Sizin reklam burada

“Qarabağ” virtual yarışda da çempion oldu

Baxış Sayı:627


İlk dəfə keçirilən E-milli liqa başa çatıb. AFFA-nın dəstəyi, “Sport Marketing Group”un təşkilatçılığı ilə baş tutan turnirdə komandalar PES 2020 oyununda gücünü sınadı. 28 e-klubun iştirak etdiyi çempionatda komandalar 7 qrupa bölünmüşdü. Turnirdə premyer-liqa, 1-ci divizion, Region Liqası, futzal liqaları və çimərlik futbolu üzrə superliqa klublarının e-komandaları iştirak etdi. Üç ay davam edən çempionatda qruplarında ilk iki yeri tutan və 2 ən yaxşı 3-cü pillə sahibləri 1/8 finala vəsiqə qazandı.
Gərginliyi ilə yaşıl meydanlardakı matçlardan geri qalmayan turnirin finalına “Qarabağ” və “Ayaks Baku” klubları vəsiqə qazandı. Komandalar müvafiq olaraq “Neftçi” və “Energetik”i yarımfinalda məğlub etdi. Üçüncülük uğrunda görüşdə flaqman Mingəçevir təmilçisini məğlub etməklə 540 manat mükafata sahib oldu. Turnirin ən vacib oyunundan isə “Qarabağ” qalib ayrıldı. “Köhlən atlar” real çempionatda olduğu kimi, virtual yarışda da qələbə sevinci yaşadı. “Qarabağ”ın e-komandasına 3700, “Ayaks Baku”ya isə 1200 manat mükafat verildi.
Komandaların sayının çoxluğu və ilk dəfə belə yarışın keçirilməsi böyük marağa səbəb oldu. E-milli liqanın bütün oyunlarında gərgin mübarizəyə şahidlik etdik. Təşkilatçılıqla bağlı xırda nöqsanlar olsa da, ilk turnir olduğunu nəzərə alaraq yarışın ideala yaxın keçirildiyini deyə bilərik. Yarışı maraqlı edən məqamlardan biri də region komandalarının çoxluğu idi. “Alyans”ın qrup mərhələsini lider tamamlaması, “Energetik”in eyni nəticəni təkrarlaması, hətta yarımfinala kimi irəliləməsi ölkədə ümumilikdə kiberidmana sevginin göstəricisi sayıla bilər. Rayon klublarının təmsilçiləri premyer-liqa komandalarının ad-sanından, onlara yaradılan şəraitdən çəkinmədən, qorxmadan başabaş mübarizə apardılar.
Bir sözlə, E-milli liqa həm gərgin oyunları, həm də geniş izləyici kütləsi toplaması ilə diqqəti çəkdi. Bu yarış həm də sübut etdi ki, hər kəsə bərabər şərait yaradılsa, istənilən komanda uğur qazana bilər. Düzdü, real futbolla virtual arasında fərq çox olsa da, cəhd etməyə dəyər. AFFA və PFL özlərinin təşkil etdiyi turnirdən dərs götürüb, peşəkar futbol klublarına da belə şərait yaratsalar, ölkə futbolunda da inkişaf izləyə bilərik.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR