu qədər uşaq bunlara görə acından səkinin üstündə oturub, axşamı gözləyir ki, yatsın. Onlar bizə bir qədər də yaxınlaşanda özümü saxlaya bilmədim və ayağa durub federasiya prezidentinə yaxınlaşaraq sınıq-sökük ingilis dilində “1:0 normal, 2:0 normal, 3:0, artıq sizinki olmadı” deyib, onlara görə ac qaldığımızı söylədim. Federasiya prezidenti ilk dəfədən məni başa düşməsə də, sonradan anladı və gülməkdən uğunub getdi. Məni qucaqlayıb uşaqları da səsləyərək yeməkxanaya apardı ki, bizə də bu lazım idi. Sabah Əsgər müəllim nəsə deyəcəyi halda cavabımız hazır idi: “Biz getmirdik, Şimali İrlandiya Futbol Federasiyasının prezidenti zorla ora apardı”.
Planlaşdırılmayan xoş sürprizYəqin ki, “Qəbələ”də top qovmuş Stanku yadınızdadı. Deməli, Qəbələdə keçirilən hansısa çempionat oyunundan sonra idi. Bütün legionerlər Bakıya gəlməyə hazırlaşırdılar və hamı da bunun üçün “Maqa”ya müraciət edirdi. Məhəmməd də tanıdığı bütün taksi sürücülərini otelə çağırıb onları bir-bir paytaxta yola salırdı. Stankunun həyat yoldaşı da həmin vaxt Qəbələyə gəlmişdi. Rumın futbolçu da “Maqa”dan onları Bakıya aparmaq üçün taksi tapmasını istəyib. Məhəmmədin Stanku üçün danışdığı taksi, sən demə, həmin vaxt toyda imiş. Hər dəfə zəng vuranda “bu dəqiqə gəlirəm” desə də, ləngiyirdi. Stanku əsəbləşib, sonuncu dəfə “Maqa”dan taksinin harda qaldığını soruşdu. Həmin an mən də otelin qabağında dayanıb bu olayın necə sona çatacağını gözləyirəm. Xanımı Stankunun başını xarab edib, çemodanlar da artıq hazır vəziyyətdə otelin qarşısındadı. Elə bu vaxt bir də gördük ki, gəlin maşını kimi bəzədilmiş “Mersedes” otelin qarşısında dayandı və sürücü düşüb Bakıya getməyə hazır olduğunu bildirdi. Stankunun xanımı həmin an dönüb onu qucaqladı və ağlaya-ağlaya belə xoş sürprizə görə futbolçuya təşəkkür etməyə başladı. Stnkunun xanımı elə hönkür-hönkür ağlayırdı ki, kənardan baxan əzizinin öldüyünü düşünə bilərdi. Yazıq elə başa düşüb ki, əri onu bilərəkdən gözlədib və Bakıya getmək üçün gəlin maşını sifariş edib. Daha hardan bilsin ki, maşının bəzəyini sökmək sürücünün yadından çıxıb. Sonradan Stanku dedi ki, sona qədər xanımına bunun təsadüf olduğunu bildirməyib və o da həmişə hamının yanında ərinin ona belə xoş sürpriz hazırladığını danışıb.
“İkinci qolun müəllifinin Sənan Qurbanov olduğunu necə yazacaqdıq?”Roman Qriqorçukun baş məşqçi olduğu dönəm idi. Komanda Ərzurumda təlim-məşq toplanışındadı. Gündə iki dəfə çox ağır məşqlər keçirdik. Səhər hazırlığında iştirak edənlər axşam məşqinə qatılmırdılar. Bir dəfə elə alındı ki, axşam Türkiyə klublarından biri ilə yoxlama matçı keçirməliydik. Heyətdə də cəmi 11 nəfər var, qalanları səhər məşində çox yükləndiyindən baş məşqçi onlara istirahət verib. Rəşad Sadiqov oyundan öncə yüngül ağrılarının olduğunu bildirdi. Qriqorçuk da bunu nəzərə alaraq ehtiyac olduğu halda mənim onu əvəzləyə biləcəyimi söylədi. Oyun gedir. Mən də günorta naharda nəyi var yemişəm və Allaha yalvarıram ki, Rəşad sona qədər oynasın, mənə ehtiyac duyulmasın. Matçın sonuna təxminən 20 dəqiqə qalmış gördüm ki, Sadiqov əvəzlənməsini istəyir. Ürəyimi qara qanlar aldı. Baş məşqçinin tapşırığı ilə meydana çıxdım. Naharda “polnı” yeyən adam qarınla meydanda nə edə bilər? Oyunun sonlarına yaxın gördüm ki, futbolçularımızdan biri cinahla reyd edir. Düşündüm ki, matçdan sonra Romanın tənqidini eşitməmək üçün heç olmasa, hücuma qoşulum və özümü toparlayıb cərimə meydançasına tərəf götürüldüm. Tərslikdən ötürmə də mənə olundu. Birtəhər özümü ələ alıb qapıya zərbə endirdim, ancaq qapıçı topu çıxardı. Qarşılaşmadan sonra Zaur Əzizov “yaxşı ki, həmin top qapıya girmədi” dedi. Səbəbini soruşanda “saytda oyun barədə yazılır, ikinci qolun müəllifinin Sənan Qurbanov olduğunu necə yazacaqdıq” deyincə, hamı güldü. Onu da bildirim ki, mən əvəzetmədən meydana çıxanda Qriqorçukun xanımı “Eto je Sanan” deyib, həyat yoldaşının bu addımını başa düşmədiyini, bu qarınla mənə niyə zülm etdiyini söyləyibmiş.
Onsuz da əvəzlənirəm, bəlkə nəsə oldu“Dinamo”dan ayrılıb “Şəfa”ya keçdiyim ilk vaxtlar idi. Açığı, “Dinamo”dan yanıqlı idim. “Şəfa”nın bu komanda ilə oyunu ərəfəsində özümü həmin matça kökləyirdim. Sabiq komandamdan intiqam almaq həvəsi ilə alışıb-yanırdım. Elə oldu ki, “Dinamo” ilə oyundan bir gün öncə, cavanlıq idi deyə, rejimi gözləməmişdim və səhərə qədər dostlarla əylənmişdim. Baş məşqçinin köməkçisi olan Yaşar Vahabzadə oyun günü gözlərimdən yuxusuz olduğumu hiss etdi. “Oyuna hazırsan” sualının cavabında “heç bir problem yoxdu” dedim. Oyunun 20-ci dəqiqəsi gedir, meydanda tərpənməyə halım yoxdu. Gördüm Əsgər Abdullayev meydanın kənarında Murad Ağakişiyevə göstərişlərini verir. Bildim ki, Muradı mənim əvəzimə meydana buraxmağa hazırlaşır. Mərkəzdə dayanıb onlara baxıram. Geri boylananda Ayxan Abbasovun cinahla sürətlə irəlilədiyini gördüm. Anidən fikirləşdim ki, baş məşqçi ilə Murada baxınca elə cərimə meydançasına qaçım. Onsuz da əvəzlənirəm, bəlkə nəsə oldu. Bunu düşünüb yerimdən tərpəndim və Ayxan sanki bunu gözləyirmiş kimi ötürməni düz başıma etdi, mən də topu qapıya göndərdim. Görmüşük ki, qol vuran futbolçu komanda yoldaşları ilə sevincini bölüşər. Mən isə o saniyə texniki zonaya baxdım və gördüm ki, baş məşqçi Ağakişiyevi geri qaytardı. Həmin oyunun sonunda daha bir qol vurub dubl etdim.
RƏŞAD