Sizin reklam burada

“Traktor”un “feysbuk” səhifəsindən maraqlı yanaşma

Baxış Sayı:643


“Bu gün biz, sadəcə, “İstiqlal”ı yenmədik”
İran çempionatının son mövsümündə yetərincə inamlı təsir bağışlasa da, sonda mükafatçı yerlərə iddiasını inanılmaz şəkildə əldən verən, “Fulad”dan 1 xal geri qalmaqla 4-cü olan “Traktor” srağagün ölkə kubokunun finalında “İstiqlal”ı 3:2 məğlub etməklə günahını müəyyən dərəcədə yudu. Tarixində 5-ci dəfə kubokun finalında oynayan, 2-ci dəfə mükafatı başı üzərində qaldıran təbrizlilərin bu uğurunu türk dünyası sevinclə qarşılayıb. Xatırladaq ki, “Traktor” 1976-da “Malavan”a, 1995-də “Bəhmən”ə, 2017-də isə “Neft”ə uduzub. Təbrizlilər indiyə qədər yeganə kuboku 2014-də “Mis”i məğlub etməklə qazanmışdı. Son uğuru əlamətdar edən səbəblərdən biri də odu ki, rəqib daim Təbrizə qənim kəsilən Tehranın iki ən məşhur klubundan biri, eləcə də indiyə qədər kuboku 7 dəfə başı üzərinə qaldırmaqla bu turnirin rekordçusu olan “İstiqlal” idi. Ancaq oyuna inamlı başlayan təbrizlilər artıq ilk yarıda üç dəfə fərqlənməklə qələbənin təməlini qoydu. Düzdü, fasilədən sonra tehranlılar bu toplardan ikisinin əvəzini çıxa bildi.
Kuboku qazanan “qırmızılar” Asiya Çempionlar Liqasının qrupunda mübarizə aparacaq. Final oyunu geridə qalsa da, təbrizlilərin uğuru, sevinc göstəriləri gündəmdədi. Klubun “feysbuk” səhifəsi isə bu arada maraqlı status paylaşıb: “Bu gün biz, sadəcə, “İstiqlal” klubunu yenmədik! Onun dalında duran federasyonu-hakimləri və digər mafiyaları yendik! Bu çempionluq bunun üçün çox önəmlidi! Hakim nə qədər də istəsə, bu gün qabağımızı ala bilmədi! Nə qədər də istəsəz, ALLAHın ədalətindən keçə bilməzsiz!”
Göründüyü kimi, təbrizlilər İran Futbol Federasiyası və hakimlər səviyyəsində qərəzli münasibətlə üzləşdiyini iddia edir. Əslində müxtəlif vaxtlarda və ayrı-ayrı oyunlarda bu tendensiyaya sübut olan faktlarla İran çempionatını yaxından izləyən hər kəs üzləşib. O da sirr deyil ki, “Traktor” çoxdan Təbrizi təmsil edən adi futbol klubu çərçivəsindən çıxaraq, İranda yaşayan türklərin azadlıq mübarizəsinin rəmzinə, haqq bağıran, ədalət tələb edən səsinə çevrilib. Şovinist fars rejimi milyonlarla soydaşımızın hüquqlarını pozsa, Güney Azərbaycan türkləri klubu həm özlərinin azadlıq ideyalarının carçısı, həm də Qarabağla bağlı mübarizəmizin vasitəsi kimi görürlər. Titulun mübarək, Təbriz!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR