Sizin reklam burada

Lüksemburq “sülh”lə gəlir, Cənubi Kiprdə zədə sindromu

Baxış Sayı:692


UEFA Bakıya ingilis hakimləri göndərir
Milli komandamız Millətlər Liqasında Lüksemburq və Cənubi Kipr ilə oyunlara hazırlaşır. Canni De Byazinin yetirmələri Mərdəkanda Milli Komandaların Təlim-Məşq Mərkəzində çalışmalarını davam etdirir. “Cırtdan”la oyun sentyabrın 5-də Bakı Olimpiya Stadionunda (BOS) saat 20.00-da başlayacaq. Bundan üç gün sonra isə səfərdə adalıların qonağı olacağıq.
Köhnə-yeni şüar
AFFA milllinin yeni mövsüm üçün şüarını açıqlayıb. Bu barədə qurumun rəsmi "feysbuk" səhifəsi məlumat yayıb: "Azərbaycan milli komandası UEFA Millətlər Liqasında yeni mövsümə yeni baş məşqçinin - Canni De Byazinin rəhbərliyi ilə start verəcək. COVID-19 pandemiyası ilə bağlı stadionlarda da yeni qaydalar tətbiq olunacaq, oyunlar azarkeşsiz keçiriləcək. Azarkeşlərin fiziki olaraq tribunalarda ola bilməyəcəyini nəzərə alaraq, AFFA onların mənəvi dəstəyini hiss etdirmək üçün millimizin yeni mövsümündə köhnə-yeni şüardan istifadə edəcək: “Biz birlikdə güclüyük!"
İngilis hakimlər
Artıq ilk oyunun hakimləri də bəllidi. UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasını ezam edib. Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək. Hakimlərin işinə San Marinodan olan hakim-inspektor Stefano Podeski qiymət verəcək. UEFA nümayəndəsi isə türkiyəli Mətin Kazancıoğlu olacaq.
“Cırtdan” 3-cü liqa təmsilçisi ilə bacarmadı
Lüksemburq millisi Bakıya heç-heçə ilə gəlir. Lük Holtzun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü bundesliqa təmsilçisi "Saarbrükken"i yoldaşlıq matçında üstələyə bilməyib. “Jozi Bartel" stadionunda baş tutan oyunda qalib müəyyənləşməyib - 0:0. Lük Holtz meydana bu “11-liy”i buraxıb: Antoni Moris, Tom Hol, Lars Gerson, Danel Sinani, Jerson Rodriges, Vinsent Till, Dörk Karlson, Olibiyer Till, Leandro Barreyro, Loyrent Cans, Mauris Devil.
Vinsent Till "Saarbrükken"lə qarşılaşmada zədələnib. 20-ci dəqiqədə meydanı tərk edən hücumameyilli yarımmüdafiəçinin Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadı. 20 yaşlı oyunçu ilə yanaşı, Portuqaliya əsilli Jerson Rodriges də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
Əvvəlcə De Byazi, sonra Holts
BOS-da keçiriləcək oyun ərəfəsində təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb. Sabah öncə Canni De Byazi, sonra isə Lük Holts media nümayəndələri qarşısına çıxacaq. İtalyan mütəxəssis sualları 17.15-də cavablamağa başlayacaq. 17.45-də komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq. Holtz 18.00-da jurnalistlər önünə çıxacaq. Qonaqların açıq məşqi 19.00-a nəzərdə tutulub. Hər iki mətbuat konfransı və açıq məşq BOS-da olacaq.
Cənubi Kipr millisində zədə sindromu
Öncə Monteneqro, sonra yığmamız ilə qarşılaşacaq Cənubi Kipr növbəti problemlə üzləşib. Belə ki, Pieros Sotiriu da zədələnib. 24sports.com.cy saytının yaydığı məlumata görə, yüngül zədəsi olan hücumçunun qarşıdakı oyunlarda iştirakı sual altındadı.
Cənubi Kipr Futbol Assosiasiyasının mətbuat xidmətinin üzvü Konstantinos Siambullis yerli mediaya açıqlamasında hazırlıqdan bəhs etməklə yanaşı, itkilərin olduğunu da etiraf edib: “Baş məşqçi yaxın illərdə hazır olacaq gənc futbolçularla işləmək istəyir. Onun futbol fəlsəfəsi budu. Heyətdə bir sıra zədəlilər var. Buna baxmayaraq, baş məşqçi onların yerini doldura biləcək. O, fəlsəfəsinə uyğun futbolçu axtarışını davam etdirir və gələcəyin heyətini formalaşdırmağa çalışır. Əminəm ki, dəvət almayanların yoxluğu hiss olunmayacaq”.
Siambullis müntəzəm koronavirus testindən keçdiklərini də söyləyib: “Ümumilikdə bunu üç dəfə etməliyik. Birini artıq reallaşdırmışıq. Həmçinin Monteneqro və Azərbaycanla oyunlardan əvvəl də test götürüləcək”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR