Sizin reklam burada

Ada mətbuatı millimizi tərifləyir

Baxış Sayı:143

Ada mətbuatı millimizi tərifləyir

“Kipr - Azərbaycan 0:1 – bu günü də gördük!”
Lüksemburqa məğlubiyyətin ardından millinin Cənubi Kiprdən qələbəylə dönəcəyini tək-tük adam güman edərdi. Lakin sentyabrın 8-i axşam, xüsusən də ilk 45 dəqiqədə meydanda bir komanda var idı – Azərbaycan millisi. Maksim Medvedevin hissənin ortalarında vurduğu yeganə qol yığmaya hava-su kimi lazım olan qələbəni qazandırdı.
İndi biz məmnun görünürük. Əvəzində yunan həmkarlarımız təəssüflənir. Sanki onlar da bu yenilgini gözləmirmiş kimi, yığmalarını “baltalayır”, məğlubiyyətə görə bizimkiləri tərifləyirlər.
Kathimerini.com.cy: “Kipr - Azərbaycan 0:1 – bu günü də gördük! Tarixin bəlkə də ən uğursuz yığması Monteneqronun ardından bu dəfə GSP stadionunda qrupun reytinqinə görə ən zəifinə uduzdu. Heyətdəki itkilərə rəğmən, millinin bu cür təsir bağışlaması qəbulolunmazdı. Rəqib artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alıb, qələbə istəyini gizlətmirdi. Balayevin dayandığı nəqtədən Kiriakidisin dayandığı yerə qədər üstünlük Azərbaycanın tərəfindəydi. Xüsusən yarımmüdafiədə olduqca inamlı görünürdülər. Qərbdən gələnlər qol vurmaq üçün hər vasitədən yararlanırdılar. Gah cinah keçidləri edir, gah qapı qarşısına asmalar, gah da uzaqdan zərbələr. Qarışıq vəziyyətin birində kapitanları güclü zərbə ilə Kiriakidisə şans yeri qoymadı. Birinci hissədə qapıçımız “atəş səsləri” eşitməkdən boğaza yığılmışdı. Qonaqların həmlələri saysız idi, yaxşı ki, oyun 0:1 qurtardı.
İkinci yarı tam dəyişdi. Azərbaycanlı futbolçuların aqressivliyi azalmış, oyunun tempi aşağı düşmüşdü, qol vəziyyətləri yox dərəcəsində idi. Amma tablodakı rəqəmlər heç cür dəyişmirdi. Belə yerdə çoxlarının ürəyindən “hardasan, Efrem, hardasan İoannu” sözlərinin keçdiyinə əminəm. Çətin anlarda meydanda lider çatışmazlığı hiss olunurdu.Yohan Valemin əvəzetmələrinin oyuna müsbət təsir göstərməsinə baxmayaraq, azərbaycanlılar müdafiədəki sayıqlığı əldən vermirdi. 2 oyun, 2 məğlubiyyət, buraxılan topların sayı 3, vurulan top sayı 0. Kim cavab verəcək?”
Sigmalive.com: “Kiprli futbolsevərlər Monteneqroya məğlubiyyətin ardından Azərbaycanla oyunda daha bir şok yaşadı. İlk hissədə tam üstün oynayan rəqib 29-cu dəqiqədə Maksim Medvedevin vurduğu qolla sonda 1:0 hesablı qələbəyə sevindi. Bizimkilər isə yarımçıq qol fürsətlərini dəyərləndirməkdə aciz oldular. İndi 2 oyundan sonra Kipr yığması qrup sonuncusudu.
Valem ilk məğlubiyyətdən sonra baş tutan mətbuat konfransında Millətlər Liqasındakı mübarizənin yeni başladığını, yenilgini unutdurmaq üçün kifayət qədər vaxtlarının olduğunu demişdi. Yəqin Monteneqro yenilgisini unutdurmaq üçün Azərbaycana məğlubiyyəti nəzərdə tuturmuş. Bəli, önəmli itkilər var idi. Amma söhbət millidən gedirsə, komanda 2-3 oyunçudan asılı olmamalıdı. İoannu yoxdu, Sielis var, Efrem yoxdu, Sotiriu var. Sadəcə, oyun planında ciddi dəyişikliklərə ehtiyac vardı. Çünki Azərbaycan yığması ilk hissədə orta sahəni ələ keçirmişdi. Qolu da üstün oyunun sayəsində vurdular, təsadüf deyildi. Oktyabrda Lüksemburqla ev oyunu və Azərbaycanla səfər matçı var”.
Balla.com.cy: “Kipr öz meydanında Azərbaycana məğlub oldu – 0:1. Üç gün əvvəl Monteneqroya yenilgi, indi isə Azərbaycana. Bu gedişlə 2018-ci ildəki Millətlər Liqasına şükür edəcəyik. O vaxtkı rəqiblər indikilərdən çox-çox güclü idi: Norveç, Bolqarıstan və Sloveniya. Kipr Norveçi udub, Bolqarıstan və Sloveniya ilə bərabərə qalmaqla qrupu 5 xalla 3-cü pillədə tamamlamışdı. Deyəsən, bu dəfə sonunculuqdan qurtulmaq olmayacaq.
Azərbaycan ilk dəqiqələrdən özünü ev sahibi kimi aparırdı. Rəqibin təzyiqinə hazır olmayan Valemin yetirmələri özlərini itirdi və qapısında yersiz qol gördü. Buraxılan topdan sonra isə çaş-baş qaldılar. Rəqib oyunu ilə qələbəni bayram etməyə hazırlaşdığı anda kiprli futbolçuların gözlərində müəmmalı baxışlar vardı. Sanki hara düşdüklərinin, nə etdiklərinin şokundaydılar. Startda ardıcıl 2 məğlubiyyətin sonu yaxşı görünmür. Oktyabrın 10-da Lüksemburqu uda bilməsələr, sonrakı matçlara çıxmağın mənası qalmayacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR