Sizin reklam burada

Lüksemburq yığması Bakıda İspaniya millisinə bənzəyirmiş

Baxış Sayı:159


“Yadınızdadısa, Xavi - İnyesta dueti birvaxtlar rəqiblərin başına oyun açırdı...”
Pandemiyanın ölkələrarası uçuş şərtlərini ağırlaşdırmasına baxmayaraq, 5 həmkarımız (4-ü jurnalist, 1-i fotoqraf) Lüksemburq yığması ilə eyni təyyarədə Bakıya gəlmişdi. 3 gün ərzində oteldən stadiona və eyni marşrutla geri qayıtmaq tapşırığı alan həmkarlarımız şəhəri gəzməkdən, restoranlara üz tutmaqdan məhrum olsalar da, oyun günü Olimpiya stadionunda idilər. Matçboyu dayanmadan qeydlər aparan avropalı media mənsubları oxucuları üçün maraqlı reportajlar hazırlayırdılar. Həmin reportajlarda nə qeyd etdikləri sizin üçün də maraqlı olar.
Lequotidien.lu: “Lüksemburq Millətlər Liqasına səfər qələbəsi ilə başladı. Həm də rəqib meydanında oyuna başdan sona qədər diqtə etməklə və 5 real qol şansı yaxalamaqla. Bu, Lük Holtsun yetirmələrinin haqq etdiyi qələbə idi. İlk hissədə topa sahibolma 58, matçın tamamında isə 63 faizlə bizimkilərin tərəfində oldu. Azərbaycan yığmasına yeni təyin olunan Canni De Byazinin yetirmələri bütün oyunu müdafiədə keçirdilər. İlk hissədə bir dəfə hücuma atıldılar, onda da müdafiəçilərin diqqətsizliyi qol gətirdi. Müdafiəyə çəkilmələri 70 dəqiqə azlıqda qalmaqlarına görəydi. Mahir Emreli Kristofer Martinşə təpik atdığına görə haqlı olaraq meydandan qovulmuşdu deyə, rəqib hücuma çıxmağa qorxurdu. 49-cu dəqiqədəki qol geciksəydi, sonluq pis ola bilərdi. Amma fasilədən dərhal sonra Azərbaycanın öz qapısında qol görməsi onları “sındırdı”. Artıq məğlub olacaqlarını hiss etməyə başlamışdılar. Penalti zamanı rəqib müdafiəçinin topa uçaraq əlini vurması da həyəcana görəydi.
Bu qədər futbolsuzluqdan sonra yığma Bakıda ümid verdi. Qısa ötürmələrlə meydanın rəqibə aid hissəsində ağalıq edən millimiz İspaniya yığmasını xatırladırdı. Yadınızdadısa, Xavi - İnyesta dueti birvaxtlar rəqiblərin başına oyun açırdı, onları topa həsrət qoyurdu. Texnikalı Till qardaşları möhtəşəm görünürdü. Qapı istiqamətinə 19 zərbə və 9 korner... Holts qrupda favorit komandanın Monteneqro olduğunu desə də, Lüksemburqun şansları az deyil. Haydi, igidlər!”
Wort.lu: “Startda əla başlanğıc. Azərbaycan yığması “100-lük”dən kənarda qalmasına baxmayaraq, əsasən ev komandası kimi tanınır. Son illərə nəzər salsaq, Xorvatiya və Kosovo kimi yığmalar ordan qələbə ilə ayrıla bilməyiblər. Macarıstan və Slovakiya ilə oyunlarda da rəqiblərinə çətin anlar yaşatmışdılar. Ona görə də matçdan əvvəlki mətbuat konfransında Lük Holts danışanda ehtiyatı əldən verməmişdi.
İlk dəqiqələrdən Lüksemurqun oyun keyfiyyətindəki üstünlüyü topa sahibolmada və qol imkanlarında özünü göstərməyə başladı. Devill Tillin mükəmməl ötürməsindən sonra 3-cü dəqiqədə hesabı aça bilsəydi, hər şey fərqli olacaqdı. Azərbaycanın 25-ci dəqiqədə azlıqda qalmasının günahkarı Martinşə təpik atan Emreli idi. Amma sürpriz qol onlardan gəldi. Belə vəziyyət boş yox, dolu tribunalar önündə yaransaydı, neçə-neçə azarkeşin ürəyi dayanardı. 44 dəqiqə ərzində bir dəfə hücum et və onda da qol vur. Adam havalanar axı...
İkinci yarıda Holtsun yetirmələri rəqibinə durmadan pressinq edincə, təzyiqin nəticəsi kimi topu öz qapılarına vurdular, daha sonra penaltiyə səbəbkar oldular. Hələ Jersonun tirdən qayıdan topunu da qeyd etmək olar.
Yığma inkişafda olduğunu və qrup qalibi olmaq üçün oynayacağını Bakıda göstərdi. Bunun davamını gətirmək üçün isə daha diqqətli olmaq lazımdı. Çünki Monteneqronun futbolçuları azərbaycanlıların buraxdığı səhvləri təkrarlamayacaq”.
HƏBİB hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR