Sizin reklam burada

“Sportinq Baku”da məşqlər pulsuzdu

Müəllif: football Tarix: 5-09-2020, 17:15 802 Baxış

Vüqar Nadirov: “Əsas odu ki, uşaqlarımız ilk növbədə ölkə xaricinə çıxsınlar”
Yaşlı və orta nəslin nümayəndələri ötən əsrin 90-cı illərinin əvvəllərini, yəqin ki, xatırlayır. SSRİ adlı imperiyadan azad olub yenicə müstəqillik qazanmış ölkəmizdə işsizlik yüksək həddə çatmışdı. Ömürboyu zavod və fabriklərdə çalışanlar, ayın sonunda “tabel”ə qol çəkib maaş almağa öyrəşənlər keçid dövrünün ağırlığını üzərində hiss edirdi. Həmin vaxt fərasətli insanlar nə etdilər? “Tolkuçkalar”a üz tutdular, metryarımlıq “polkalar”da əllərinə keçəni satıb, özlərinə kapital toplamağa başladılar. Həmin vaxt “tokuçkalar”la yanaşı, dəmir “budkalar”, adına “komisyonnu” dedyimiz dükanlar da yağışdan sonra çıxan göbələk kimi artmağa başladı. Müəyyən vaxtdan sonra “komisyonnu” bumu şadlıq sarayları ilə əvəz olundu. Ondan sonra gözəllik salonlarının, SPA mərkəzlərinin sayı artmağa başladı. Artıq az qala hər tində belə obyektlər fəaliyyət göstərirdi. Bir qədər də vaxt keçəndən sonra şadlıq saraylarını mərasim evləri, hiper-super marketləri mollar əvəz etməyə başladı.
Bütün bunları deməkdə məqsədim var: hər aşiqin öz dövranı olduğu kimi, hər biznesin də “at oynatdığı” bir dönəmi arxada qoymuşuq. Bu gün də Azərbaycanda yeni biznes sahəsi – özəl futbol məktəbləri inkişaf etməyə başlayıb. Paytaxtla yanaşı, hazırda ölkənin əksər şəhər və rayonlarında özəl futbol məktəbləri açılıb ki, müəyyən ödəniş qarşılığında valideynlər övladlarını həmin məktəblərə göndərirlər. Ancaq bir çox hallarda adı gurultulu səslənən məktəblərə üz tutanların ümidləri sonda puça çıxır. Müəyyən müddətdən sonra valideynlər başa düşürlər ki, Bakıdakı “Real” Madriddəki adaşı deyil, paytaxtdakı “Qalatasaray” Türkiyədəki nəhəngin heç kölgəsinə də yaxın düşə bilmir. Ortada itən isə uşağın səmərəsiz məşqlərə ayrıdığı vaxt və valideynin ödədiyi pullardı.
İki gün öncə “Space” FM radiosunda çalışan həmkarım Anar Nəbi mənlə əlaqə saxlayıb, paytaxtda fəaliyyət göstərən “Sportinq Baku”nun qonağı olmağı təklif etdi. Yeri gəlmişkən, Anar bəy həmin klubun mətbuat katibidi. Həmkarımın sözünü yerə salmayıb dəvəti qəbul etdim və açığı, düşündüm ki, bu məktəb də kimlərinsə pul qazanması baxımından növbəti layihədi. Nə çoxdu 21-ci əsrin Ostap Benderləri. Nə fikirləşməyimdən asılı olmayaraq, səsini daha çox radio dalğalarından eşitdiyiz həmkarımın xətrinə üz tutdum “Sportinq Baku”nun ofisinin yerləşdiyi “Ruslan-93”ə.
Çörəyi ver çörəkçiyə, birini də artıq
Anar bəy məni ofisin girişində qarşıladı. Çay süfrəsi arxasında klub haqda ümumi məlumat verdi, dünya futboluna Kriştiano Ronaldo kimi ulduz bəxş edən Lissabon klubunun Bakıdakı adaşının icraçı direktorunun “Qarabağ”ın və yığmanın sabiq forvardı Vüqar Nadirov olduğunu bildirdi. Əslində Nadirovun adını çəkdiyim klubda rəhbər post tutması mənim üçün yeni xəbər deyildi. Hələ ötən il bu haqda qəzetimizdə yazılmışdı. Sadəcə, mənim üçün maraqlı olan “köhlən atlar”ın sabiq “17 nömrə”sinin funksioner olaraq necə işlədiyini öyrənmək, klubda görülən işlər haqda geniş bilgi almaq idi.
Klubun mətbuat katibi ilə bir qədər söhbət etmişdik ki, Vüqar bəy özünü yetirdi. Salamlaşandan, hal-əhval tutandan sonra Nadirova “ötürmə edib”, klub barədə danışmasını istədim: “Sportinq Baku”ya gəlişim təsadüfi oldu. Şou-biznesdən olan dostlarımızla futbol oynayırdıq. Oyundan sonra hamının tanıdığı spripka ifaçısı Səlim mənə dedi ki, belə bir komanda var, sənlə işləmək istəyir. Açığı, əvvəl qəti imtina etdim, uşaq futbolunda işləyə bilməyəcəyimi dedim. Lakin sonradan təklif mənə maraqlı gəldi. Klub rəhbərliyi ilə görüşdüm. Strategiya, qarşıya qoyulan məqsəd məni cəlb etdi. Sonda işləməyə razı oldum. Rəhbərliklə görüşdə ilk şərtim o oldu ki mənə böyük səlahiyyət verilməlidi. Çünki bütün işləri peşəkar səviyyədə qurmaq istəyirdim. Mən gələndə komanda İdman Akademiyasının stadionunda məskunlaşmışdı ki, orda da şərait yaxşı deyildi. Təsəvvür edin, qapı ağzında bir otaq vermişdilər və hamı orda otururdu. Kimin nə iş gördüyü də bilinmirdi. Bunun düzgün olmadığını düşündüyüm üçün klubu “Ruslan-93”ə gətirdim. Buranın rəhbərliyi ilə “Qarabağ”da oynayandan tanışıq və yaxşı münasibətlərimiz var. Sağ olsunlar, istədiyim şəraiti yaradıblar və müəyyən güzəştlər də ediblər. Burda hər kəsin ayrıca otağı var. Futbolçular üçün də bütün şərait yaradılıb. Hovuz, trenajor zalı, məşq etmək üçün iki meydan, otel və s. Hazırda daha iki otağın təmiri gedir və orda da tibb personalımızla mətbuat xidmətimiz fəaliyyət göstərəcək. İdman təbabətində tanınmış mütəxəssis olan Esmiralda həkimi də kluba dəvət etmişik. Birgünlük klub yaratmamışıq. Hədəflərimiz böyükdü. İstəyirik ki, öz uşaqlarımızı yetişdirək. Çünki Azərbaycanda yetərincə istedadlı futbolçu var. Niyə gedib kənardan legionerlər gətirməliyik? Özümüzdə olmalıdı ki, gəlmələrə ehtiyac duymayaq. Biz də işimizi bu yöndə qurmuşuq. Keçən il iki yaş qrupu üzrə komandamız var idi. Bu il isə 4-ə çatdırmışıq. 5-12 yaş aralığında uşaqlarla işləyirik. Növbəti ildə qrupların sayını daha da artıracağıq. Yuxarı yaş qruplarından ibarət komandalarımızı da yaratmağı planlaşdırırıq. “Sportinq Baku”nın əsas özəlliklərindən biri də məşqlərin pulsuz olmasıdı. Başqa özəl klublarda məşqlər üçün uşaqlardan aylıq ödəniş tələb olunur. Amma biz fərqli yol tutmuşuq və buna görə klubun sponsoruna təşəkkür etmək istəyirəm. Elə uşaq var ki, istedadı var, amma imkanı yoxdu. Həmin uşaq itib-batmalıdı? Onsuz da futbolçuların böyük qismi kasıb ailələrdən çıxır. Biz də onların imkanlarını nəzərə alırıq. Bütün uşaqlar forma ilə təmin olunur. Onların qidalanması da yüksək səviyyədədi. Klubda çalışan bütün məşqçilərin kateqoriyası var. Hamısı da çalışqan, zəhmətkeş məşqçilərdi. Fərid Məmmədov, Elşən Məmmədov kimi vaxtilə böyük futbol oynamış, yığma üzvü olmuş veteranlar hazırda “Sportinq Baku”da uşaqlara futbolun sirlərini aşılayırlar. Seçimlər zamanı ilk növbədə uşağın kimin övladı olduğuna yox, istedadına önəm veririk. Çünki biz burda bir ailəyik və bu ailənin möhkəmliyi üçün hamının ilk növbədə insan olması vacibdi”.
“Çalışıram uşaqlara hər şeyi sıfırdan öyrədim”
Nadirov “Sportinq Baku”nun icraçı direktoru olmasına baxmayaraq, başqa məşqçilər kimi hər gün meydana çıxdığını, azyaşlılara futbolun incəliklərini öyrətdiyini də bildirdi: “Bir çox klublarda rəhbər şəxslər gününü kabinetdə keçirir, bütün işləri məşqçilərə yönəldirlər. Ancaq bizdə belə deyil. Özüm də meydana çıxıb məşqlərdə iştirak edirəm, uşaqlara futbolun incəliklərini başa salıram. Kreslo mənlik deyil. Ömrümüz meydanlarda keçib. Ona görə özüm də məşqlərdə şəxsən iştirak edirəm. Çalışıram uşaqlara hər şeyi sıfırdan öyrədim. Sabah başqa yerə gedəndə deməsinlər ki, bunu kim öyrədib, hansı məktəbdən çıxıb? Onların tək futbolla bağlı hazırlığına yox, təhsilinə, rejiminə, hətta qidalanmasına da ciddi fikir veririk. Hər birinin gündəliyini yoxlayırıq. Çünki təhsil də uşaqların həyatında çox vacibdi. Hamı yaxşı futbolçu olmur axı. Ona görə indidən təhsilə də ciddi fikir verməlidilər ki, gələcəkdə futbolda uğur qazana bilməsələr, təhsildə nəsə edə bilsinlər. Qidalanmaya gəlincə, hər şey xırdalığına qədər deyilir. Məsələn, uşaqlara qəti şəkildə çips, “Coca-Cola” kimi kimyəvi qatqıların əlavə olunduğu məhsullardan istifadə etməmək barədə xəbərdarlıq olunub. Şəxsi gigiyena qaydalarına xüsusi riayət etmələri tapşırılıb və hər məşqdə də yoxlanılır”.
“Planlar, layihələr çoxdu”
Vüqar bəy yetirmələrini Avropa səhnəsinə çıxarmaq yönündə çalışdıqlarını, bunun üçün “köhnə qitə”nin bəzi klubları ilə əməkdaşlıq etmək istədiklərini bildirdi: “Öz imkanlarımızdan yararlanmaqla yanaşı, tanış menecerlərin də köməyindən istifadə edəcəyik. Əsas odu ki, uşaqlarımız ilk növbədə ölkə xaricinə çıxsınlar. Əsas hədəflərimizdən biri Portuqaliyanın “Sportinq” klubu ilə əməkdaşlıq etməkdi. İstəyirik bizim “Sportinq”dən çıxan uşaqlar birbaşa Portuqaliyaya yollansın və oranın akademiyasında daha da inkişaf etsinlər. Planlar, layihələr çoxdu. Sadəcə, işləmək və əziyyət çəkmək lazımdı. O zaman gördüyümüz işlərin bəhrəsini də görəcəyik”.
Cavid Hüseynov “ulduz səfir” oldu
İcraçı direktorla söhbətimizi başa vurandan sonra ofisə yeni qonaq gəldi. Söhbət “Sportinq Baku”nun “ulduz səfir”lərindən biri olan Cavid Hüseynovdan gedir. Hüseynov vaxtilə yığmada çiyin-çiyinə oynadığı komanda yoldaşına yeni işdə uğurlar arzuladı. “Qəbələ”nin üzvü bu gün uşaq futbolunda yaşanan problemlərə toxunub, belə məktəblərə veteran futbolçuların rəhbərlik etməsini təqdirəlayiq addım kimi dəyərləndirdi. Hüseynovla “Sportinq Baku” arasında əldə olunan razılığa əsasən yarımmüdafiəçi ayda ən azı iki dəfə məşqlərə qatılacaq klubun müxtəlif yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən oyunlarında iştirak edəcək.
RƏŞAD
SON XƏBƏRLƏR