Sizin reklam burada

“Molde” Bakıya gəlmək istəmir

Baxış Sayı:731

“Molde” Bakıya gəlmək istəmir

Asif Əsgərov: “UEFA “neytral meydanda oynayacaqsız” desə, bunu əsaslandırmalıdı”
Oturduğun yerdə başına iş açmaq məsəli zərərçəkənin özü-özünə vurduğu ziyana görə nəzərdə tutulsa da, bəzən sənə aidiyyatı olmayan məsələdə problemlə üzləşdiyin zaman da işlədilir. “Qarabağ”ın hazırkı vəziyyəti belədi. Oturduqları yerdə başlarına iş gəlib, indi də başlarını iki əlləri ilə tutub UEFA-dan gələcək cavabı gözləyirlər.
Püşkdən sonra məktub göndəriblər
Avqustun 31-də ağdamlıların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyunu da Bakıda keçirəcəyi məlum olandan sonra az sonra uzaq Norveçdən “Qarabağ”ın e-mailinə məktub daxil olub. Məktubda “Molde”nin Bakıya gəlmək niyyətində olmadığı yazılıb, oyunun keçirilmə məkanı kimi Norveç və ya neytral ölkələrin biri təklif olunub. Səbəb isə bu ölkədən çıxan komandanın geri qayıtdıqdan sonra 10 günlük karantinə alınacağıdı. “Molde” rəsmiləri işlərini möhkəm tutmaq üçün dövlətin bu qərarının sərt olduğunu vurğulamaqla yanaşı, futbola görə güzəşt olunmayacağını da məktubda qeyd ediblər. Qısası, istəkləri uzaq yoldan, yorğunluqdan, fərqli iqlim şəraitindən yayınmaq üçün Bakı səfərindən imtina etməkdi.
UEFA-nı xəbərdar edibmişlər
İlk sual: onları buna məcbur edən nədi və ya bu iddia ilə çıxış etmələrinin məntiqi izahı varmı? Norveç hökumətinin xaricdən ölkəyə daxil olanlara, ya da qısa müddət ərzində ölkədən giriş-çıxış edənlərə mesajı var: “Norveçə yüksək yoluxma səviyyəsinə malik ölkədən qayıtsaz, mütləq karantinə alınacaqsız”. Avropanın, demək olar, bütün ölkələri riskli yer hesab olunur ki, Azərbaycan da həmin siyahıya daxildi. Lakin istisna sayılan ölkələr də mövcuddu: Skandinaviya ölkələri (Danimarka, İsveç, Finlandiya, İslandiya, Farer adaları), İtaliya, Macarıstan, San Marino, Latviya, Litva, Estoniya, Slovakiya və Sloveniya.
“Molde” rəsmiləri ölkədəki vəziyyətin qarışıq olduğunu nəzərə alaraq püşkatmadan əvvəl siyahıda göstərilən ölkələrdən başqasına gedə bilməyəcəklərini məktubla UEFA-dakıların diqqətinə çatdırıblar. İndi də əllərində buna dair sübut-dəlil var deyə, “əvvəldən sizə demişdik” ismarıcı ilə Azərbaycana yollanmaq fikrində olmadıqlarını açıq-aşkar bildirirlər.
“Qarabağ”lıq bir şey yoxdu
“Qarabağ”ın bu məsələdə boy göstərməsi anlaşılandı. Püşkün nəticəsi oyunun Bakıda keçirilməli olduğunu deyirsə, norveçlilər bura gəlməyə borcludu. Klub rəhbərliyi hər açıqlamasında avrokuboklardakı uğurlarda əsas istəklərinin Qarabağın Azərbaycana məxsusluğunu dünyaya çatdırmaq olduğunu bəyan edirlər. Yəni “Molde” Azərbaycana gəlməlidi ki, bu adın Azərbaycana aid olduğuna əmin olsunlar. Digər tərəfdən, “Molde”nin məsələdən UEFA-nı əvvəldən xəbərdar etməsinin bizə nə dəxli var? Xəbərdar etmişdilərsə, Avropanın ali futbol qurumu da püşkatmanı buna uyğun keçirərdi. Ya da əvvəldən qeyd edərdilər ki, “Molde” filan komandayla düşsə, filan ölkəyə getməyəcək və oyun neytral yerdə keçiriləcək. Yəni qarışıq vəziyyətdə ortada norveçlilərin haqlı olduğuna dair dəlil olsa da, “Qarabağ” da bir o qədər təmizdi.
Ucuz bəhanə
Sadəcə, qarşı tərəfin iddiası daha çox bəhanəyə oxşayır. Deyək ki, “Molde” ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində “Çelye” ilə qarşılaşmışdı və Sloveniya təhlükəsiz ölkələrin siyahısındadı. Ona görə də vətənə qayıdandan sonra komanda üzvləri karantinə alınmadı. Elədisə, bu ay 2 rəsmi oyuna çıxacaq Norveç yığmasının və rəqiblərin taleyi necə olacaq? Bu ölkənin millisi sentyabrın 4-də Avstriyanı qonaq edəcək, bundan 3 gün sonra isə Şimali İrlandiya ilə səfərdə qarşılaşacaqlar. Maraqlıdı, avstriyalılar yad ölkədən Norveçə ayaq basanda karantinə alınmadan birbaşa otelə yollanacaqlar? Yoxsa yığma üzvləri Şimali İrlandiyadan qayıdandan sonra karantinə alınmaqla bağlı onlara göstəriş verilməyəcək? Hər halda, inandırıcı işə oxşamır. Yığma futbolçularının hərəsi bir kluba məxsusdu və onların 10 gün karantində “yatması” böyük narazılığa səbəb olacaq. Və ya “Molde” növbəti mərhələdə - udmasından və uduzmasından asılı olaraq Avroliqanın, ya da ÇL-in pley-offunda – “təhlükəli ölkələr”dən birinə səfər etməli olsa, onda necə davranacaq?
Hər bir dövlətin rəhbərliyi qarşıdurmadan və problemdən qaçmaq üçün çıxış yolları tapmağa borcludu və tapır da. Əlbəttə, pandemiya və yoluxma olduqca təhlükəlidi, amma hər bir işdə güzəşt var. Hökumətə müraciət etməklə idmana görə güzəşt almaq olar. Sadəcə, “Molde” əlinə düşən fürsətdən sui-istifadə etməyə çalışır. “Alkmaar” ÇL-in 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə oynamalıdı. Lakin Hollandiyadakı mövcud tələblər, yəni “narıncı zona”da yerləşən Ukraynadan vətənə qayıdandan sonra “Alkmaar”ın üzvlərinin 10 günlük karantinə alınmasına əsas verir. Klub rəhbərliyi ölkə rəhbərliyinə müraciət edərək güzəşt imkanı qazanıblar. Halbuki hollandların da norveçlilər kimi vay-şüvən salmaq imkanı var idi. Dəqiq desək, norveçlilərin də hollandlar kimi davranmaq imkanı var.
Klub rəsmisindən UEFA-ya mesaj
İndiki durumda “Qarabağ”ın özündən də çox şey asılıdı. “Molde”nin özünə görə haqlı tərəfləri ola bilər. Amma yuxarıda da qeyd olunduğu kimi, detallar püşkatmadan əvvəl müzakirə olunmalı, riskli ölkələrlə bağlı qərar vaxtında verilməliydi. Ona görə də Ağdam təmsilçisindəki əsas söz sahibləri hüquqlarını qorumağı bacarmalı, yeri gələndə təcrübəli hüquqşünasların xidmətindən yararlanmalıdı. Heç bir halda boşalmaq, ipi qarşı tərəfin əlinə vermək olmaz.
Bir də ki, “Molde” Azərbaycan və bu qəbildən olan ölkələrə səfər edə bilməyəcəyini əvvəldən UEFA-ya bildirmişdisə, bundan bizimkilərin xəbəri yox idi? Vaxtında buna uyğun addım atmaq olmazdı?
Bu və digər suallara klubun UEFA-yla yazışmalarda birbaşa iştirak edən rəsmisi, “Qarabağ”ın baş meneceri Asif Əsgərovla söhbətdə aydınlıq gətirmək istəyirdik. Asif bəy hansısa yeniliyin olmadığını bildirib, buna qədər mətbuata verdiyi açıqlamalardan istifadə etməyimizi xahiş etdi: "Çalışırıq ki, matçın yeri dəyişməsin. UEFA-nın bizə yox, "Molde" tərəfə yönəlməsi üçün müxtəlif dəlillər gətiririk. Son qərarı UEFA verəcək. Hansı qərar olsa, həm biz, həm də qarşı tərəf hörmətlə yanaşmalı və onu icra etməlidi. Avropanın bir çox ölkələri istisnalar edirlər. Məsələn, Macarıstan da başqaları kimi belə qərar çıxarıb, amma idmana güzəşt var. İsveç və Norveç isə karantinlə bağlı qərar verəndə istisna yazmır. Bu da hansı tədbirin keçirilməsindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına şamil olunur. Azərbaycan UEFA-ya üzv olan 55 ölkədən biridi. UEFA da bilir ki, idman prinsipləri bərabər olmalıdı. "Mən Avropa Birliyi ölkələrinə gedə bilirəm, amma Azərbaycana gedə bilmirəm" məsələsi bir az açıqdı. Biz öz dəillərimizi UEFA qarşısında qabartmışıq, sonda qərarı onlar verəcək. Püşk atılan kimi "Molde"dən məktub gəldi ki, harda oynayacağıq? Bu, çox rahat yoldu. Biz neytral meydanda oynamağa razılaşsaydıq, məsələ bağlanacaqdı. Amma razılaşmadığımızı deyərək, hiss etdirməyə çalışırıq ki, düzgün və ədalətli tərəf bizik. UEFA bizə “neytral meydanda oynayacaqsız” desə, bunu əsaslandırmalıdı. Üzvü olduğumuz Avropa Klublar Assosiasiyası və digər qurumlar vasitəsilə haqlarımızı tələb etməyə çalışırıq. Qısası, görməli işlərimiz çoxdu”.
AFFA da məsələyə qarışıb
Yaranmış vəziyyətə AFFA-nın biganə qalması absurd olar. Söhbət milli assosiasiyadan gedirsə, klubların beynəlxalq arenalardakı hüquqlarını qorumaq, hansısa mənada onlara kömək etmək ölkənin bir nömrəli futbol qurumunun borcudu. Xüsusən söhbət AFFA-dan gedirsə, UEFA-nın cavabının xeyrimizə olacağına ümid etmək olar. Əvvəla ona görə ki, SOCAR UEFA-nın rəsmi tərəfdaşlarından sayılır. Digər tərəfdən, AFFA-nın icarı vitse-prezidenti Elxan Məmmədov Avropa futboluna cavabdehlik daşıyan qurumda kifayət qədər tanınır. Belədə norveçlilərin qalib ayrılmasına imkan vermək olmaz.
Elxan Məmmədov məsələ ilə bağlı “report”a danışıb: "Püşkə əsasən oyun Bakıda olmalıdı. Lakin müxtəlif ölkələrdə fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır. AFFA, "Qarabağ" rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və "Molde" rəsmiləri ilə danışıqlar aparırlar. Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadı. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək".
Son söz UEFA-nındı
Bizdən olsa, ortaya kifayət qədər dəlillər qoymaqla “Qarabağ”ın haqlı tərəf olduğunu sübut edə bilərik. Necə ki, edirik də. Amma skandinavların da özlərinə görə düzləri var və bu işdə sona qədər gedəcəklərini göstərirlər. Son söz UEFA-nındı. Klub turnirini təşkil edən qurum oyunun keçirilmə məkanı ilə bağlı nə desə, o da olacaq. Qarşılaşma ya neytral meydanda oynanılacaq, ya “Molde” Bakıya gələcək, gəlməkdən boyun qaçıracağı təqdirdə isə texniki məğlubiyyət alacaqlar.
İnanaq və ümid edək ki, UEFA-nın qərarı xeyrimizə işləyəcək. Hətta fərqli qərar versələr belə, Asif Əsgərovun sözü olmasın, bunu izah etməlidilər.
HƏBİB

Yeri gəlmişkən...
“Qarabağ” – “Molde” oyununun vaxtı müəyyənləşib. Qarşılaşmanın gününü Norveç təmsilçisi açıqlayıb. Görüş sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.00-da başlayacaq. Amma təbii ki, yekun qərarı UEFA verəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR