Sizin reklam burada

Uğur deyil, təsəllidi

Baxış Sayı:151

GSP stadionunu tikintisində mütləq hansısa azərbaycanlının zəhməti olub. Ya da bizimkilərdən kimsə Cənubi Kiprin bir nömrəli arenasına cadu edib. 2012-ci ildə “Neftçi” məhz bu stadionda APOEL-i möhtəşəm oyunla məğlub edib (3:1), ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrupuna vəsiqə qazanan komanda olmuşdusa, ötən yay “Qarabağ” çoxlarının gözləmədiyi halda eyniadlı komandaya yerini göstərmişdi – 2:1. Bu dəfə yığma ilk hissədə sərgilədiyi müdhiş oyunla Cənubi Kipr yığmasına qalib gəldi.
Yığmanın uğurunu GSP-nin bizim üçün düşərli olması ilə əlaqələndirib, çəkilən zəhməti və qazanılan 3 xalı yerə vurmaq niyyətində deyiləm. Qətiyyən! Adamlar kişi kimi döyüşdülər, lazımi anlarda ağıllı davrandılar, qazancları da layiqli qələbə oldu. Belə bir qələbəyə sözün əsl mənasında ehtiyac(ımız) vardı. Nə qədər döyülmək, əzilmək, aşağılanmaq olar. Heç olmasa, Nikosiyadakı 90 dəqiqə ərzində izlədiklərimiz sentyabrın 5-dəki üzgünlüyü müəyyən mənada unutdurdu.
Tam yox, məhz müəyyən mənada. Çünki qarşıdakı oyunlarda məlum zəfərin davamının gələcəyinə inananların sayı yox dərəcəsindədi. Niyə? Ona görə ki, demək olar, hər seçmə mərhələdə belə uğurlarımız olub. İsveçrə yığması üzərində zəfər, Türkiyəylə oyunda qələbə, Şimali İrlandiya ilə matçdakı qalibiyyət, Rusiya və Xorvatiya ilə heç-heçələr... Gözəl səslənir, deyilmi? Təəssüf ki, bu nəticələrin heç biri eyni tsikldə əldə olunmayıb. Hər biri ayrı-ayrı mərhələləri və vaxtları əhatə edir. Belə deyim, 2 ildən bir hansısa yığmanın qanını qaraltmağı bacarırıq. Deyəsən, bu dəfə bəxtimizə Cənubi Kipr düşdü.
Səmimi deyirəm, türkün düşmənləri üzərindəki qələbə hər nə qədər şirin olsa da, millinin gələn ay Monteneqronu səfərdə, Cənubi Kipri isə Bakıda yenidən udacağına inamım böyük deyil. Rəqibin yığmamızı qiymətləndirməməsi, Lüksemburqun bizimkilər üzərindəki asan qələbəsi, heyətlərindəki önəmli oyunçuların yoxluğu kiprlilərin yenilgisinə birbaşa təsir etdi. Həm də biz onları 90 dəqiqə ərzində yox, sırf ilk yarıdakı üstünlütümüz sayəsində məğlub etdik. Qələbəni haqq edən komandanın futbolçuları bir hissə üstün oynayıb, ikinci yarıda “boşalmalı”, yorulmalı deyil. Qələbəni istəyən komandanın futbolçuları fasilədən sonra “oturmamalıdı”. Qələbəni istəyən komandanın futbolçuları ikinci yarıda üstünlüyü rəqibə verməməlidi, ilk hissədəkinin davamını gətirməlidi.
Di gəl ki, biz bunları əvvəldən sona qədər edə bilmirik. Bacarmırıq, gücümüz və bacarığımız çatmır. Çünki bu futbolçular uşaq olanda hansısa boşluqlara yol verilib, onların fiziki və psixoloji hazırlığı üzərində işləyən olmayıb. Bunu hamı bilir və deyir, Azərbaycan futbolunun strukturu əvvəldən düzgün qurulmayıb. Ona görə də uşaq futbolundan əsas milliyə qədər problemlər xirtdəyə qədərdi. Qələbələrin sıralanması üçün isə sistemli iş, peşəkarlıq lazımdı. O da hələ ki bizdə yoxdu. Bəlkə də nə vaxtsa olacaq, sadəcə, bu gün yoxdu. Bu gün olan tapşırıqla futbolçu götürməkdi, pulları əcnəbilərə yedizdirməkdi, hə, bir də məğlubiyyət zamanı gizlənib, qələbədən sonra üzə çıxmaqdı. Ona görə də Cənubi Kiprlə oyundakı qələbə adamın ürəyinə yağ kimi yayılmır.
İndi Rövnəq Abdullayev də məmnundu, Elxan Məmmədov da, Canni De Byazini gətirənlər də, hətta italyanın özü də. Adamlar sentyabrın 8-dən 9-na keçən gecəni yatmadıqları kimi, daha bir-iki gecə də gözlərinə yuxu getməyəcək. Zarafat deyil, 2 ildən sonra səfərdə növbəti qələbə qazanılıb. Həm də ötən Millətlər Liqasında Norveçi udan, Sloveniya ilə bərabərə qalan Cənubi Kiprlə oyunda. Adamlar xeyli vaxt bu qələbənin eyforiyasından çıxa bilməyəcəklər. Ta Monteneqro ilə səfər, Cənubi Kiprlə ev matçlarına qədər.
Şəxsən mən qələbənin bu dərəcədə şişirdilməsini qəbul etmirəm. Mənə görə qazanılmalı olan 3 xal idi, alıb gətirdilər. Xərclənən milyonların və əsəblərin qarşılığında Cənubi Kipri udmaq heç nədi, bəlkə də təsadüfdü. Bilirsiz, uğur nə vaxt şirin olacaq? Monteneqro ilə səfərdə də belə oynayanda. Kiprliləri Bakıda növbəti dəfə udanda. Lüksemburqla səfərdəki qarşılaşmada Bakıdakı yenilginin əvəzini artıqlamasıyla çıxanda. Bax, onda AFFA rəhbərliyinə baş məşqçi seçimində doğru addım atdığına görə təşəkkür edib, futbolçuları əllərimizdə gəzdirəcəyik. İndi təsəlli tapırıq, sevinmək onda olacaq. Olacaqsa...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR