Sizin reklam burada

“Neftçi”nin büdcəsi 40 faiz azalıb

Baxış Sayı:132

“Neftçi”nin büdcəsi 40 faiz azalıb

Ceyhun Sultanov: “Milyonlar olsa, mən də rahat oturar, oyunçu gətirərəm”
"Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayınlanan "Həmsöhbət" verilişinə qonaq olub. Klub rəsmisi bir sıra maraqlı məqamlara toxunub. Sultanov maliyyənin azaldığını etiraf edib: "Bu gün deyirlər ki, "Neftçi" qrup mərhələsinə düşməlidi. Bunu biz də istəyirik. Mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm? Nə dərəcədə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, "Neftçi"də hər şey əladı, bunlar necə transferlərdi? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qarşıma qoyulub ki, büdcəmiz bu qədərdi".
Klub rəsmisi sabiq futbolçuları Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu transfer etdiklərini dilə gətirib: "Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidimi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu necə idarəçilikdi, necə işdi? Hansısa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, ikiəlli razıyam, gəlsin, komandanı qrupa yüksəltsin. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundu. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdı. Hansısa mütəxəssis "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".
İdman direktoru yeni transferin olub-olmayacağına da toxunub: "Kənardan baxan hamı görür ki, "Neftçi"də hücumçu problemi var. Mən də sizə açıq deyirəm, baş məşqçi Füzuli Məmmədov da bildirib ki, belə bir futbolçu ilə müqavilə bağlayacağıq. Bu, bir saatda da baş verə bilər, sizinlə verilişdə olanda da. Bunlar futbolçudular. Bu gün bir, sabah isə başqa söz deyə bilərlər. Ona görə son nöqtəni gözləyirik. Bu gün transfer edirsənsə, onunla danışırsan. Futbolçunun müqaviləsi ola bilər, bəzən həyat yoldaşı da məsləhət verir, onun da razılığı ola bilər. Transferlər asanlıqla gerçəkləşmir. Milyonlar olsa, mən də rahat oturar, oyunçu gətirərəm. Məhdud büdcə var ki, ona uyğun oyunçu gətirməliyəm. Hər bir komanda istəyər ki, top-futbolçular gətirsin".
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR