Sizin reklam burada

Rəqib qardaşın olanda...

Baxış Sayı:693

“Neftçi”nin “Qalatasaray”ı keçmək şansı mənim üçün 100 faizdi” – bu sözləri “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov deyib. Əhsən, Füzuli bəy. İnsan gərək həmişə özünə inansın, qarşısındakı rəqibdən qorxmasın. Bəli, futbolda səviyyə fərqi deyilən bir anlayış var. Bu fərq həmişə olmasa da, bir çox hallarda özünü göstərir. O vaxtlar Azərbaycan millisi doğma meydanda keçirdiyi oyunlara müdhiş motivasiya ilə çıxırdı, futbolçularımız öz azarkeşlərinin qarşısında uduzmaq istəmirdi. Nəticədə meydandakı 11 futbolçu çevrilib olurdu 11 döyüşkən cəngavər. Onlar meydanda can qoyur, rəqibini dişiylə-dırnağıyla didməyə belə hazır görünürdülər. Nəticədə millimizin Bakıdakı oyunları bir qayda olaraq gərgin mübarizənin fonunda keçirdi. Hakan Şükürlü, Rüştü Rəcbərli, Arif Ərdəmli Türkiyə millisiylə Bakıdakı oyun futbol qarşılaşmasından daha çox qəbilələr arasındakı davanı xatırladırdı. Elə Rumıniya, İtaliya ilə qarşılaşmalar da belə olmuşdu. Hamımızın birmənalı mövqeyi belə idi ki, bizimkilər adlı-sanlı rəqibdən heç nədə geri qalmır, hətta onlardan yaxşı oynayırdılar. Amma son anda bəxt üzümüzə gülmürdü, təsadüfi qollarla uduzurduq.
Türkiyəyə Bakıda 0:1 hesabıyla uduzanda da belə olmuşdu, Rumıniya Respublika stadionunda eyni hesablı qələbəyə sevinəndə də. İtalyanlar qapımızdan iki cavabsız top keçirmişdilər. Birini Del Pyero əsl sehrbazlar sayağı cərimə zərbəsindən vurmuşdu. O birini də şanssız Tərlan Əhmədov Dimitri Kramarenkonun qoruduğu qapıya “göndərmişdi”. Bəli, bu rəqiblərin heyətində bizim futbolçulardan qat-qat baha, güclü çempionatlarda çıxış edən top ustaları yer almışdı. Amma bizimkilər başabaş mübarizə aparmağı bacarır, onlardan geri qalmamağa çalışırdılar. Nəyin sayəsində? Təbii ki, məhz yuxarıda vurğuladığım döyüşkənliyin, əzmkarlığın. Onlar uduzmamaq, rəqibə özlərini sübut etmək üçün meydanda can qoymağa hazır idilər. Necə olur-olsun, təki azərbaycanlı futbolsevərlər evlərinə məyus dönməsinlər, Azərbaycan millisi Bakıda uduzmasın. Bu daxili güc sayəsində rəqibə çətin anlar yaşatmaq, onları həyəcanlandırmaq mümkün olurdu. Füzuli Məmmədovun “Qalatasaray”la qarşılaşacaq “Neftçi”nin qələbə şansını 100 faiz nisbətində dəyərləndirməsi də məhz bu daxili gücdən qaynaqlanır. Di gəl ki, səviyyə fərqini də unutmaq olmaz.
Bəli, Türkiyənin, Rumıniyanın, İtaliyanın Bakıda qələbə qazanmasını şərtləndirən amil də həmin o səviyyə fərqi idi. Bizə elə gəlirdi ki, millimizin üzvləri rəqibdən heç nədə geri qalmır, hətta daha çox qol şansı yaradırıq. Amma həmin şanslardan düzgün istifadə edə bilmirik. Rəqibin əlinə bir fürsət düşür, onlar da şansı qaçırmır və bizi məğlub edirlər. Elə səviyyə fərqi də özünü belə biruzə verir. Daha təcrübəli tərəf tələsmir, 90 dəqiqə ərzində qol fürsəti qazanacağına əmin olur və səbrlə həmin məqamı gözləyir. Sonda həmin fürsət əlinə düşür və həlledici zərbəni vurmaq da çətin olmur. Bizim üçün hər məğlubiyyət bir dərs olmalı, səhvlərimizin üzərində öyrənməli, addım-addım irəli getməliyik. Füzuli Məmmədovun çılğın xarakteri hamımıza məlumdu. Həm bu xarakteri, həm də komandasına olan inamı, futbolçuları ruhlandırmaq istəyi son açıqlamasında özünü göstərir. Əminəm ki, onun bu açıqlaması “Neftçi”nin formasını geyən hər bir futbolçu üçün motivasiya mənbəyinə, əlavə gücə çevriləcək.
Amma təkcə özünəinamla, daxili güc hesabına özündən qat-qat güclü rəqibini məğlub edə bilməzsən. Bir az tədbirli olmaq, gücünü düzgün hesablamaq, rəqibi də qiymətləndirmək vacibdi. İndiki məqamda Füzuli Məmmədov bütün bunları nəzərə almalıdı. Bəli, “Qalatasaray” heç də yaxşı vaxtlarını yaşamır, “sarı-qırmıızılar” əvvəlki kimi qorxulu rəqib deyil. Bununla belə, “Qalatasaray” elə “Qalatasaray”dı. Nahaq yerə “Avropa fatehi” adını üstündə gəzdirmir. Fatih Terimin məşqçilik bacarığı da hörmət bəslənməsi vacib olan ciddi nüansdı. “Aslanlar”ın dilini ondan yaxşı heç kim bilmir. Vacib məqamlarda onun bircə dəfə “haydı, koçum, haydı, aslanım” deməsi kifayət edir ki, meydanda böyük dəyişikliklər görək, futbolçular ikiqat əzmlə mübarizə aparmağa başlasınlar. Bütün bu məqamlar “Neftçi” üçün həm yaxşıdı, həm də pis. Yaxşılardan yararlanmaq, pislərdən isə mümkün qədər “sığortlanmaq” lazımdı.
Nəticədən asılı olmayaraq, Bakıda böyük futbol bayramının yaşanacağı şübhə doğurmur. “Neftçi”nin prezidenti Kamran Quliyevin sözlərinə qatılıram. Təəssüf ki, bu bayram pandemiya dövrünə düşdü, tribunalara azarkeşlərin buraxılmasına icazə yoxdu. Belə olmasaydı, Bakı Olimpiya Stadionunda futbol şöləni yaşanardı, onminlərlə futbolsevər iki qardaş xalqın futbolunun bayraqdarını izləmək üçün tribunalara axın edərdilər. Elə türkiyəli qardaşlarımız demişkən, başa gələn çəkilir. İndiki halda biz də taleyimizlə barışıb, tarixi qarşılaşmanın start fitini gözləməliyik. Ümid edək ki, “Neftçi”–“Qalatasaray” oyunu elə afişada göründüyü kimi, əsl futbol bayramı havasında keçəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR