Sizin reklam burada

Araz Abdullayevə gecikmiş etimad

Baxış Sayı:156

Qəribə futbolumuz var, başverənlərdən heç fələk də baş çıxarmaz. Sizin də yadınızda olar, Araz Abdullayevin sorağıyla “Everton”un rəsmi şəxsləri Bakıya gəlmişdilər. Gənc futbolçunun U-21 millimizin heyətində Şotlandiyaya qarşı sərgilədiyi oyunu bəyənmişdilər, Abdullayevi “Everton”a aparırdılar. Rəsmi təklif gəldi, daha sonra Bakıda “Neftçi” və “Everton” rəsmilərinin iştirakıyla tədbir düzənləndi. Tərəflər “3+2” il sistemiylə müqavilə imzalandığını, tezliklə Arazın Liverpula yollanacağını mətbuat qarşısında rəsmən bəyan etdilər. “Neftçi” bu keçiddən pul qazanmır, yetirməsini İngilətərə klubuna heç bir maddi qazanc güdmədən buraxırdı. Yetər ki, tarixi ilk gerçəkləşsin, azərbaycanlı futbolçu İngiltərə premyer-liqasında çıxış etsin. Arazın İngiltərədə oynaması üçün işçi vizası tələb olunurdu. Bu vizanı almağı da “Everton” tərəfi öz boynuna götürmüşdü. Bizdən yeganə istəkləri Arazın milli komandada lazımi sayda oyun keçirməsiydi. Yalnız bundan sonra gənc futbolçumuzun qarşısında “yaşıl işıq yandırılacaqdı”.
Təsəvvür edirsiz, bu nə demək idi? Biz indi futbolçularımızı nəinki İngiltərəyə, heç Rusiya ilə Türkiyənin aşağı divizionlarına göndərə bilmirik. Nə Qazaxıstandan maraq var, nə də Özbəkistandan. Amma həmin vaxt Araz Abdullayevə İngiltərədən “elçi düşmüşdü”, özü də elita təmsilçisi, adlı-sanlı “Everton”dan. Gecə-gündüz dua edirdik, gənc futbolçumuzu premyer-liqada görməyin xəyallarını qurub, gün sayırdıq. İngilislərin qoyduğu şərtin həyata keçirilməsi isə daha çox AFFA-dan asılı idi. Yetərdi ki, Berti Foqts Arazı milliyə dəvət etsin, hər oyunun sonunda belə olsa, meydana buraxsın. Almaniyalı çalışdırıcı iki ayağını bir başmağa dirədi, gah Araz milliyə dəvət almadı, gah da sona qədər ehtiyat oyunçular skamyasında oturdu. AFFA da yaxasını bir kənara çəkdi, “biz baş məşqçinin işinə qarışa bilmərik” dedilər. Beləcə “acı bağırsaq” kimi uzanan problem “Everton” rəhbərliyinin azərbaycanlı futbolçunun transferindən vaz keçməsiylə nəticələndi. Hamı sakitləşdi, Foqts da ölkəsinə getdi. Onun həmin vaxt yığmaya çağırdığı “milliləşdirilən” futbolçuların çoxu sonradan Azərbaycandan üz çevirdi. Nələrinə lazımdı Azərbaycan, AFFA-nın verdiyi pasport?
Bizə qalan Araz Abdullayev olacaqdı. Elə o da qaldı. Amma “Everton”da oynamış azərbaycanlı futbolçu kimi yox, elə gününü burda keçirənlərdən biri kimi. İndi də klubsuz qalıb, heç kim onu heyətdə görmək istəmir. Amma nə sirri-xudadısa, Berti Foqtsun bəyənmədiyi, milliyə çağırmadığı Araza Canni De Byazi bir məşqçi kimi vurulub, klubsuz futbolçuya dəvət göndərib. Hələ dəvət göndərməklə kifayətlənməyib, həm Lüksemburqla, həm də Kiprlə qarşılaşmada italyan mütəxəssis Araza ehtiyac duyub, oyunun gedişində onu meydana buraxıb. Məşədi İbad demişkən, “Tarixi-Nadir” kitabını yarıyacan yox e, tam oxusan da, bu işdən bir şey anlamaq mümkün deyil. Ya Foqtsla De Byazinin futbola baxışları əks qütblərdə dayanır, ya da ötən müddət ərzində Araz Abdullayev öz üzərində çalışaraq fantastik dərəcədə “artırıb”. O qədər artırıb ki, indi klubsuz qalması belə önündə əngəl deyil, De Byazi onun istedadını videoyazılardan hiss edib və köməyinə bel bağlamağa qərar verib.
“Everton” ilə müqaviləm var. İşçi vizasının olmaması səbəbindən İngiltərədə oynaya bilmirəm. Bu vizanı almaq üçün millinin heyətində oyunlara çıxmalıyam. Həm də bütün futbolçular kimi mənim üçün də yığmada oynamaq şərəfdi. Dəvət olunan kimi can-başla oynamağa hazıram. Özümü buna tam hazır sayıram” – bu sözləri Araz 2012-ci ilin aprelində verdiyi müsahibədə demişdi. Həmin vaxt futbolçu müqavilə ilə “Everton”a məxsus olsa da, icarə əsasında Yunanıstan “Panionios”unun formasını geyirdi. Zənnim məni aldatmırsa, Arazın Yunanıstandakı işləri heç də pis getmirdi. Meydana çıxır, məhsuldar ötürmə verir, komanda yoldaşları arasında itib-batmırdı. Bu həm də o demək idi ki, “Everton” Arazdan tam imtina etməyib, onun Azərbaycan millisinə dəvət alıb “planı doldurmasını” gözləyir. Futbolçu da dil açıb, Berti Foqtsdan, daha doğrusu, AFFA-dan dəvət gözlədiyini deyirdi. Çünki alman çalışdırıcının Araza dəvət göndərməməsinin əsl səbəbi AFFA ilə “Neftçi” arasındakı “soyuq müharibə” idi. Sadıq Saqıqovun “Neftçi”də qazandığı uğurlar AFFA-da oturan müəyyən qrupun xoşuna gəlmir, hər imkanda “ağ-qaralar”a badalaq vurmağa çalışırdılar. Arazın üzünə millinin qapılarının bağlanması da həmin o badalaqlar zəncirinin növbəti halqası idi.
Beləcə Azərbaycan futbolunun gələcəyi, istedadlı bir futbolçun İngiltərədə bizi təmsil etməsi üçün ələ düşən şans qrup maraqlarına, intiriqalara qurban verildi. Araz milliyə dəvət almadı, ingilislər də gözləməkdən gözlərinin kökünü saraltdıqdan sonra bu sevdadan vaz keçdilər. İndi De Byazinin klubsuz qalan Araza dəvət yollaması, əlini çiyninə vurub, onu “döyüşə atması” adama qeyri-səmimi gəlir. Elə AFFA-nın Azərbaycan futbolunun inkişafı üçün çalışması da...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR