Sizin reklam burada

UEFA-dan qərəzli qərar: “Qarabağ” Larnakada oynayacaq!

Baxış Sayı:130


Norveç hökuməti Çempionlar Liqasında təmsilçisi olan "Molde"nin 3-cü təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı oyun üçün istisna xahişini cavabsız qoyub. Bunu ölkənin mədəniyyət naziri Abid Raca yerli mətbuata açıqlamasında bəyan edib. O, “Molde”nin ölkəmizə səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib. Yəni görüş ölkəmizdə baş tutarsa, Norveç çempionu vətəninə döndükdən sonra koronavirus pandemiyasına görə 10 günlük karantinə alınmalıdı: “Təəssüf ki, “Molde”nin “Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də Norveç Futbol Federasiyasını və klubu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni proqramlarını buna uyğun qurmalıdılar. Bu isə o deməkdi ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə “Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdı”.
Norveçlilərin ölkə rəhbərliyi səviyyəsində davam edən cığallığına Norveç Futbol Federasiyasının Yarışlar üzrə direktoru Nils Fisketyönn də qoşulub. Qurum rəsmisi bir qədər irəli gedərək neytral meydanın seçilməsi üçün ölkələrin adlarını da açıqlayıb: “UEFA-nın qaydalarına riayət etmək lazımdısa, o zaman oyun neytral meydanda keçirilməlidi. Matçın neytral meydana salınması ən doğru variantdı. Görüş neytral meydana salınsa, ilk mərhələdə bu ölkələrdən birinə baxılacaq: Polşa, Kipr, Macarıstan, Yunanıstan. Ev sahibi “Qarabağ” olduğundan, seçim imkanı onlarda olacaq”.
“Molde”nin direktoru Ole Erik Stavrum da oyunun neytral meydanda keçirilməsi üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışdıqlarını deyib: “İlkin püşkatmaya əsasən oyun Azərbaycanda keçirilməlidi. Qərara hörmət edirik. Amma bu bizi qane etmir. Federasiya ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq. Xəritəyə baxsaq, elə də çox variant qalmayıb. Yaşıl rəngdə olan ölkələrin sayı azdı. Yəqin ki, alternativ variantlar Macarıstan və Sloveniyadı”.
Qarşı tərəfdən verilən açıqlamaların cavabı kimi “Qarabağ”dan da kiminsə danışmasına ehtiyat vardı. Odu ki, vitse-prezident Tahir Gözəl klub saytına danışaraq məsələyə reaksiya verib: “Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdü. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sona qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydanda keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən boyun qaçıraraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqda qərar verilsə, razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olur-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".
Norveç tərəfinin, elə Tahir Gözəlin də səsləndirdiyi fikirlərdən sonra oyunun neytral meydanda baş tutacağına dair şübhə yeri qalmamışdı. Yekunda belə də oldu. Dünən oyunun Cənubi Kiprin Larnaka şəhərində yerləşən “AEK Arena”da keçiriləcəyi açıqlandı. Hər halda, UEFA-nın saytında oyunun keçirilmə yeri kimi bu stadion göstərilib. Sentyabrın 16-sı, Bakı vaxtı ilə saat 21.00-da start götürəcək oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək ki, meydanda başverənlərə Srcan Yovanoviç nəzarət edəcək. Laysmanlar Uroş Stoykoviçlə Milan Mihayloviç olacaqsa, Novak Simoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Beləliklə, püşk atılan gündən, yəni avqustun 31-dən davam edən qeyri-müəyyənliyə, nəhayət, son qoyuldu. Nə qədər acı mənzərə olsa da, “Qarabağ”ın haqq səsi eşidilmədi. Qitə futbol qurumu ikili standartlaya söykənməklə əslində norveçlilərin maraqlarına uyğun qərar verdi. Çox ümid edirik ki, Azərbaycan çempionu centlmenlikdən uzaq norveçlilərin və qərəzli qərar çıxaran UEFA-nın cavabını yaşıl meydanda necə lazımdısa, elə də verəcək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR