Sizin reklam burada

Həmzəyev Kavanaqın qərarlarında səhv tapmadı

Baxış Sayı:147


Millətlər Liqasının 2020/21 mövsümünün ilk matçında yığmamız yeni “tarix” yazaraq doğma meydanda Lüksemburqa 1:2 hesabı ilə məğlub oldu. Qarşılaşma zamanı bir sıra maraqlı hadisələr yaşandı. Mahir Emrelinin 25-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması, qapımıza 11 metriklik cərimə zərbəsinin təyin olunması əsas məqamlardandı. Ümumiyyətlə, ingiltərəli referi Kris Kavanaqın oyunu idarə etməsi necə idi? Britaniyalı hakim hansı səhvləri etdi? Onun idarəçiliyi neçə balla qiymətləndirilə bilər?
Bu və başqa sualları cavablaması üçün sabiq hakim Əfqan Həmzəyevlə əlaqə saxladıq. Keçmiş FİFA referisi Kavanaq və köməkçilərinin işini belə dəyərləndirdi: “İngilis hakim oyunu yaxşı idarə etdi. Epizodların yaxınlığında idi və fiziki hazırlığında heç bir problem yox idi. Kavanaqın metodiki cəhətdən xırda axsaması olsa da, verdiyi qərarların çoxunda haqlı idi. Bir epizodda meydanın mərkəzində top ona dəydi. Bu da hakimin təcrübəsizliyindən irəli gəlir. Bu fikri səsləndirərkən beynəlxalq oyunları nəzərdə tuturam. Beynəlxalq səviyyədə, yəni milliləri səviyyəsində 2-ci oyunu olması buna bir işarədi. Çünki daxili çempionatlarında kifayət qədər oyun idarə etmiş hakimdi”.
Həmzəyev ingiltərəli referinin əleyhimizə verdiyi qərarların doğru olduğunu qeyd etdi: “Qırmızı vərəqə tam haqlı idi. Penalti qərarı və sarı vərəqə doğru idi. Kavanaqın köməkçiləri ilə əlaqəsi haqda da mənfi fikir söyləmək olmaz. İki dəfə “üstünlük” prinsipini gözlədi. İlk epizodda top həmin an itirildiyi üçün geri qayıdaraq cərimə təyin etdi. İkincidə də eyni vəziyyət idi, amma cərimə zərbəsi təyin olunmadı. İngilislərə xas olan soyuqqanlılıq hiss olunurdu. Oyunçularla çox danışmırdı. Çalışırdı ki, epizodlara tam daxil olmasın. Ümumiləşdirsək, onu demək olar ki, hakim oyunun öhdəsindən tam gəldi. Qiyməti isə minimum 8,4 olmalıdı”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR