Sizin reklam burada

UEFA-nın susqunluğu oyunun Bakıda keçiriləcəyinə işarədi

Baxış Sayı:654


Yığmanın Millətlər Liqasındakı startı, “Qalatasaray”ın Bakıya səfəri bir kənarda qalıb, bu dəqiqə hamını maraqlandıran məqam Avropadakı ümid yerimiz “Qarabağ”ın aqibətidi. Daha doğrusu, ağdamlıların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Molde” ilə oyununun harda keçiriləcəyi.
Püşkün hökmü ilə oyun Bakıda baş tutmalıdı. Lakin Norveç hökumətinin qərarını əsas gətirən “Molde” Azərbaycana gəlməkdən boyun qaçırır. Norveçlilər vətənə qayıdandan sonra 10 günlük karantinə alınacaqlarını əsas gətirib, cığallıq edir, Bakıya gəlmək istəmir. Hətta bununla bağlı öncədən UEFA-nı məlumatlandırdıqlarını deyirlər. “Qarabağ” isə geri çəkilmək niyyətində deyil və istisnasız rəqibi Bakıda qəbul etmək fikrindədi.
Bazar ertəsi əsası qoyulan problem ətrafında, demək olar ki, hər gün yazışma gedir. Hər iki klub UEFA ilə daimi əlaqədədi. Əslində qitənin ali futbol qurumunun həftənin son iş günü, yəni dünən məsələ ilə bağlı yekun qərar verəcəyi gözlənilirdi. “Qarabağ” rəsmiləri kimi, biz də günün sonuna qədər səbr edib, xəbər gözləsək də, daşdan səs çıxdı, UEFA-dan səs çıxmadı.
Qurumun susqunluğu isə məsələnin bizimkilərin xeyrinə həll olunacağından xəbər verir. Belə ki, UEFA oyunun neytral meydanda keçirilməsini məqsədəuyğun saysaydı, indiyə qədər klublar məlumatlandırılardı. Çünki ölkə və stadion seçimi etmək, ardınca həmin ölkəyə yollanmaq üçün sənədləri qaydaya salmaq, çarter reysi üçün təyyarə sifariş etmək, arenanı hazır duruma gətirmək – bunlar xeyli vaxt tələb edir. Odu ki, UEFA-nın oyunun neytral meydanda keçirilməsi ilə bağlı qərar verəcəyi inandırıcı görünmür. “Qarabağ”ın quruma ünvanladığı faktlar və tutarlı əsaslar da UEFA-nın işini xeyli asanlaşdırıb. İndi UEFA-nın əlində “Molde” rəsmilərinin ağzını bağlamaq üçün yetərincə dəlil var. Məsələyə növbəti həftənin ilk 3 günündə aydınlıq gələcək.
“Molde”nin direktoru Ole Erik Stavrum isə bu arada yerli mətbuata açıqlama verib: “Oyunun harda keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir. Bakıya səfər bizə baha başa gələ bilər. Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq".
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR