Sizin reklam burada

De Byazini və yetirmələrini təriflədilər

Baxış Sayı:155


Əsgər Abdullayev: “Görünür, məşqçi düzgün nəticə çıxarıb və futbolçular da tapşırığı düzgün həyata keçirib”
Yığmamız Millətlər Liqasının 2-ci turu çərçivəsində səfərdə Cənubi Kiprə minimal hesabla qalib gəldi. Bu qarşılaşmadan cəmi üç gün əvvəl Bakıda Lüksemburqa biabırçı oyunla 1:2 uduzan milli bu dəfə azarkeşlərin üzünü güldürməyi bacardı. Həm də daha məzmunlu və baxımlı oyunla. Millinin oyunu və nəticə azarkeşləri, futbol ictimaiyyətini razı saldı. Bəs mütəxəssislər nə düşünür? BOS-da məğlub olan komandanın oyununda nələr dəyişmişdi?
Elşad Əhmədov: “Səfər görüşü haqda danışılası çox şey var. Futbolçular ilk hissədə çox yaxşı oyun göstərdilər. Millidən həmişə belə oyun gözləyirik. Həm istəkliydilər, həm də komandada məşqçi işi görünürdü. Futbolçulara, məşqçiyə “sağ ol” düşür. İkinci hissədə komandada yorğunluq hiss edilirdi. Üç gün əvvəl oyun keçirmişdilər, ola bilər yorğunluq bununla bağlı idi. Birinci hissədəki kimi maraqlı oyun göstərə bilmədilər. Düzdü, bir neçə vəziyyət yaratdılar. Belə davam etsələr, çox yaxşı olacaq. Yəqin ki, futbolçular Lüksemburq millisiylə oyundan, nəticədən dərs çıxarıblar. Ola bilsin, məşqçi işi bu qələbədə böyük rol oynadı. Hər iki hal bizim xeyrimizədi. Az müddət ərzində hazırlaşa biliblərsə, məşqçi iş görməyi bacarıbsa, bu çox vacibdi. Səbəb nə olur-olsun, həm oyun, həm də hesab alqışalayiqdi”.
Zaur Həşimov: “İlk növbədə qələbə münasibətilə bütün futbol ictimaiyyətini təbrik edirəm. Futbolçuların oyuna köklənməsi ilk dəqiqələrdən özünü göstərdi. Lüksemburqla görüşdən fərqli baş məşqçi start heyətində kiçik dəyişiklik etmişdi, Rəhim Sadıxov meydanda idi. Demək olar ki, ilk hissə tam üstünlüyümüzlə keçdi. Məğlub tərəf hücuma atıldı, buna baxmayaraq, yenə də bir neçə qol epizodumuz oldu, fərqi artıra bilərdik. Bunların hamısının fonunda, demək olar ki, rəqibə zərbə vurmaq imkanı vermədik. Qapıya yaxınlaşmalar olurdu, amma məncə, yüzfaizlik qol imkanı olmadı. Ümumilikdə pandemiyadan, uzun müddətdən sonra bu qələbəyə ehtiyac var idi. Səhv etmirəmsə, 10 oyundan çox idi ki, rəsmi matçlarda qələbə qazanmırdıq. Bu qələbə hamımıza lazım idi. Qələbədə əsas nüans o oldu ki, komanda Bakıdakı məğlubiyyətdən sonra toparlanmağı bacardı. Bunda məşqçinin də əməyi var. Həm də Lüksemburqla oyun onun üçün ilk sınaq, təcrübə idi. Bəlkə də futbolçuları yaxından tanımadığına görə əvəzetmələrdə səhvə yol verdi. Amma əsas o idi ki, bu 3 gün ərzində futbolçuları psixoloji sarsıntıdan çıxartdı və oyuna yaxşı kökləməyi bacardı”.
Əsgər Abdullayev: “Kiprlə oyunda iki fərqli hissə izlədik. Birinci hissədə komanda daha yaxşı oynadı, bir neçə qol imkanını qaçırdılar, amma sonra Maksim böyük ustalıqla qol vurub, hesabı açdı. Birinci hissədə daha çox qol vura bilərdik. Fasilədən sonra isə komandada yorğunluq hiss edilirdi ki, bu da gözlənilən idi. Həm 3 gün əvvəl oyunun keçirilməsi, həm də pandemiya ilə bağlı futbolçuların istənilən səviyyədə olmaması buna səbəb oldu. Komandanın gələcəkdə daha yaxşı oynayacağına ümid edirik və bunu arzulayırıq. Məşqçinin tapşırıqlarını yerinə yetirən futbolçulardı. Görünür, məşqçi düzgün nəticə çıxarıb və futbolçular da tapşırığı düzgün həyata keçirib. Baş məşqçinin bu qələbədə böyük əməyi var”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR