Sizin reklam burada

Vahabzadə Mirzəyevin cavabını verdi

Baxış Sayı:770

Vahabzadə Mirzəyevin cavabını verdi


“ARB Aran” telekanalının “yutub” xəttində yayınlanan “Bəhruzla pressinq” verilişinin qonağı olan “Neftçi”nin və “Kəpəz”in veteranı, SSRİ idman ustası Arzu Mirzəyevin səsləndirdiyi fikirləri ötən sayımızda diqqətinizə çatdırmışdıq. Ölkə və Gəncə futbolunun bugünkü durumundan ürəkağrısı ilə danışan veteran futbolçu hazırda “Kəpəz”in baş məşqçisi olan Yaşar Vahabzadənin də “bostanına daş atmağı” unutmayıb. SSRİ çempionatında “Neftçi”nin heyətində 181 oyun keçirən “5 nömrə” verilişdə bir çox məqamlara toxunmaqla yanaşı, vaxtilə komanda yoldaşı olmuş Vahabzadəni tənqid atəşinə tutub ki, bu da futbol camiəsində böyük əks-səda doğurub. Veteran futbolçu hazırda ABŞ-da taksi sürücüsü kimi çalışan Etibar İbrahimovla bağlı sualları cavablayarkən bu fikirləri səsləndirib:

“Yaşar Vahabzadə 2 ildi işləyir. Niyə gəncəlini qoymadın? Çünki gəncəliləri yığmışdı. 31-32 yaşlı futbolçuları Bakıdan gətirib 700 manat maaş verirsən. O 700 manatı iki gəncəliyə ver 350 manatdan, 20 yaşında uşaqlar oynasın da”.


Mirzəyevin itthamlarına “Kəpəz”in baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildik. Yaşar bəy əvvəlcə sabiq komanda yoldaşının səsləndirdiyi sözlərə müsibət bildirmək istəmədiyini söyləsə də, ürəyi ilə bacarmadı:

“Arzunun dediklərinə nə cavab verim? Özü də çıxışında qeyd edib ki, Yaşar futbol oynayıb. Bu sahədə təsadüfi adam olsaydım, bəlkə də onun söylədiklərini kimlərsə ciddiyə alardı. Arzu ilə bir yerdə, bir komandada futbol oynamışıq və sən bilirsən ki, mən necə insanam. Nəyə lazımdı belə fikirlər səsləndirib, könül bulandırmaq. Arzu işləmək istəsəydi, mən “Kəpəz”ə baş məşqçi təyin olunanda yaxınlaşardı, işlə bağlı müraciət edərdi. Hər nə qədər olmasa da, vaxtilə eyni komandanın şərəfini qorumuşuq. Mən də veteran futbolçu, sabiq komanda yoldaşım kimi çalışardım ona bu yöndə kömək edim. Efirə çıxıb bu cür fikirlər dilə gətimək düzgün deyil. Deyir ki, Yaşar Bakıdan yaşlı futbolçuları gətirib, onlara 700 manat məvacib ödəyir, gəncəli oyunçular isə kənarda qalır. Futboldan anlayışı olanların hamısı bilir ki, gənc oyunçunun inkişafı üçün mütləq onun yanında 2-3 təcrübəli futbolçu olmalıdı. Gənc gəncdən nə öyrənəcək? Bir qədər yaşlı və təcrübəlilər 19-20 yaşlı, peşəkar futbolda ilk addımlarını atanlara lazımi məsləhətlər verirlər, çatışan və çatışmayan cəhətlərini izah edirlər. Dədə-babadan belə olub və belə də davam edir. Mirzəyev özü bir tərəfdən deyir ki, mən istər “Kəpəz”də, istərsə də “Neftçi”də oynadığım zaman təcrübəli futbolçulardan çox şey görüb-götürmüşəm, o yandan da “niyə Vabahzadə Bakıdan yaşlı futbolçuları dəvət edir” sualını verir”.


“Sarı-göylər”in baş məşqçisi bizimlə söhbətdə komandanın hazırlıq planına da toxundu:

“Bildiyiniz kimi, sentyabrın 1-nə kimi məşqlərə başlamağa icazə verilməmişdi. Artıq bu qadağa aradan götürülüb. Bu gün (dünən) axşam komanda ilk məşqinə çıxacaq. Heyətlə bağlı onu deyə bilərəm ki, ötən il “Kəpəz”in U-17 komandasının şərəfini qoruyan bir neçə gənc oyunçunu əsas heyətə cəlb etmişik. Onlarla yanaşı, başqa klublarda çıxış edən gəncəliləri də dəvət etmişik. Hazırlıq dönəmində daha bir neçə futbolçunu rənglərimizə bağlamağı düşünürük. Yoxlama görüşlərinə gəlincə, hələ ki bu məsələ ilə bağlı konkretlik yoxdu. Yəqin yaxın günlərdə sınaq matçları keçirmək üçün rəqiblər müəyyənləşəcək”.

RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR