Sizin reklam burada

Arzuların dəfni

Baxış Sayı:646

Mən bəzən hansısa bəd xəbərlərin soraqçısı olan intuisiyama ...nifrət edirəm. Dəfələrlə sınamışam, ürəyimə gəlib ki, bir neçə günə tanıdığım bu adam haqda bəd xəbər eşidəcəm. Tezliklə xəbəri almışam və özümü “sən niyə beləsən”, - deyə qınamışam. Arzu Mirzəyevlə bağlı da belə oldu. Bazar günü “feysbuk”da gəzişərkən Boris Xetaqurovun Mirzəyevlə bağlı paylaşımı, daha doğrusu, “Neftçi”nin məşhur müdafiəçisinin “Bəhruzla pressinq”ə verdiyi müsahibə gözümə dəydi. Tənbəllik etmədən qulaq asdım, sonra da yazıya köçürüb, “Futbol+”in çərşənbə axşamı sayına çatdırdım. Təbii ki, bu, Arzu bəyin ilk müsahibəsi deyildi, bəzi fikirləri əvvəlki müsahibələrində də səsləndirsə də, ən azı verilişin formatına uyğun olaraq, çox səmimi göründü. Sən demə, o – 238 manatla bir ay dolanmağa məhkum edilən futbol veteranı son dəfə danışırmış…
Mirzəyev vaxtilə çiyin-çiyinə oynadığı Yaşar Vahabzadənin ünvanına da bəzi ittihamlar səsləndirmiş, o isə elə qəzetimizin ötən sayında cavab haqqından yararlanmışdı. Amma Mirzəyev Vahabzadənin cavabından xəbər tutmadı. Qəzetin həmin sayı satışda olanda veteran artıq həyatda yox idi, yatdığı yerdə dünyasını dəyişmişdi. Bilirsizmi, qəribə olan nədi? Vahabzadənin Mirzəyevdən ona ağız açmasını ummağı. Məgər Yaşar bəy sabiq komanda yoldaşının – 80-ci illərin “Neftçi”sində müntəzəm heyətdə görünən iki gəncəlidən birinin (o biri Maşalla Əhmədov idi) dolanışığından xəbərdar deyildi? Komandada hansısa işi ona tapşırmaq, dolanığışına azacıq yardım etmək bu qədər çətin idi? Təbii ki, çətin deyildi. Mirzəyev daim eyni adamlara güvənən Mehman Allahverdiyev kimi, Yaşar Vahabzadənin komandası üçün də yad adam idi. Amma Arzu bəy belə taleyə, həyatını qayğılar içində və kimsəsizlər kimi bitirməyə layiq deyildi.
Təbii ki, hər adam taleyini özü yazır. Haqq dünyasına köçüb deyə, mən onun obrazını istisnasız parlaq boyalarla çəkməyə çalışan rəssamlardan deyiləm. Üç dəfə ailə qurub hər dəfə də uğursuzluğa düçar olması, ömrün müəyyən mərhələsində bomj həyatı yaşaması, içkiyə aludəçiliyi – bunlar da Mirzəyevlə bağlı məqamlardı.
Amma və lakin... Adamın həyatın hansısa çətinliklərinin öhdəsindən gələ bilməməsi, bəzi məqamlarda xoşbəxtliyi, rahatlığı araq butulkasının dibində tapması ondan hamılıqla üz döndərməyə, “Kəpəz” və “Neftçi” tarixində belə adam olmayıbmiş kimi davranmağa əsas vermir. Ümumiyyətlə, Gəncə boyda şəhərin futbolunda, idmanında ölkə futbolu üçün yetişdirdiyi ən böyük simalardan birinə iş tapılmaması, kirayənişin ömrü yaşayan futbol veteranının 153 manat maaşın (yenə “Neftçi” sağ olsun, veteranına təqaüd verirmiş) ümidinə buraxılması həm ədalətsizlikdi, həm faciədi, həm də miskinlikdi.
Arzu bəyin son müsahibəsinin videoyazısına baxan olubsa, bir neçə məqamda onun gözlərinin sevgi və şəfqət hissi ilə parıldadığını görməmiş deyil. Mənim yadımda ən azı üç belə məqam qalıb. “Neftçi”, yoxsa “Kəpəz”, “Futbolçu olduğunuz müddətdə heç peşmanlıq hissi keçirmisizmi” suallarına cavab verəndə, bir də “Neftçi”nin sabiq masajçısı Faiq Hüseynovun dəvəti əsasında ilin əvvəlində reallaşan BƏƏ səfəri ha qda danışanda Mirzəyev sanki həyata yenidən gəldi, nostalji qarışıq sevinc duyğuları üzünə vurdu, başqalaşdı, qəribələşdi.
58 yaş, 238 manat aylıq və kirayədə, səssiz-səmirsiz bitən ömür... “Yenidən dünyaya gəlsəydim, yenə bu sənəti seçərdim” deyən Arzu bəy yəqin həyatla belə acınacaqlı şəkildə vidalaşacağını təsəvvürünə gətirməzmiş. Amma nə edəsən ki, bu ölkənin futbolu, veteran futbolçularına münasibət belədi. Azərbaycan futbolu sözün bütün mənalarında arzuların dəfni üçün münbit məkandı. Allah rəhmət eləsin.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR