Sizin reklam burada

SSRİ idman ustası infarktdan dünyasını dəyişdi

Müəllif: football Tarix: 6-09-2020, 12:33 656 Baxış

SSRİ idman ustası, “Neftçi”nin və “Kəpəz”in şərəfini qorumuş Arzu Mirzəyev srağagün 58 yaşında rəhmətə gedib. Onun meyiti kirayə qaldığı mənzildə tapılıb. Veteran futbolçu dünən Gəncədəki İmamzadə Dini Kompleksində, atasının məzarının yanında dəfn olunub. SSRİ idman ustası infarktdan dünyasını dəyişib.
"Arzu müəllim kirayədə tək yaşayırdı. Dünən axşam evə gəlib yatıb. Səhər açılanda ev sahibi nə qədər səsləsə də, cavab verməyib" - bu fikirləri "Report"a açıqlamasında Gəncədəki "Təhsil" İdman Məktəbinin futbol bölməsinin baş məşqçisi İlham Səmədov Arzu Mirzəyevin vəfatı barədə danışarkən deyib.
O bildirib ki, mərhumun öldüyü günorta saatlarında məlum olub: "Ev sahibi bizim məktəbin gözətçisidi. Günorta işdən qayıdandan sonra yenə Arzu müəllimi səsləyib. Bu dəfə də səs gəlmədiyindən özü yaxınlaşıb. Silkələyib oyatmaq istəyəndə görüb ki, bədəni buz kimidi, yatdığı yerdə keçinib. Hərdən yüngül ağrıları olurdu, belini tuturdu. Amma ciddi bir şeyi yox idi. Ölüm səbəbi infarktdı. Ürəyi dayanıb. Bədəni gömgöy idi. Arzu müəllim 3 dəfə ailə həyatı qurub. Hər üçü uğursuz alınıb. Bakıdakı ailəsinə xəbər vermişik. Görək nə deyəcəklər. Digər ailəsi isə Gədəbəydə yaşayır. 2003 təvəllüdlü bir övladı var. Onlarla əlaqə yoxdu. Amma bir nəfər var, ona demişik, yəqin ki, tapacaq. Hazırda bacısı Gəncədədi".
Səmədov dəfn xərcələrinin "Təhsil" İdman Məktəbi və "Kəpəz" klubu tərəfindən qarşılanacağını vurğulayıb: "Bacısı burdadı. Olmasa belə, məktəbin direktoru Ramil Qasımov, "Kəpəz"in icraçı direktoru İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov köməyini əsirgəməyəcək. Nə lazımdırsa, birmənalı olaraq ediləcək".
Gəncə futbol məktəbinin ən tanınmış simalarından olan Mirzəyev ölkəmizin iki ən köklü klubunun - “Kəpəz” və “Neftçi”nin şərəfini qoruyub. O, 1979-83-cü illərdə Gəncə, 1984-91 aralığında isə paytaxt komandasının formasını geyib. Müdafiəçi mövqeyində oynayan sabiq “4 nömrə” “Neftçi”də 181 oyun keçirib və 5 qol vurub. “Ağ-qaralar”ın heyətində SSRİ çempionatının güclülər dəstəsində çıxış edib. “Kəpəz” və “Neftçi” ilə yanaşı, qısa müddətdə “Turan”da da oynayıb. Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Gədəbəy "Narzan”ının və "Kəpəz"in baş məşqçisi olub. Son illərdə Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbində işləyib.
Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev qəzetimizə açıqlamasında mərhumun ailəsinə maddi yardım göstərmək üçün AFFA-ya müraciət etdiklərini bildirdi: “Rəhmətlik ailəsindən ayrı yaşasa da, Veteranlar İttifaqı adından AFFA rəhbərliyinə müraciə etmişik ki, ailəsinə qəbirüstünün götürülməsi üçün assosiasiya tərəfindən maddi yardım göstərilsin. Mərhum veteran futbolçu SSRİ dönəmində ölkənin bir nömrəli komandasının şərəfini qoruyub, sayılıb-seçilən oyunçulardan olub”.
RƏŞAD
SON XƏBƏRLƏR