Sizin reklam burada

Aftandil Hacıyev yeni futbolçu axtarır

Baxış Sayı:309

Aftandil Hacıyev yeni futbolçu axtarır


Yığmaların oyunlarıyla bağlı fasilə yaransa da, klublar hazırlığı davam etdirir. Mövsümə məhdud büdcə ilə başlayan “Səbail” bir neçə gün əvvəl uzun müddətdi futbolsuz qalan Kamran Ağayevi heyətinə qatdı. Komandanın baş məşqçisi Aftandil Hacıyevlə əlaqə saxlayıb, hazırlığın axarı, Kamranın durumu və başqa məsələlər ətrafında danışdıq.

- Komandanın hazırlığı nə yerdədi?
- Hər şey qaydasındadı. Düzdü, zədəlilərimiz var, bir neçə futbolçu məşqdən kənarda qalıb. Sentyabrın 5-də “Keşlə” ilə yoxlama oyunumuz olacaq. Daha sonra premyer-liqanın növbəti turunda keçirəcəyimiz “Zirə”ylə oyuna hazırlaşacağıq.

- Klubda müəyyən maliyyə problemləri vardı, büdcə azaldı. Maaşda gecikmələr olmur?
- İndi belə problem tək bizdə yox, başqa klublarda da var. Rəhbərlik də ən azı ödənişləri vaxtında etməyə çalışır. Ödənişlər olur, amma təbii ki, problemlər var. Ümumiyyətlə, komandanın komplekləşdirilməsinə ehtiyac var. Bu baxımdan çox gecikirik. Hələ komandanı tam formalaşdıra bilməmişik. Müəyyən mövqelərdə boşluqlar var ki, bunu yeni futbolçularla aradan qaldırmaq niyyətindəyik. Pandemiya belə çətinliklər yaradır. Gözləyirik, görək necə olur.\

- Yəni yeni transferlər gözlənilir?
- Axtarışdayıq. Belə deyirik, amma alınıb-alınmayacağını bilmirik.

- Kamran Ağayevin durumu nə yerdədi?
- Kamran uzun müddət futbol oynamayıb, keçirdiyi son oyundan bəri də məşqsiz qalıb. Çalışırıq ki, mümkün qədər onu daha yaxşı vəziyyətə çatdıraq. Ümumilikdə fiziki hazırlığı, meydana qayıtma müddəti haqda danışmaq çox tezdi. Ona müəyyən qədər vaxt lazımdı, çox çalışmalıdı. Biz də ona zaman tanıyacağıq. Səbrlə, tələsmədən hərəkət etməliyik, çünki istəmirik ki, sonradan zədəyə görə məşqləri buraxsın. Formasının bərpası üçün ehtiyatlı şəkildə çalışacağıq.

- Əvvəlki Kamranı görmək üçün təxminən nə qədər vaxt lazımdı?
- Bu ilk növbədə özündən asılıdı. Formanı yalnız məşqlərlə bərpa etmək olmur. Özünün də iradəsi çox böyük rol oynayır, rejimə diqqət yetirməsi vacibdi. Bu işdə ondan çox şey asılı olacaq. Hazırda vacib olan meydana tez qayıtmaq yox, Kamranı futbola qaytarmaqdı.

AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR