Sizin reklam burada

Yunis Hüseynov Kristovaonu görmək istəmir

Baxış Sayı:89


Xəbər verdiyimiz kimi, “Keşlə”nin üzvü Aleksandr Kristovao heç kimə demədən klubdan ayrılıb. Anqolalı forvard Niderlanda yollanıb. Hücumçunun “qırmızılar”la davam edən müqaviləsi var və geri dönüb-dönməyəcəyi hələ də bəlli deyil.
Məsələ ilə bağlı yeni məlumat əldə etmişik. Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçi Yunis Hüseynov futbolçunun geri dönməməsini rəhbərlikdən tələb edib. Təcrübəli mütəxəssis anqolalı hücumçunun özbaşınalığını bağışlamayacağını bildirib. Hüseynov Kristovaonun geri dönmək ehtimalının və komandada oynamaq şansının olmadığını Müşahidə Şurasına çatdırıb. Klub “Aleks” ləqəbli forvardın yerini doldurmaq üçün artıq yeni hucumçu axtarışına da start verib.
Əldə etdiyimiz informasiyanı dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Murad Axundov bunları söylədi: “Kristovao heç kimə xəbər vermədən komandanın düşərgəsini tərk edib. O, özbaşına Niderlanda gedib. Məsələdən baş məşqçimiz Yunis Hüseynov da xəbərdardı. Onunla bağlı klub səviyyəsində hələ qərar verilməyib. Lakin yaxın zamanlarda bu məsələyə aydınlıq gələcək. Konkret olaraq komandanı özbaşına tərk edib. Xəlvətcə biletini alıb və Niderlanda gedib. Buna görə ona kimsə icazə verməyib”.
"Keşlə"dən söz düşmüşkən, klub dünən növbəti transferini rəsmiləşdirib. Yarımmüdafiəçi Alvaro Tavareş premyer-liqa təmsilçisi ilə anlaşıb. Futbolçu mövsümün sonuna qədər "Keşlə"nin şərəfini qoruyacaq. Son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı Tavareş ötən mövsüm Ukrayna premyer-liqası çərçivəsində 18 oyun keçirib və 3 qol vurub.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR