Alesio: “Birinci yer uğrunda mübarizə aparacağıq”
Dünən futzal üzrə AÇ-2022-nin seçmə qrup mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə yığmalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Komandamız 3-cü qrupda Slovakiya, Moldova və Türkiyə - Yunanıstan cütünün qalibi ilə oynayacaq.
Yekunda 8 qrup qalibi və ən yaxşı göstəricilərə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-offda üz-üzə gələcək.
1-ci qrup
San Marino/Danimarka
Xorvatiya
Albaniya
Ukrayna
2-ci qrup
Bolqarıstan/Ermənistan
Fransa
Gürcüstan
Rusiya
3-cü qrup
Türkiyə/Yunanıstan
AZƏRBAYCAN
Slovakiya
Moldova
4-cü qrup
İngiltərə/Şimali Makedoniya
Rumıniya
Serbiya
Bosniya və Hersoqovina
5-ci qrup
İsrail/Cənubi Kipr
Qazaxıstan
Macarıstan
Belarus
6-cı qrup
İsveçrə/Almaniya
İspaniya
Latviya
Sloveniya
7-ci qrup
Monteneqro/Litva
İtaliya
Belçika
Finlandiya
8-ci qrup
Polşa
Portuqaliya (son qalib)
Norveç
Çexiya
Oyun günləri: 2-11 noyabr (ilkin mərhələnin pley-off oyunları), 6-9 dekabr, 25 yanvar-3 fevral 2021, 1-10 mart, 5-14 aprel. Avropa çempionatının final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.
Yığmanın baş məşqçisi Joze Alesio Da Silva püşklə bağlı bunları söyləyib: “Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldığını görə bilərik. Əlbəttə, heç bir rəqib zəif deyil. Türkiyə - Yunanıstan cütünün qalibi rəqibimiz olacaq. Dostum 4 ildi Yunanıstan millisində işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidi. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda münasibətləri aydınlaşdırdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, oyunun sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zamanı az səhv edirlər. Həmin rəqiblə elit-raundun oyununda da üz-üzə gəldik və görüş 3:3 hesabı ilə yekunlaşdı. Son bir ildə iki dəfə rəqib olduğumuza görə bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq.
İndi hazırlıq planını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdi. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.