Sizin reklam burada

Dvorkoviç narazılar ordusuna səsləndi

Baxış Sayı:692


“Qərarımda məntiq və ədalət prinsiplərinə əsaslandım”
Pandemiya üzündən ilk dəfə onlayn formatda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası tarixin yaddaşına qovuşsa da, müzakirələr bitmək bilmir. Səbəb sadədi: internet kəsilmələri konkret iki oyunun nəticəsinə birbaşa təsir etdi. FİDE-nin bununla bağlı qəbul etdiyi qərarlar isə heç kimi razı salmadı. Düzdü, medallara iddialı yığmamızın 1/4 finalda Polşaya uduzduğu qarşılaşma normal axarda başa çatdı. Ermənistan isə internetlə bağlı problemə görə yarımfinaldan kənarda qaldı. FİDE düşmən ölkə yığmasını texniki məğlubiyyətlə cəzalandırdı. Elə həlledici oyuna da ali şahmat qurumu damğa vurdu. Rusiya – Hindistan finalında ikincilər eyni problemlə üzləşsələr də, FİDE bu dəfə hər iki komandanı qalib elan etdi. Hər sahədə şüvən salmaqla ad çıxaran ermənilər məhz bundan sonra səslərini başlarına atdılar. Marqlıdı ki, rusiyalılar da titulun bölüşdürülməsinə etiraz edirlər. Şahmatçılar və ekspertlər həmyerliləri Arkadi Dvorkoviçin başında dayandığı FİDE-ni “ağ yuyub, qara sərirlər”.
FİDE-nin başqanı məhz bu yarışla bağlı yaranan ajiotaja son qoymaq, ehtirasları səngitmək üçün müsahibə verib. Dvorkoviçin chess.com saytına söylədiyi fikirlərlə tanış olmağa dəyər.
* Bu, Olimpiada yox, onlayn-Olimpiada idi. Fərqli ad, fərqli yarışdı, hamı da bunu belə başa düşməlidi.
* Mənim iki komandaya qızıl medal verməklə bağlı qərarımda heç bir siyası çalar yoxdu. Yalnız üç məqam var: qanun, ədalət və texniki detal.
* Ermənistanın məsələsində üzə çıxardıq ki, internetlə bağlı qlobal problem yoxdu. Chess.com serverində də həmçinin. Erməni tərəfi texniki hesabat tələb edir, biz də onu gözləyirik.
* Kənardan elə görünür ki, Rusiya – Hindistan oyununda yaşananlarla Ermənistan – Hindistan duelində olanlar oxşardı. Amma belə deyil. Hindistan tərəfi bizi məlumatlandırandan sonra fərqli mənbələrdən məsələni araşdırdıq və məlum oldu ki, həqiqətən də qlobal problem imiş... Təəssüf ki, bundan oyundan öncə xəbər tuta bilmədik. Belə olsaydı, görüşü təxirə sala bilərdik. Bu, bizim üçün gələcəkdə nəticə çıxaracağımız bir dərsdi.
* Hindistanın yeganə tələbi iki oyunun nəticəsinin ləğv olunması idi, başqa heç nə. Niyə Apellyasiya Komitəsində 3 yox, 2 nəfər var idi? Etiraf edim ki, bu bizim buraxdığımız boşluq idi. Bunun üzərində düşünmək lazımdı. Apellyasiya Komitəsi iki oyunun nəticəsinin ləğvinə razılaşdı. Yalnız hadisələrin sonrakı axarıyla bağlı konsensus yox idi.
* Final matçını yenidən keçirmək? Birincisi, internetlə bağlı texniki problemlər aradan qaldırılmamışdı. Deməli, oyunları minimum növbəti günə qədər təxirə salmalıydıq. Əslində bu böyük problem deyildi, psixoloji məsələdi. Bütün iştirakçılar növbəti gün oynaya biləcəkmi? Axı onlar öz qrafiklərini Olimpiadanın təqviminə uyğun qurmuşdular. İddiaçıların turniri kimi təxirə salmalıydıq? Bu, yaxşı variant deyil. Çünki harda və nə vaxt davam edəcəyini bilmirsən.
* Əmin idim ki, Rusiya yığmasını finalda uduzmaq riskiylə üz-üzə qoymaq olmaz. Yekun hesab ən pis halda 3:3 olacaqdı. Ona görə də armagedon oyunun yenidən keçirilməsindən daha ədalətli olardı. Rusiya uduzsaydı, demarş ehtimalı yüksək olacaqdı. Yəni Ermənistandan sonra ikinci belə hadisə ilə üzləşəcəkdik. Bu isə Olimpiadanın imicinə zərbədi – komanadalar yarışdan çəkilir, boykot edir. Bəlkə də bu variantın baş vermək ehtimalı 20 faizə bərabər idi, amma bu mənim üçün böyük risk olardı. Məsələylə bağlı Rusiya yığması ilə əlaqə saxlamadığım haqda deyilənlər də yalandı. Mən Rusiya Şahmat Federasiyası ilə danışırdım. Apellyasiya Komitəsinin işinə qarışmadım. Amma həmin vaxt şahmatçıları və federasiyanı məlumatlandırırdım.
* Onların fikirlərini öyrənsəydim və “yox, biz oyunun yenidən keçirilməsini istəmirik” cavabını alsaydım, komandanın təzyiqi ilə qərar qəbul etməli olacaqdım. Mən isə heç bir tərəfin təzyiq etməsini istəmirdim. Bu mənim qərarımdı, məsuliyyətimdi. Həm də başa düşmək lazımdı ki, həmin vaxt hər iki tərəf stress içində idi, emosiyalarına hakim ola bilmirdilər. Mən də bu vəziyyətdə olan adamların həmin an verdikləri qərara görə ertəsi məyus olmalarını istəmədim.
* Apellyasiya Komitəsi yalnız iki məsələni araşdırdı. Finalın yenidən keçirilməsi variantına meyilli olsalar da, yekdil fikrə gələ bilmədilər. Mənə görə Rusiya qələbəni haqq edirdi, Hindistan isə məğlubiyyətə layiq deyildi. Beləliklə, hər iki komanda “qızıl”a layiq idi. Mən də qərarımda məntiq və ədalət prinsiplərinə əsaslandım. Bəzi idman növlərində iki qalibin elan olunmasıyla bağlı nümunələr var. Əlbəttə, həmin qərarlar da qalmaqala səbəb olub. Rusiya və başqa ölkələrdən olan şahmat həvəskarları məhz Rusiyanı Olimpiadanın qalibi sayırlar. Hindistanda isə fərqli düşünürlər. Amma fikrimcə, Rusiya yığması bu qələbə ilə qürur duymalıdı. Azarkeşlər də həmçinin. Dünya və Avropa çempionatından sonra bu ardıcıl üçüncü tituldu. Hindistan üçün isə ilk Olimpiada “qızıl”ıdı. Əlbəttə, ənənəvi Olimpiadanın olmasa da, yenə də çox vacib “qızıl”dı. Mən ürəyimi beynimdən ayıra bilmirəm. Hərçənd qərar verərkən bunu etməliydim. Ürəyimdə Rusiya yarışın qalibidi. Beynim isə ikinci “qızıl”ı Hindistana verməyi qərarlaşdırdı. Hərdən həyata belə şeylər olur. Bir nəfər ağır qərarlar qəbul etmək məcburiyyətində qalır.
* Emosiyaları kənara qoyub, davam etmək lazımdı. Ümumiyyətlə, heç kimə emosiyalara qapılıb açıqlama verməyi məsləhət görmürəm. Əvvəlcə sakitləşin, sonra danışın. Narazı qalan Ermənistan tərəfi ilə əlaqə saxlayıb, durumu izah etdim. İnanıram ki, məni başa düşdülər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR