Sizin reklam burada

“Sabah” Cavidi də yola saldı

Baxış Sayı:709

“Sabah” Cavidi də yola saldı

Yeni mövsümə yeni baş məşqçi və xeyli sayda yeni futbolçuyla başlayan “Sabah”da “yarpaq tökümü” davam etməkdədi. Bu yay Məqsəd İsayev, Vadim Abdullayev, Kərim Diniyev, Elgün Nəbiyev, Cavid İmamverdiyev, Rəşad Eyubov kimi futbolçularla yolları ayıran “tələbələr” daha bir oyunçuyla müqaviləni vaxtından əvvəl pozub.
Ötən yay “Sumqayıt”dan cəlb olunan Cavid Tağıyevlə gələn ilin yayına qədər olan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Karyerasının ən yaxşı illərini AZAL-la “Qarabağ”da keçirən, cinahdakı sürətli oyunu hesabına əsas yığmaya da dəvət alan 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm kifayət qədər şans qazanmamışdı. Zədəyə görə bir müddət futboldan kənar düşmüşdü ki, belədə başa çatan mövsümdə “Sabah”da 4-ü çempionat, 1-i kubok oyunu olmaqla 5 matçda forma geymiş və cəmi 109 dəqiqə meydanda olmuşdu. Görünür, Visente Qomes Cavidin durumu ilə tanış olandan sonra komandanı tərk etməsinin məqsədəuyğun olduğunu bildirib.
Səbəbkar bizimlə söhbətdə həm “Sabah”dan ayrılmasından, həm də gələcək taleyindən danışdı: “Sabah”dan ayrılmağım zədəyə görə oldu. Karantin dönəmində fiziki formamızı qorumaq üçün hərə bir cür məşq edirdi. Mən də Tovuzda hazırlaşırdım, fərdi çalışırdım. İyulun 4-də sağ ayağımda ağrılar hiss etdim. Bakıya gələndən sonra müayinə olundum və məlum oldu ki, sağ ayağımın ön çarpaz bağları qırılıb. Bu isə o deməkdi ki, əməliyyat olunmalıyam. Yəni komandanın hazırlığında aldığım zədə deyildi. Zədə məsələsi ortaya çıxandan sonra klub rəhbərliyi ilə söhbətim oldu. Onlar mənə əməliyyatdan sonra bərpa keçməyin və forma yığmağın xeyli vaxt aparacağını deyib, yolları ayırmaq istədiklərini bildirdilər. Aramızda elə bir problem olmadı. Söhbət edib, razılaşdıq. Klubla daha birillik müqaviləm var idi deyə, əməliyyat xərcinin yarısını “Sabah” qarşıladı. Belə deyim, 1 illik maaşımın kiçik bir hissəsini verdilər. Sentyabrın 9-da Türkiyədə əməliyyat olunacam.
Açığı, bu dəqiqə bütün fikrimi əməliyyata və sağalmağa yönəltmişəm. Ona görə də təkliflər barədə düşünmürəm. Əvvəl özümə gəlməliyəm ki, sonra da kiminləsə danışıq aparım. 2020-ni mənim üçün başa çatmış hesab edə bilərik. İnşallah, qış fasiləsində maraqlananlar olsa, danışıqlara başlayarıq”.
Yeri gəlmişkən, çempionatdakı fasilədən istifadə edən paytaxt təmsilçisinin sentyabrın 5-də “Sumqayıt”la yoldaşlıq görüşündə qüvvəsini sınayacağını və qarşılaşmanın “Bank Respublika Arena”da keçiriləcəyini xəbər vermişdik. Artıq oyunun başlama saatına da aydınlıq gəlib. Oyunun start fiti 19.00-da səslənəcək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR