Sizin reklam burada

Yığma üzvlərinin qiymətləndirməsi

Baxış Sayı:130


(10 ballıq şkala ilə)
Emil Balayev – 6,5
Lüksemburqla oyunda yığmanı bir neçə qoldan xilas edən qapıçı bu dəfə də ən yaxşılardan idi. Düzdü, “çərçivə”dəki işi elə də çox olmadı. Lakin hesab açılana qədər müdafiəçilərimizin kobud səhvini “sığortalaması” və çıxışlarda topa yiyələnməsi xoş görüntü idi. Qapıda əmin olduğun biri dayananda, müdafiəçilərin də işi asanlaşır.
Abbas Hüseynov – 6,5
“Qarabağ”ın müdafiəçisi sanki yığma formasını geyəcəyi günü səbirsizliklə gözləyirmiş. Özünə o qədər də doğma olmayan sol cinah müdafiəçisi mövqeyində oynayan Abbas ilk dəqiqələrdən yetərincə inamlı təsir bağışlayırdı. Tez-tez hücumlara qoşulurdu ki, elə vurduğumuz yeganə qol da onun Rəhimə ötürməsindən sonra başladı. Rəqibin ikinci hissədəki hücumları əsasən əks cinahdan qurması da Abbasovun cinahında keçilməz görünməsinə görə idi.
Anton Krivotsyuk – 5,5
“Neftçi”nin əsas heyət üzvü yığmada heç özünə yer tapa bilmir. De Byazi ardıcıl ikinci qarşılaşmada əslən ukraynalı müdafiəçiyə güvənsə də, adam nə etdiyini, nə etmək istədiyini müəyyənləşdirməkdə çətinlik çəkir. 13-cü dəqiqədə Ramili qapıçı ilə təkbətək çıxarması hər nə qədər xoş görüntü kimi yadda qalsa da, 37-ci dəqiqədə rəqib futbolçunun Balayevin qoruduğu qapının dirəyini nişan alması Krivotsyukun səhvinin nəticəsiydi. Özünün “sarı” aldığı epizodda isə uşaq səhvi ilə yadda qalmışdı. Yaxşı ki, qayda pozuntusu hesabına nöqsanını ört-basdır etdi.
Bədavi Hüseynov – 6,0
Beynəlxalq arenalardakı təcrübəsi bu cür oyunlarda əsas köməyidi. Meydanda olduqca rahat görünən, ikili mübarizələrdən çəkinməyən mərkəz müdafiəçisi bu dəfə də xoş təsir bağışladı. Düzdü, ara-sıra rəqibin sürətli və ara ötürmələri ünvana çatırdı ki, bunda Bədavi ilə Bəhlulun səhvləri yox deyildi. Lakin ümumilikdə 90 dəqiqə boyunca ciddi səhvi olmadı. Hələ bəzi epizodlarda boyunun ucalığı sayəsində hava toplarını cərimə meydançasından uzaqlaşdırdı.
Bəhlul Mustafazadə - 6,0
Bəxti onda gətirib ki, yanında Bədavi kimi təcrübəli futbolçu var. Topla rəftarı ürəkaçan olmasa da, mübarizliyi və hava toplarındakı inamlı çıxışı üstün keyfiyyətlərdi. Elə bu xüsusiyyətləri hesabına da nəsə etməyə çalışır. Açığı, Bəhlulun da kobud səhvi nəzərə çarpmadı. Müəyyən nöqsanları diqqəti çəkdi, o da hamıda olur.
Maksim Medvedev – 7,0
Meydanda olanlar arasında ən diqqətçəkəni və fəalı idi. Yaxşı mənada fərqlənməsi təkcə yeganə qolun müəllifi olduğuna görə deyil. İlk dəqiqələrdən Maksimə sanki mühərrik qoşmuşdular. Cinahında “at oynadan” kapitan hücumlara qoşulur, qapı qarşısına asmalar edir, komanda yoldaşlarını zərbə mövqeyinə çıxarırdı. Fəallığı yarım saatın tamamında qol gətirdi. Qolla nəticələnən zərbədən bir saniyə əvvəl rəqibi çaşdırmaq üçün topu bir metr önünə atması ustalıq göstəricisiydi. 69-cu dəqiqədə əla müdaxilə ilə rəqibin əlverişli imkanının qarşısını alması isə yağın üstünə yaxılan cem idi. Medvedev budəfəki oyunu ilə Lüksemburqla görüşdən sonrakı məlum “diş ağartmaq”günahını yudu.
Qara Qarayev – 6,5
Meydanda ən çox iş görən, lakin çox vaxt kölgədə qalan Qara yenə öz ampluasında idi. Millinin təşəbbüsü ilk dəqiqələrdən ələ almasının səbəbi orta sahənin ələ keçirilməsinə görəydi ki, bu mənada dayanmadan pressinq edən Qarayevin xeyli güc itirdiyini deməliyik. “Dağıtmaqla” yanaşı, qurmağı da bacaran “2 nömrə” imkan düşdükcə hücumlara qoşulurdu. 17-ci dəqiqədə rəqib qapıçının dəf etdiyi zərbəsi tora qovuşsaydı, günün ən yaxşı qollarından sayılacaqdı.
Elvin Camalov – 6,0
Nikola Yurçeviçin əsas heyətdə şans verdiyi futbolçunu artıq De Byazi də “11-liy”in üzvü gözündə görür. Qarayla müqayisədə təcrübəsiz görünsə də, meydanda çox iş gördü. Bu dəfə də döyüşkənliyi ilə diqqətləri üzərinə çəkdi. Qayda pozmağa meyilli olmasını və bəzən mövqeyini itirməsini, yəqin ki, italyan müətəxəssis diqqətinə çatdırır.
Rəhim Sadıxov – 6,5
Meydanda ən yaxşılardan biri idi. Son vaxtlar yığma formasında hansısa futbolçunun debütdə belə oyunla yadda qaldığını xatırlamaq olduqca çətindi. Bəlkə də olub, amma yada düşmür. “Sumqayıt”ın futbolçusu həm taktiki-texniki bacarığı ilə seçilir, həm də fiziki hazırlığına görə fərqlənirdi. Meydanda rahat hərəkət etməsi, topu özündə saxlaması, komanda yoldaşlarını ötürmələrlə “qidalandırması” xeyrinə işləyən amillərdən idi. Vurulan qol zamanı topun məhz onun tərəfindən cərimə meydançasına ötürülməsi də danılmaz faktdi. Canni De Byazinin ölkəmizə gəldiyi gündən bəlkə də ən doğru qərarı idi.
Təmkin Xəlilzadə - 6,0
Lüksemburqa məğlubiyyətdən dərs çıxaranlardan biri də Təmkin idi. Bu dəfə gözlərindən alov çıxır, əlini tez-tez saçlarına aparmaq əvəzinə futbol oynayırdı. Cinahları tez-tez dəyişir, topu özündə saxlayır, bir sözlə, özünü rahat hiss edirdi. 14-cü dəqiqədə qapı istiqamətinə zərbəsi və ilk hissənin sonlarında rəqibə sarı vərəqə qazandırması yaddaqalan oldu. Yorulmasaydı, fasilədən sonra daha çox fayda verə bilərdi.
Ramil Şeydayev – 5,5
Sözsüz, Antonla eyni qiymətə layiq görülməyi haqq etmir. Amma hər ikisinin etdiklərinə nəzər salanda, qiymətləndirmədə belə davranmalı olursan. Antonun işi müdafiədə sayıq oynayıb, rəqibə qol imkanı yaxalamaq şansı verməmək idisə, Ramilin üzərinə düşən vəzifə rəqib müdafiəsini təzyiq altında saxlamaq və ələ düşən imkanlardan lazımınca yararlanmaq idi. Təzyiq etmək baxımından hardasa bacardı. Qaçırdı, mübarizə aparırdı, nəsə etməyə çalışırdı. Amma 13-cü və 45-ci dəqiqələrdə qaçırdığı iki real qol şansı Şeydayev soyadına yaraşmadı. Üstəlik, ikinci yarıda ona doğru ünvanlanan topların dalınca qaçmırdı. Sanki topun boş mövqeyə yox, ayağına verilməsini gözləyirdi.
Coşqun Diniyev – 5,0
Xüsusi mənada nə iləsə yadda qalmadı. Meydana sonradan çıxdığından daha çox fəallıq göstərəcəyinə ümid etsək də, varlığı ilə yoxluğu bilinmirdi. Belə deyək, oyunu gücləndirmək üçün mübarizəyə qoşulan futbolçu statusunu doğrultmadı. Nə ənənəvi uzaqdan zərbələrinə rast gəldik, nə də özünəməxsus keçidlərinə.
Araz Abdullayev – 5,0
De Byazinin bu adamda nə gördüyünü deyə bilmərik. Deyə biləcəyimiz odu ki, italyan çalışdırıcının ardıcıl ikinci dəfə əvəzetmədən oyuna qoşduğu Araz sıradan futbolçu təsiri bağışladı. Yəni başqalarının etdiyini və edə biləcəyini etdi. Qaçdı, bir-iki dəfə məntiqi nəticəsi olmayan driblinq etmək istədi, hə, bir də son saniyələrdə qapı qarşısında boş dayanan Namiqə ötürmə verdi. Əvvəlki Arazın izi-tozu da yox idi.
Namiq Ələsgərov – qiymətsiz
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR