Sizin reklam burada

Nakam ölən Arzu(lar)

Baxış Sayı:553

“Amal, salam. Bu nömrəni qeyd et, zəhmət olmasa. Arzu Mirzəyevin telefon nömrəsidi. İmkan olsa, onunla maraqlanın, vəziyyəti yaxşı deyil. Kirayədə qalır. Gəncədə uşaqlarla məşq edir, mən “Neftçi”də olanda orda da oyanyırdı, çox yaxşı oğlandı. Bəlkə kiminsə yadına düşər, ona kömək göstərər. Dubaya dəvət etmişdim, Asiya Çempionlar Liqasının oyunlarına, 5 gün burda qaldı. Daha artığına gücüm çatmır, çalışdım ki, onun üçün nəsə edim, bir az eyni açılsın. Axı o da futbol veteranıdı, niyə ona diqqət ayırmırlar, kömək göstərmirlər?” – bu mesajı mənə Dubayda çalışan Faiq Hüseynov apreldə yazmışdı. O qədər səmimi müraciət idi ki, laqeyd qalmaq mümkün deyildi. Vicdanım sızladı, Faiq bəyin bu xahişini qulaqardına vura bilmədim. Yazdığı nömrəni həmkarlarımdan birinə yolladım, tapşırdım ki, Arzu Mirzəyevi danışdırsınlar. Sağ olsunlar, sözümü yerə salmadılar.
Mirzəyevin həmin müsahibəsi xeyli səs-küy yaratdı, bir müddət idman mətbuatının gündəmində qaldı. “Biz keçmiş futbolçuları yaxın buraxmırlar. Oyunlara heç olmasa, AFFA nümayəndəsi, inspektor kimi də göndərmirlər. Çünki biz onlara xeyir etmirik. “Maklerlər” gəlib, futbolda nümayəndə işləyirlər. Onlara futbolu bilməyən, "tupoy" insanlar xeyir edir” demişdi. Müsahibəsinin davamında öz dərdini unutmuş, gəncəli Mehman Allahverdiyevi xatırlamış, onun işsiz qalmasından, “Kəpəz”dən uzaq salınmasından şikayətlənmişdi. PRO kateqoriyalı gənc mütəxəssis Etibar İbrahimovun Amerikaya gedib çıxmasından, orda öz sevimli peşəsindən uzaq düşüb, sürücülük etməsindən də yana-yana söz açmışdı. “Mənim 58 yaşım var, 153 manatla necə dolanım? Yaxşı ki, "Neftçi" də 85 manat təqaüd verir” – bu sözləri də Arzu Mirzəyev həmin müsahibəsində ürək ağrısıyla dilə gətirmişdi. Hiss olunurdu ki, qüruru daha çox giley-güzar etməyə imkan vermir, öz dərdini utana-utana dilə gətirir. Heç kimdən pul istəmirdi, futbol sahəsində çalışmaq, həm futbolumuza fayda vermək, həm də özünə bir tikə çörək pulu qazanmaq istəyirdi. Özü də bilirdi ki, çətindi. Bundan sonra ona Canni De Byazi, Berti Foqts, Nikola Yurçeviç, Robert Prosineçki, Bernard Lippert, Frits Ştuxlik kimi milyonlar verməyəcəklər, başından sərvət tökməyəcəklər. İstədiyi bir tikə çörək almaq üçün qəpik-quruş, gününü keçirib, başını futbolla qatmaq üçün yüngülvari bir iş idi. Təəssüflər olsun ki, bu istəyinə də nail ola bilmədi.
“15 respublikanı özündə birləşdirən SSRİ-nin idman ustasıyam, mənə Azərbaycanda iş yoxdu. Dərdimi Maşalla Əhmədova da demişəm, Oqtay Abdullayevə də. Mənim ayrı əlacım yoxdu...” – bu sözlər də Arzu Mirzəyevin dilindən çıxan fəryaddı. Səsini AFFA rəhbərliyinə, eyni zamanda birvaxtlar çiyin-çiyinə top qovduğu veteranlara, yəni çörək kəsdiyi kişilərə çatdırmaq istəyirdi. Amma onu eşitmədilər. Səsinə səs verən, fəryadını eşidən, köməyinə tələsən olmadı. Kirayə qaldığı mənzildə, səssiz-səmirsiz dünyadan köçdü. 58 yaşdan o tərəfə keçməyi bacarmadı. Bu boyda dərdlə necə yaşasın, ürəyini kimə boşaltsın, dərdinə kimi şərik etsin ki?! Qulaqları kar, gözləri kor olanlar onu görə, eşidə bilməzdilər. Belələri üçün azərbaycanlılar, Azərbaycan futbolu, onun veteranları mənasız, bir qara qəpiklik dəyəri olmayan əhəmiyyətsiz məhfumlardı. Onlar üçün italyanlar, xorvatlar, almanlar, serblər əzizdi. Kim olur-olsun, bircə azərbaycanlı olmasın.
Nazim Süleymanov veteranları başına toplayıb, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlamışdı. Həmin müraciətin altında Azərbaycan futbolu üçün canını, gəncliyini, sağlamlığını qurban verən dağdan ağır kişilərin imzası var. AFFA prezidenti vəzifəsini tutan Abdullayev bir çağırıb soruşdumu ki, ay futbol veteranları, ay kişilər, gəlin oturaq, sizinlə bir stəkan çay içək, görüm dərdiniz nədi?! Demədi, veteranları heç vecinə də almadı. Amma italyan Canni De Byazi Azərbaycan futbolu üçün hələ heç bir iş görməmiş əvvəlcə Elxan Məmmədovun əlindən milli komandanın formasını hədiyyə kimi qəbul etdi, daha sonra da Rövnəq Abdullayevin qəbuluna çağrıldı. O qəbula ki, Azərbaycan futbolunun dağdan ağır kişiləri layiq görülmədi.
Ölüm haqdı. Arzu Mirzəyev də haqqın dərgahına qovuşdu. Hər kəs həmin yolu gedəcək, ruhu göylərə yüksələcək, cismini torpağa tapşıracaqlar. Amma hər kəs üçün öləndən sonra eyni sözləri demirlər. Bunu nəzərə almaq, yaşayanda öləcəyin günü fikirləşmək lazımdı. Elə etmək lazımdı ki, öləndə arxanca rəhmət oxusunlar, “evdən yox, eldən getdi” desinlər. Allah sənə rəhmət eləsin, Arzu Mirzəyev. Futbolumuzdan, elimizdən gedən, arzuları ürəyində qalan adam!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR