Sizin reklam burada

Türk cocuqlar “Səbail”in oyununda anşlaq yaradıblar

Baxış Sayı:641


Elgiz Abbasov: “Onsuz da avtobusda boş yer var idi və adam Ramin müəllimin adını çəkmişdi”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarında əbədi həkk olan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı həmkarımız, bir müddət “Çempion” qəzetində çalışmış, futbol 11.az saytının baş redaktoru olmuş, hazırda PFL-in Texniki İdman Departamentinin rəisi postunu tutan Elgiz Abbasovdu.
“Bu günə kimi bilmirdim ki, arxa oturacaqda da təhlükəsizlik kəməri var”
Əvvəlcə bugünlərdə üzləşdiyim maraqlı bir hadisəni sizinlə bölüşmək istərdim. Bildiyiniz kimi, cari mövsümün açılış oyunu çərçivəsində baş tutan “Sumqayıt” – “Keşlə” matçına AFFA nümyəndəsi kimi təyinat almışdım. Mövsümün ilk oyununun məsuliyyəti həmişə ağır olur. Necə deyərlər, siftə necə gəlirsə, davamı da elə gedir. Bu üzdən çalışdım ki, 2020/21 “futbol ili”nin ilk görüşündə pandemiya ilə bağlı çatışmazlıq olmasın, xoşagəlməz olay yaşanmasın. 90 dəqiqəni problemsiz ötüşdürdük. Qarşılaşma başa çatandan sonra “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla birgə onun avtomobilində Bakıya dönürdük. Stadionu tərk edib yola çıxmışdıq ki, “kimyaçılar”ın yeni fiziki hazırlıq üzrə məşqçisi, ispan Jerar Merino Elqarristanın səkinin kənarında dayandığını gördük. Məmmədov maşını saxlayaraq onun nə gözlədiyi ilə maraqlandıqda məlum oldu ki, evə gedir. Belədə Rəşad onu maşına oturmağa dəvət etdi və bildirdi ki, lazımi ünvanda düşürəcək. Elqarrista qapını açıb arxa tərəfdə oturan an ordan çox qəribə səs gəldi. İkimiz də dönüb arxaya baxsaq da, heç nə başa düşmədik. Yolboyu “Real”dan, “Barselona”dan danışdıq, İspaniya futbolundakı son duruma toxunduq. Mənzilbaşına çatanda ispan məşqçi qapını açıb düşmək istəyərkən yenə onun oturduğu yerdən əcaib səs gəldi. Bu dəfə Rəşad marağını öldürə bilməyib həmin səsin nə olduğunu öyrənməyə çalışdı. Məlum oldu ki, Elqarrista maşına əyləşəndə arxa oturacaqdakı təhlükəsizlik kəmərini taxıb, düşəndə isə onu açıb. Məmmədov bunu biləndə üzünü mənə tutaraq “bir ildən artıqdı bu maşın məndədi, bu günə kimi bilmirdim ki, arxa oturacaqda da təhlükəsizlik kəməri var və ondan istifadə etmək mümkündü” söylədi. Bu fakt bir daha göstərir ki, avroplalılar avtomobildə - istər qabaqda, istərsə də arxada - oturanda özlərini qorumaq üçün təhlükəsizlik kəmərindən istifadə edirlər. Ən maraqlısı isə maşının sahibi Rəşadın arxa oturacaqda belə bir şeyin olmasından xəbərsizliyi idi.
“Bunların əlindən futbolu buraxacam”
Bu gün karyerasını davam etdirənlər arasında ən baməzə oyunçulardan biri Ruslan Əmircanovdu. Ruslan futbola başlayan gündən 90 dəqiqə meydanda top qovsa da, bu müddətdən dəfələrlə artıq lətifələr, başına gələn gülməli hadisələr danışıb.Hamı onun xətrini çox istəyir, o cümlədən mən də. Bilirsiz ki, son vaxtlar AMADA-nın əməkdaşları çempionat oyunlarından sonra futbolçulardan dopinq-testlər götürür. Ondan da xəbərdarsız ki, dopinq-testdən keçəcək oyunçu püşklə müəyyənləşir. Son vaxtlar mən də hansı oyuna getmişəmsə, Əmircanovu AMADA-nın əməkdaşlarının otağında görmüşəm. Sonuncu dəfə də Ruslanın yenə dopinq-test verdiyinin şahidi oldum. Halbuki iki ilə yaxındı, demək olar ki, meydana çıxmır, əsasən ehtiyat oyunçular skamyasında oturur. Həmin matçdan sonra AMADA-nın nümyəndələrinin olduğu otağın qapısını açıb içəri baxanda gördüm ki, Əmircanov yenə test verməyə hazırlaşır. Dopinq-test də bildiyiniz kimi, idmanda vacib amil olsa da, bir qədər uzun prosesdi və heç kim istəmir ki, 90 dəqiqəlik oyundan sonra AMADA-nın əməkdaşlarının qarşısına çıxsın. Dilim dinc durmadı, özümdən asılı olmayaraq “qardaş, sən son vaxtlar oynamaqdan çox dopinq-test verirsən” dedim. Ruslan elə bil məni gözləyirdi. Bu sözümə həyatdan bezmiş, hər şeydən təngə gəlmiş insan kimi “ə, vallah, bunlar məni bezdiriblər. Bəlkə də bundan sonra iki il də futbol oynayardım, ancaq bu dopinq-test məni boğaza yığıb, bunların əlindən futbolu buraxacam” dedi ki, onun bu sözlərinə həm AMADA əməkdaşları, həm də mən xeyli güldük.
“Ayə, Ramin Musayev mənim qonşum olub”
“Qəbələ” ilə birgə Avropa Liqası çərçivəsində keçirilən oyundan sonra Azərbaycana qayıdırdıq. Bölgə təmsilçisi qonşu ölkəyə jurnalistlərin səfərini təşkil etmək üçün ayrıca avtobus ayırmışdı ki, mən də bəzi işlərdə klubun mətbuat katibi Anar Hacıyevə kömək etmək üçün nümyəndə heyətinin tərkibində yer almışdım. Həmin səfərdə təxminən 40-dan çox azərbaycanlı media nümayəndəsi iştirak edirdi. Bizi gətirən avtobus Gürcüstan tərəfdən “Qırmızı körpü”nü keçdi. Nəqliyyat vasitəsi Azərbycan ərazisinə daxil olduqdan sonra hamımız avtobusa minib yola davam etmək istəyirdik ki, gördüm bir nəfər maşının pəncərəsini az qala sındırır, bərk-bərk döyəcləyərək, nəsə deyir. Pəncərə bağlı olduğundan onun nə dediyini heç kim başa düşmürdü. Ancaq adam da əl çəkmirdi, avtobusun yanı ilə gedərək döyəcləməkdə davam edirdi. Dözməyərək üzümü sürücüyə tutaraq “maşını saxla, görək bu kimdi, nə istəyir, niyə bizdən əl çəkmir” dedim. Sürücü də sözümü eşidərək, avtobusu saxladı və qapını açdı. Qapı açılan kimi pəncərəni döyəcləyən şəxs həyəcanlı şəkildə, tövşüyə-tövşüyə pilləkənə yaxınlaşaraq şirin Gürcüstan azərbaycanlısı ləhcəsində “qadanız alım, futbolçusuzmu” sualını verdi. Mən də söhbəti uzatmamaq üçün qısaca “bəli, futbolçuyuq” cavabını verdim. Fikirləşdim ki, yəqin futbol azarkeşidi, nəsə bir-iki xoş söz deyəcək. Ancaq gümanım məni yanıltdı. “Futbolçuyuq” sözünü eşidər-eşitməz soydaşımız “ayə, Ramin Musayev mənim qonşum olub” söylədi və ardınca “Bakıyamı gedersiz” sualını verib cavab gözləmədən “məni də Bakıya apara bilersizmi” dedi. Onsuz da avtobusda boş yer var idi və adam Ramin müəllimin adını çəkmişdi. Bu üzdən onu da yolda qoymayaraq özümüzlə birgə paytaxta gətirdik.
“Bu günə kimi “Səbail”in oyununda heç o qədər azarkeş olmayıb”
PFL son illərdə klublarımızın Antalya toplanışı zamanı keçirdiyi yoxlama görüşlərini canlı yayınlayırdı. Maykl Essyen də “Səbail”in futbolçusu kimi bu toplanışda iştirak edirdi. “Səbail” Rumıniya klubu ilə üz-üzə gəlirdi ki, biz də həmin oyundan canlı yayın təşkil etməliydik. Qonşu meydanda da uşaqlar arasında hansısa turnir keçirilirdi. Ordakılar hardansa xəbər tutdular ki, Çempionlar Liqasının qalibi olmuş Essyen onlarla yanaşı olan meydanda top qovur. Bunu bilən uşağın qarşısını almaq olar?! Minlərlə azyaşlı turniri unudub üz tutdu “Səbail”in oyuna. Tribunada iynə atsaydın, yerə düşməzdi. Bəlkə də bu günə kimi “Səbail”in oyununda heç o qədər azarkeş olmayıb. İndi uşaqlar öz aralarında “Essyen ötürmə etdi”, “kafa ilə oynadı” deyib sevinirlər. Arada bəziləri mənə müraciət edərək “abi, Essyen hansı takımda oynayır” sualını verirdilər və mən də onlara böyük fəxrlə “Azərbaycan takımı olan “Səbail”də” cavabını verirdim. Tribunaya toplaşan minlərlə uşağın hər biri Mayklın formasını əldə etmək istəyirdi. Aftandil Hacıyev Essyeni 60-cı dəqiqədə əvəzləyərkən, tribunadakıların hamısı futbolçunun üstünə yaxşı mənada hücum çəkdi. Təbii ki, Essyenın hər uşağa forma verməsi qeyri-mümkün idi. Ancaq qanalı səbirlə onunla şəkil çəkdirmək istəyən hər uşağın yanında durdu, avtoqraf istəyənlərin könlünə dəymədi. Həmin an bir daha əsl peşəkarın, milyonların kumirinin onu sevənlərə necə insani münasibət göstərdiyinin əyanı şahidi oldum.
“O qol deyil, avtoqoldu”
Qazaxıstan “Astana”sının yaxşı vaxtlarıdı, Çempionlar Liqasının qrup mərhələsində çıxış edirlər. Rəqiblərdən biri də “Qalatasaray” idi. İnşallah, bu komanda yaxın günlərdə Azərbaycana da gələcək. Bu reallıqdı ki, bizim nəslin nümayəndələrinin Türkiyə klublarına, xüsusilə də “Qalatasaray”a simpatiyası var. Bu da səbəbsiz deyil. Bu komandanın UEFA kuboku və Superkubokunu qazanması təsirini göstərib. Uşaqlarla bir yerdə sözügedən matçı izləyirik. Otaqda məndən başqa, demək olar ki, çoxu “Astana”ya azarkeşlik edirdi. Düzdü, neytral mövqedə olub, oyuna baxanlar da var idi. Elə oldu ki, Qazaxıstan təmsilçisi qol vurdu və həmin an Nurlan İbrahimov mənə acıq verirmiş kimi “yes, “Astana” vurdu” qışqıraraq yerindən tullandı və qol sevincini çılğınlıqla qeyd etməyə başladı. Mən də əsəbimdən “o qol deyil, avtoqoldu” deyib guya özümə təsəlli verirmiş kimi vəziyyətdən çıxmağa çalışdım. Həmin topu “Qalatasaray”ın oyunçusu öz qapsından keçirmişdi. Bu gün də bir araya gələndə bəzən bu söhbəti yada salıb gülürük.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR