Sizin reklam burada

Yenə tərcüməçi və tərcümə problemi

Baxış Sayı:657

Yenə tərcüməçi və tərcümə problemi

Lüksemburqdan Bakıya 4 jurnalist, 1 fotoqraf gəlib
Azərbaycan və Lüksemburq milliləri arasında bu gün keçiriləcək oyundan bir gün əvvəl jurnalistlərin Olimpiya stadionunda bir araya gəlməsi səbəbsiz deyildi: akkreditasiyalarımızı götürməli, hər iki komandanın baş məşqçisinin mətbuat konfransında iştirak etməliydik. Lakin öhdəlik tək bu deyildi. Ələ fürsət düşmüşkən, yığmaların ilk 15 dəqiqəsi media mənsubları üçün açıq olan məşqini izləmək və sizlərə müəyyən qeydlər çatdırmaq maraqlı olardı. Lakin yeni tətbiq olunan qaydalara uyğun olaraq hər dəfə 5-ci mərtəbəyə qalxıb, yenidən mətbuat konfransı üçün aşağı enməyimiz vaxt aparacaqdı ki, bu da müəyyən çətinlik yaradırdı. Ona görə də məşqdə yaşananları canlı görmək mümkün olmadı.
Ürəkaçan məqam Olimpiya stadionunun ot örtüyünün qaydasında olmasıdı. Tofiq Bəhramov adına Respublika satdionundan fərqli ölkənin bir nömrəli arenasının qazonu ürəkaçan səviyyədədi. Ümid edək ki, yığma üzvləri ”xalça” üzərində baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkməyəcək.
Fürsətdən istifadə edib, ilk dəfə qarşımızda əyləşən italyan mütəxəssisin xarakterinə az da olsa, bələd olmaq imkanı qazandıq. Adam Roberto Bordindən fərqli yetərincə sadə və ünsiyyətə meyillidi. Verilən sualdan incimir, əksinə, böyük məmnuniyyətlə cavablamağı özünə borc bilir. Bu azmış kimi, fürsət tapıb zarafat da etdi. Təəssüf ki, illərdi davam edən tərcümə və tərcüməçi problemi bu dəfə də özünü göstərdi. Baş məşqçi suallara fərqli cavab verirdi ki, bunun da bir səbəbi ola bilər: sualın ona olduğu kimi çatdırılmaması. Belədə məcbur olub sualı tərcüməçiyə təkrar xatırladırdıq ki, doğru-düzgün cavab alaq.
Lük Holtsun mətbuat konfransı zamanı zala 5 əcnəbi həmkarımızın daxil olduğunu görəndə bəziləri təəccüblənsə də, mən adi qarşıladım. Çünki bir neçə gün öncə bununla bağlı qəzetimizdə xəbər yazmışdıq. İstənilən halda, pandemiyaya görə yaranmış məlum çətinliklərə görə komanda üzvləri xarici ölkələrə səfər etdikləri halda, jurnalistlərin Bakıya gəlmələri sual doğururdu. Həmkarımla söhbətdə məlum oldu ki, onlar da məşqçi və futbolçular kimi koronavirus testi veriblər. Nəticələr qənaətbəxş olandan sonra Azərbaycana gəlişlərində problem olmayıb. 4-ü jurnalist, 1-i fotoqraf olmaqla Bakıya çarter reysi ilə uçan Lüksemburq yığmasının üzvləri ilə eyni təyyarədə paytaxtımıza təşrif buyurublar.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR