Sizin reklam burada

Üç gün ərzində nə dəyişdi?

Baxış Sayı:147


Ölkəmizin futbol yığması Millətlər Liqasının 2020/21 mövsümünə start verdi. C liqasının 1-ci qrupunda doğma meydanda Lüksemburq, səfərdə Cənubi Kipr ilə oyunlar futbol ictimaiyyəti tərəfindən maraqla gözlənirdi. Canni De Byazinin baş məşqçi təyin edilməsi də komandaya marağı artırmışdı. İtaliyalı mütəxəssisin başçılığı ilə yığmamızın necə oyun göstərəcəyi böyük sual altında idi. Sentyabrın 5-də Olimpiya stadionunda keçirilən Lüksemburqla matç arzuladığımız kimi alınmadı. Yığma rəqibinə 1:2 hesabı ilə məğlub oldu. İlk görüşdə sərgilənən oyun Cənubi Kiprlə qarşılaşmada uğurlu nəticə üçün münbit şərait yaratmamışdı. Lakin sən saydığını say, gör fələk nə sayır?! Yığmamız srağagün gözləntilərin əksinə gözəl oyun nümayiş etdirərək Nikosiyada rəqibinə qalib gəlməyi bacardı. Bu nəticə ilə hesabına 3 xal yazan təmsilçimiz hazırda qrup üçüncüsüdü.
Komandanın bu iki oyunda fərqli çıxış etməsinin səbəbi nədi? İtaliyalı mütəxəssisin hansı gedişləri 3 gün ərzində komandanın oyununu radikal şəkildə dəyişdi? Bu suallara cavab tapmağa çalışacağıq.
İtaliya futbolunun “qırmızı”ya ilişməsi
İlk oyunda De Byazi yığmanı 4-4-2 taktikası ilə meydana çıxarmışdı. İtaliyalı mütəxəssis Anton Krivotsyuku cinah müdafiəçisi kimi oynadırdı. Mütəxəssis 6 müdafiəyəmeyilli futbolçu ilə lüksemburqluların ardıcıl hücumlarından qorunmağa çalışırdı. İtaliya futbolunu yaxından izləyənlər bilirlər ki, 4 müdafiəçinin önündə mövqe tutan dayaq yarımmüdafiəçiləri potensial müdafiəçi sayılırlar.
Əslində De Byazinin əsas məqsədi Təmkin, Namiq, Mahir, Ramil “dördlüy”ünün hesabına əks-hücumda qol vurmaq idi. Daha sonra isə meydanda dağıdıcı iş görən Camalov 60-cı dəqiqələrdə yorulacaq və Coşqun Diniyevlə əvəzlənəcəkdi. Oyunboyu qaçan Təmkinin yerinə Abbas meydana çıxacaq və 5-li müdafìəyə keçiləcəkdi. 80-ci dəqiqələrdə Ramil - Renat dəyişikliyi ediləcəkdi.
İlk 25 dəqiqədə bu istək alındı, amma Mahir Emrelinin qırmızı vərəqə ilə cəzalanması onun planlarını alt-üst etdi. Komanda azlıqda qalmasına baxmayaraq, ilk hissənin sonlarında qol vurmağı bacardı. Hər şey plana uyğun gedirdi, amma...
Komandanın lüksemburqluların hücumları qarşısında tab gətirdiyini görən De Byazi ikinci hissədə yığmanı meydana dəyişiklik etmədən çıxardı. 48-ci dəqiqədə Antonla Emilin anlaşmazlığı üzündən buraxılan qol baş məşqçinin işlərini korladı. Hesab bərabərləşəndən dərhal sonra Lüksemburqun baş məşqçisi azlıqda qaldığımızı görüb, sırf hücumçu Devillin əvəzinə daha təcrübəli və özünə 2 müdafìəçini cəlb etməyi bacaran Bensini meydana buraxdı. De Byazi buna eyni həmlə ilə cavab verdi: Ramilin əvəzinə Renatı döyüşə atdı. İtaliyalının oyunda taktiki baxımdan ilk səhvi bu yerdəyişmə oldu. Çünki Lük Holts Gerson Rodrigeşi gizli forvard, Bensini isə əsas hücumçu kimi oynatdı. Amma De Byazinin komandasında Mahir işləri zay etmişdi.
Daha sonra Lük Holts Olivye Tillin əvəzinə "Norviç"də çıxış edən Sinanini meydana buraxdı. Bu gedişlə qonaqlar yenidən hücumameyilli taktika olan 4-1-3-2-yə keçdi. De Byazi isə əvvəlcə Camalovu Diniyevlə əvəzləmək istədi, amma səhvini başa düşdü. Mərkəzdəki boşluğu görüb, 5-li müdafìəyə keçdi. Ələsgərovun əvəzinə "qəhrəman" Nağıyev meydana çıxdı. 5-2-2 ilə oynamaq məcburiyyətində qalan komandamızın mövqeləri arasında əlaqə itmişdi. Solda təkcə Təmkin qaçır, Renat top gözləyirdi. Anton və Maksim ehtiyatlanaraq hücuma çıxmağa cəhd etmirdilər. Bu vəziyyətdə belə rəqib hücumları dəqiq tamamlaya bilmirdi. 72-ci dəqiqədə "Tanrının əli" qonaqların köməyinə çatdı: penalti və qol. Bundan sonra Təmkin - Araz dəyişikliyi, sadəcə, hücumun kəsərini artırmaq üçün cəhd idi və alınmadı. Çünki bir cinah boş qalmışdı. Beləliklə, rəqibin basqılı oyunu və Emrelinin qırmızı vərəqə alması millimizin mübarizə əzmini qırdı. Komandamızın hesabda önə çıxmasına baxmayaraq, psixoloji hazırlıqsızlıq, düzgün yerdəyişmə edilməməsi Lüksemburqa məğlubiyyətdə əsas səbəb oldu.
De Byazidən uğurlu həmlələr
İtaliyalı artıq oyunçuları daha yaxşı tanıyırdı. Hər şeyə rəğmən, ehtiyatlanaraq 5 müdafìəçi ilə meydana çıxmışdı. Anton bu səfər mərkəzin soluna çəkilmişdi və ona kömək olaraq Abbas oynayırdı. 5-2-2-1 əks-hücum üçün ən ideal taktiki sxemlərdən biridi. Sürətli orta sahə oyunçuların və cinah müdafìəçilərin varsa, hər şey əla alınır. De Byazi də bundan istifadə etdi. Rəhim Sadıxovun oyun qurmasını istəmək mütəxəssisin əsas həmlələrindən biri oldu. Ki, yarımmüdafìəçi "Sumqayıt"da bunu hər zaman edir. Oyun tərzi, meydanı görmək bacarığı da bunun sübutu idi.
De Byazinin ən yaxşı eksperimenti Təmkin Xəlilzadəni sol cinahdan sağa keçirib, vinger kimi oynatması idi. Açığı, mən "Sabah"ın üzvünün ilk dəfə bu mövqedə oynadığını görürdüm. Etiraf etmək lazımdı ki, De Byazinin bu dəyişikliyi işə yaradı. Təmkin ilk yarıda millinin ən yaxşı futbolçularından idi.
Abbas Hüseynovdan yerində və zamanında istifadə etməsi də italiyalının ağıllı gedişlərindən sayılmalıdı. “Qarabağ”ın üzvünün oyunu Cənubi Kiprin ən güclü mövqeyi olan sağ cinahdan hücum qura bilməməsinə səbəb oldu. Abbas burda qərarlaşan Kastanosla Pittası zərərsizləşdirməklə yanaşı, hücumların qurulmasında da iştirak edirdi. Onun inamlı oyunu Sadıxov - Xəlilzadə ikilisinin ilk dəqiqələrdən fəallığına səbəb oldu. Yarımmüdafiənin cinahlarında yer alan cütlük müdafiədə təhlükənin az olduğunu görərək hücum qurmağa daha çox cəhd etdilər. Bu da De Byazinin əvvəlləcədən futbolçulara izah etdiyi oyun sistemi idi.
İlk oyundakı dəyişiklik planlarının həyata keçməsi
Lüksemburqla oyundakı kimi, Cənubi Kiprlə matçda da millimiz ilk hissədə hesabı açmağı bacardı. Sonrakı dəqiqələrdə fərqi artıra bilməyən yığma nəticənin qorunması prosesinə start verdi. İkinci hissənin 15 dəqiqəsində oyun üslubunu dəyişməyən De Byazi 59-cu dəqiqədə Camalov - Diniyev dəyişikliyini həyata keçirdi. Müdafìədə oynayan 5 futbolçuya isə çox irəli getməmək tapşırığı verdi. Oyun ərzində daha çox qaçan Təmkin – Rəhim ikilisini növbə ilə 64 və 77-ci dəqiqələrdə uyğun olaraq Araz - Namiq cütlüyü ilə əvəzləndi. Bu, italiyalı məşqçinin əsas oyun sistemidi. Hesabda öndə olarkən konkret 5-li müdafiəyə keçmək, dayaq yarımmüdafiəçini mərkəz futbolçusu ilə əvəzləyərək topu özündə saxlayaraq hücumlar təşkil etmək. Oyunun sonlarına doğru isə cinah futbolçularını əvəzləyərək mövqelərdəki fəallığı əldə saxlamaq.
Emin Mahmudov niyə şans qazanmır?
Hər iki matçdan sonra ən çox müzakirə olunan mövzulardan biri də “Neftçi”nin kapitanı Emin Mahmudova şans verilməməsidi. Jurnalistlər, mütəxəssislər yarımmüdafiəçinin oynamasının daha faydalı ola biləcəyini düşünürlər. Bəs italiyalının Mahmudova güvənməməsinin səbəbi nədi?
De Byazi bu komanda ilə müdafìədən oyun qurmağın mümkün olduğunu bilir və meydana buna uyğun heyət buraxır. Bu səbəbdən də millinin matçlarında 2 müdafiəyəmeyilli yarımmüdafiəçidən istifadə edir. Qara Qarayev komandanın “onurğa sümüyü” sayılır. Onu millidə əvəz edə biləcək futbolçu hələ ki yoxdu. Camalov isə rəqibin hücumunun qarşısını almaq üçün istifadə olunan oyunçudu və vəzifəsinin öhdəsindən gələ bilir. Elvin müdafìə futbolu oynadan məşqçilərin daha çox şans verdiyi yarımmüdafìəçidi. Mahmudov isə oyun qurucusudu. İkinci hissədə meydana çıxa bilər, amma sürətli olmaması De Byazinin işinə yaramır. Coşqun və "Qarabağ"ın parlayan futbolçusu İsmayıl İbrahimli onun üçün daha ideal seçimdi. Çünki hər iki futbolçu Emindən sürətlidi və gec yorulurlar. Məhz bu səbəbdən De Byazi “Neftçi”nin kapitanını meydana buraxmır.
Yekun mənzərə
Canni De Byazi sərəncamında olan futbolçulardan istifadə etməyi bacaran mütəxəssisdi. İtaliyalı ilk günlərdən ölkəmizə ancaq pul qazanmaq üçün gəlmədiyini göstərdi. Futbolçularla, azarkeşlərlə yaxşı münasibət qurmaq bacarığı olan mütəxəssisin taktiki savadının güclü olması diqqətçəkən məqamlardandı. Onun doğma meydanda məğlub olan komandanı növbəti oyuna kökləmək bacarığı da idealdı. De Byazinin Lüksemburqa məğlubiyyətin məsuliyyətini üzərinə götürməsi, Cənubi Kiprlə matça qələbə üçün çıxacaqlarını bildirməsi və ən əsası, futbolçularına güvənməsi komandada yüksək əhval-ruhiyyə yaratdı. Öz sərhədləri daxilində güc itirən sərkərdənin əsgərlərinə güvənməsi və onların güclü olduğunu deməsi Nikosiyada Cənubi Kiprin fəth edilməsinə səbəb oldu. Onun komandasının nəyə qadir olduğunu növbəti oyunlarda görəcəyik. Hələlik isə qələbənin sevincini yaşayaq...
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR