Tahir Süleymanov: “Hakimlər briqadası görüşü ideala yaxın idarə etdi”Yığmamız Millətlər Liqasında ilk qələbəsini Nikosiyanın GPS stadionunda qazandı. Cənubi Kipr üzərində zəfər müəyyən qədər Lüksemburqa biabırçı məğlubiyyəti unutdurdu. Bu qarşılaşmada da idarəçiliklə bağlı bəzi məqamlar diqqəti çəkdi. Qeyd edək ki, UEFA oyuna Slovakiyadan olan hakimlər briqadasını ezam etmişdi. Matçda əsas söz sahibi Filip Qlova idisə, ona Peter Bednar və Frantişek Ferenç kömək edirdi. Oyunun 4-cü hakimi isə Boris Marhefka idi. Slovakiyalı hakimlərinin işini sabiq FIFA referisi Tahir Süleymanovun dəyərləndirməsini istədik: “İlk saniyələrdən meydanda olan üç tərəfdən ikisi oyuna çox inamlı başladı. Biri Azərbaycan millisi, digəri isə hakimlər briqadası idi. Komandalar kobudluğa üstünlük vermirdilər, ikili mübarizələr çoxluq təşkil etmirdi, olanda da futbolçular həddi aşmırdılar. Ona görə də 45 dəqiqə ərzində referi bir dəfə əlini cibinə salmalı oldu. Baş hakim oyun üstünlüyü prinsipindən istifadə etdikdən sonra Abbas Hüseynov haqlı olaraq sarı vərəqə ilə cəzalandırıldı. Ümumilikdə referi köməkçiləri ilə birgə ilk hissəni yüksək səviyyədə idarə etdi. Fasilədən sonra meydanda sürət, ikili mübarizələr nisbətən artmışdı. Yerli komanda geridə olanda, təzyiqi artıranda, hakimlərin də işi fiziki, psixoloji olaraq çətinləşir. Baş hakim buna hazır idi və oyuna nəzarəti sona kimi əlində saxladı. Göstərilən sarı vərəqələr vaxtında və yetində idi. Cərimə meydançasında baş verən kritik anlarda referi qətiyyətlə epizodları düzgün qiymətləndirir və doğru qərarlar verirdi. Ümumiyyətlə, hakimlər briqadası görüşü ideala yaxın idarə etdi. Hakimin işinə ən yüksək qiyməti verərdim. Nəzərə alaq ki, VAR sistemi də yoxdu. Məsuliyyət, qərarlarlar tam şəkildə referi ilə köməkçilərinin üzərinə düşürdü”.
İLKİN SULTANLI