Sizin reklam burada

Canni De Byazi yığmanın hədəfini gizlətmədi

Baxış Sayı:699


“Məqsədimiz qrupda birinci olmaqdı”
Ötən ay yığmaya baş məşqçi təyin olunan Canni De Byazinin təqdimat mərasimi pandemiyanın yaratdığı qadağalara görə baş tutmamışdı. İtalyan mütəxəssisə ünvanlanası sualların sayı çox olduğundan, budəfəki mətbuat konfransı jurnalistlər üçün əla fürsət idi. Odu ki, dünən, Millətlər Liqasının Lüksemburqla oyunundan bir gün öncə Olimpiya stadionunun konfrans salonunda De Byazi ilə üzbəüz oturmaqla həm qarşılaşmayə bağlı, həm də bizi maraqlandıran digər suallara cavab tapmağa çalışdıq.
Baş məşqçi tək deyildi. Yığmanın kapitanı Maksim Medvedev də masa arxasında əyləşmişdi. Məşqə az vaxt qaldığından suallar öncə Maksimə ünvanlandı.
- “Qarabağ”la 8 gündə 3 oyun keçirdiz və yığmaya qoşulduz. Artıq neçə gündü ağır məşqlərdə iştirak etdiyinizi nəzərə alsaq, özünüzü necə hiss edirsiz?
- Ola bilər ki, qrafik sıxdı. Ancaq indi milli komandanın düşərgəsindəyik. Özümüzə gəlmək üçün vaxtımız var idi. Gündə iki dəfə məşq edirdik. Yeni baş məşqçimiz var, çox şeyin üstündə çalışmalıyıq. Qısa zamanda bildiklərini bizə çatdırmağa çalışıb. Yeniliklərlə çalışdıq. 30 yaşım var, təcrübəli oyunçuyam, belə qrafikdən necə çıxmağın yolunu bilirəm. Sabah meydana çıxıb 90 dəqiqə mübarizə aparmağa hazıram.
- Mətbuatda bəzi futbolçuların baş məşqçinin ağır məşqlərindən narazı qalması və bununla bağlı çalışdırıcıya müraciət etmələri xəbəri yayılmışdı. Xəbər həqiqəti əks etdirir?
- Əvvəla onu qeyd edim ki, heç bir futbolçu narazlığını bildirməyib. Bu, peşəkar oyunçuya yaraşan hərəkət deyil. Baş məşqçi təcrübəli mütəxəssisdi. Ola bilər ki, gündə 3 məşq edək, ancaq məşqin müddəti az olsun. Yığma üzvlərinin oyun təcrübəsiylə bağlı problem var və bunu aradan qaldırmaq üçün məşqlərə ehtiyac var idi. Bu müddət ərzində ancaq fiziki məşqlər etməmişik ki, kimsə narazılıq etsin. Futbolçularla da bu məsələni müzakirə etmişik. Belə bir şey yoxdu. Yayılan məlumatlar həqiqəti əks etdirmir.
- “Qarabağ”ın heyətində Lüksemburq klublarına qarşı oynamısan. Klublarını yığmaları ilə müqayisə edə bilərsən?
- Lüksemburq millisi və klubları çox fərqlidi. Millidə yerli çempionatda çıxış edən oyunçular azdı, əksəriyyəti ölkə xaricində çıxış edirlər. Ona görə də klubla millini müqayisə etmək olmaz. Rəqibi təhlil etmişik və oyuna hazırıq.
- Lüksemburqun heyətində legionerlərin çoxluğunu qabartmağın özünü indidən mümkün məğlubiyyətdən “sığortalamaq” anlamına gələ bilər?
- Xeyr, belə bir fikrim yoxdu. O sözü suala cavab olaraq dedim, “sığorta” üçün yox. Bizdə elə futbolçu var ki, “Qarabağ”da oynayır və bu komandanın heyətində güclü komandalara qarşı mübarizə aparır. Ona görə də biz deyə bilmərik ki, Azərbaycan çempionatında oynadığımız üçün kimdənsə zəifik.
Maksim məşqə tələsdiyindən sonuncu sualdan dərhal sonra zalı tərk etdi. Sıra Canni De Byaziyə çatdı ki, baş məşqçi cavabsız sual qoymadı.
- 3 ildi işsiz idiz, yığma üzvləri də uzun müddət futbolsuz qalmışdı. Futbol üçün daha çox kim darıxıb: siz, yoxsa onlar?
- Bu barədə mən çox sakitəm. Heç bir probem ola bilməz. Uzun müddət işləməsəm də, çalışmağa başlayanda bütün enerjim bərpa olunur və bunu komandama yönəldirəm. Mən futbolsuz qalanda çox darıxıram. Ancaq bu, mənim üçün yeni çağırış, yeni stimuldu. Dekabrda A Seriyası komandasından təklif alsam da, rədd etmişdim. Çünki Azərbaycanda işləmək daha maraqlı idi. Burda böyük uğurlara imza atmaq istəyirəm. Futbolçular üçün də çox çətindi. Məncə, elə siz jurnalistlər də futbol üçün darıxmısız. Arzulayıram ki, tezliklə vəziyyət düzəlsin və işimizə normal qaydada davam edək.
- Hələ müqavilə bağlamamış yığmamızın oyunlarının videoyazılarını izlədiyinizi demişdiz. Son bir həftədə komanda ilə birlikdə olduz. Nə gözləyirdiz, nə gördüz?
- Komanda ilə çox işlədiyimizi deyə bilmərəm. Normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə birgə gündə 18 saat işləmişik. Bu müddətdə futbolçuları tanımağa, öyrənməyə, yerli mentallığa bələd olmağa çalışmışıq. 9 gündə cəmi 12 məşqimiz olub, bu gün isə 13-cü olacaq. Futbolçuları inandırmağa çalışmışıq ki, nəyəsə nail olmaq istəyiriksə, çox işləməliyik.
- Lüksemburq futbolu son vaxtlar inkişafdadı. Rəqib haqda hansı fikirdəsiz?
- Qrupda reytinqə görə 4-cü komandayıq. Lüksemburq son illərdə çox inkişaf edib, bunu bilirik. Komandada çoxlu latın amerikalı oyunçular var, “milliləşdiriblər”. Rəqibə hörmət edirik. Lakin bizim də güclü tərəflərimizin olduğunu unutmamalıyıq. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək.
- Heyət seçiminiz birmənalı qarşılanmadı. Xüsusən klubsuz futbolçunu yığmaya dəvət etməyiniz narazılıq doğurdu. Klubsuz futbolçuya hansı keyfiyyətinə görə dəvət göndərdiz?
- Bakıya 26 gün əvvəl gəlmişəm. Köməkçilərimlə 2 aydan çoxdu Azərbaycan millisini və futbolçuları təhlil edirik. Mənə vacib olan çağırdığım futbolçuların istəyinə, davranışına baxmaq idi. Onların oynayıb-oynamaması mənim üçün önəm daşımır.
- Maraqlıdı, Elvin Bədəlovu harda görüb bəyənmisiz?
- “Sumqayıt”ın “Keşlə”yə 0:1 hesabı ilə uduzduğu oyunda.
- Sizdən əvvəlki yığma məşqçiləri özlərini xalqa sevdirə bilməyiblər. Onların işini, nəticələrini təhlil etmisiz? Özünüzü sevdirmək üçün fərqli nələr etməyi düşünürsüz?
- Bəzi fikirlərim var. Heyf ki, vaxtımız çox azdı. Sabah ən vacib məsələ nəticədi. İstərdik ki, daha öncə yoldaşlıq oyunları keçirə bilək. Ancaq bu, mümkün deyil. Yaxşı işləmişik, taktiki və texniki cəhətdən hazır olmağa çalışmışıq. Baxmayaraq ki, rəqib güclüdü, mübarizə aparacağıq.
- Sualım fərqli idi…
- (növbəti tərcümədən sonra) İnsan özünü yalnız qalib gələrək sevdirə bilər. İlk növbədə güclü komanda yaratmalıyıq. Elə komanda ki, meydanda hər bir futbolçu komanda yoldaşına görə ölməyə də hazır olsun, ürəyini qoysun. Məqsədimiz qrupda birinci olmaqdı. Baxmayaraq ki, reytinqdə sonuncuyuq. Əlbəttə, Belçika və İtaliyaya qarşı oynasaq, bizim üçün daha çətin olardı.
- Artıq bir müddətdi yığma ilə birlikdəsiz. Millidə düzəlməli olan 3 vacib məqamı qeyd edə bilərsiz?
- İlk növbədə mentallıq. Detallara girmək istəmirəm, amma taktiki baxımdan irəliləyiş vacibdi. Və həyatda bir şeyi başa düşmək lazımdı ki, məqsədə çox böyük istəklə gedirsənsə, ona nail ola bilərsən.
- Yığma həmişə qısa müddətdə iki oyun keçirməkdə əziyyət çəkib. Belə deyim, ikinci matç çətin olur. Bunu aradan qaldırmaq üçün planınız var?
- UEFA-dan xahiş edərik, formatı dəyişərlər (gülür). Təbii, bu bir zarafatdı. Belə məqamda biz fiziki baxımdan yox, mental cəhətdən işləməliyik. Bütün dünya bu formatda oynayır. Burda problem bizdədi. Biz öyrəşməli, dəyişməliyik. Məqsədimizə istiqamətlənsək, bunu bacaracağıq. İlk oyunda qələbə qazansaq, psixoloji baxımdan daha güclü olacağıq. Buna görə də sabahkı matç olduqca önəmlidi.
Yığmamızın baş məşqçisindən sonra zala lüksemburqlu həmkarı Lük Holts daxil oldu. O da tək deyildi. Rəqibin aparıcı futbolçularından olan “Yanq Boys”lu Kristofer Martins də media önünə çıxmışdı.
- İki zədəli futbolçunuz var. Onların vəziyyəti necədi?
- Onların oynayıb-oynamayacaqlarını sabah biləcəyik. Bugünkü məşqdən çox şey asılıdı. Hazırda vəziyyət qeyri-müəyyəndi.
- 3 gün öncə Almaniya klubu ilə yoxlama oyunundakı heyətə güvənəcəksiz?
- Heyətlə bağlı son qərarı verməmişəm. Eyni heyət olacağına inanmıram. Zədəli futbolçularımız var, üstəlik, Martins də komandaya qoşulub.
- Martins start heyətində olacaq?
- Martins İsveçrədə çempion olub. Bir neçə gün öncə isə kubokun qalibi adını qazandı. Onu yığma üçün vacib fiqur saya bilərik. Məncə, sualınıza cavab verdim (gülür).
- Azərbaycan millisi haqda nə bilirsiz?
- Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub və hələ debüt etməyib. Buna görə də rəqibin oyun fəlsəfəsi haqda danışmaq çox çətindi, bu barədə heç nə bilmirik. Hər iki komanda eyni səviyyədədi. Onlarda da vəziyyət bizdəki kimidi. Uzun müddət əvvəl çempionat dayanıb və bizim kimi futboldan kənar qalıblar. Ona görə də hazırda hansısa fikir bildirmək çətindi.
- Kristofer, Azərbaycan yığmasının oyunlarına baxmısan? Baxmısansa, hansı futbolçunu qeyd edə bilərsən?
- Əlbəttə, baxmışam. Xüsusən “2 nömrə”ni qeyd edə bilərəm (Qara Qarayevi nəzərdə tutur – H.). Fiziki cəhətdən hazırlıqlı görünür və yarımmüdafiə xəttində böyük işlər görür.
- Azərbaycanın futbol ictimaiyyəti yığmanın bu oyundan qalib ayrılmağa borclu olduğunu iddia edir və millimizi favorit görür. Siz necə düşünürsüz?
- Əlbəttə, Azərbaycan favoritdi, biz bunu bilirik. Sabah oyuna ehtiyatlı başlamalıyıq və necə müdafiə olunmalı olduğumuzu düşünməliyik.
- Meydan amili Azərbaycanın tərəfindədi, üstəlik, yeni baş məşqçi təyin olunub ki, futbolçular özlərini sübut etməyə çalışacaqlar. Bunlarla yanaşı, indiyəqədərki oyunlarda Lüksemburqun yığmamızın üzərində qələbəsi yoxdu. Bəs Lüksemburqun xeyrinə hansı məqamlar var?
- Xüsusi bir üstünlüyümüz yoxdu.
- Azarkeşlərin olmaması oyuna necə təsir edəcək?
- Bunun təsir edəcəyini düşünmürəm. Əsas məsələ futbolçuların meydanda fəal olmasıdı. Passiv müdafiə olunmağımızı istəmirəm. Hər iki tərəf uzun müddətdi futbol oynamır. Buna görə də meydanda öz oyunumuzu tapmaq asan olmayacaq.
- Ehtiyatlı mövqe sərgiləyirsiz. Bunlar sizin real fikirlərinizdi, yoxsa rəqibi arxayınlaşdırmaq üçün belə danışırsız?
- Nə düşünürəmsə, onu da deyirəm. Kimisə arxayınlaşdırmaq fikrim yoxdu. Rəqib Uels və Slovakiyaya qarşı başabaş mübarizə aparıb, yalnız bəzi komponentlərdə geri qalaraq uduzub. Ona görə də Azərbaycan millisini daha üstün sayıram.
- Kristofer Martins, Jerson Rodrigeş kimi futbolçularınız son vaxtlar daha çox oyun keçirib, nəinki Azərbaycan millisinin əsasını təşkil edən "Qarabağ"ın futbolçuları. Bu, sizin üçün üstünlük ola bilərmi?
- Yox, bu, bizim üçün üstünlük deyil. Ona görə ki, heyətdə 7-8 aydı oynamayan çox sayda futbolçumuz var. Yığma təkcə Martinslə Rodrigeşdən asılı deyil axı. Ona görə də ümumi durum hər iki komandada eynidi.
- Azərbaycan millisi yeni baş məşqçinin gəlişinə görə "sirli qutu"du. Bu, sizin üçün hansı çətinlikləri yaradır?
- Daha əvvəl də qeyd etdiyim kimi, Azərbaycan millisinin sabah necə oynayacağını müəyyənləşdirmək çox çətindi. Ağlımda olan bir neçə ideya var. Onlardan uyğun olanını tətbiq etməyə çalışacağıq. Meydanda rəqibə boş ərazi verməməyə çalışacağıq. Matçın gedişinə görə taktiki gedişlər edəcəyik. İndidən nəsə deyə bilmirəm.
- Lüksemburqda alman və fransız dillərində danışırlar. Maraqlıdı, Lüksemburq millisi hansı üslubda oynayır: alman, yoxsa fransız?
- Lüksemburq üslubunda.
- Kristofer, yığmanın Millətlər Liqasındakı hədəfi nədi?
- Qrupu 1 xalla başa vurmaq (gülür). Bacardığımızı ortaya qoymaq, maraqlı oyun nümayiş etdirmək və ən əsası, hər görüşdən qalib ayrılmaq. Bilirik, çətin olacaq, amma hədəfimiz budu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR