Sizin reklam burada

Nədən qorxursuz, gəlin də…

Baxış Sayı:695

Nədən qorxursuz, gəlin də…

“Qarabağ”la “Neftçi”nin növbəti mərhələdəki rəqiblərini müyyənləşdirən püşkatma ilk növbədə yenə evdə oynayacağımıza görə futbol ictimaiyyətinə müəyyən sevinc bəxş etsə də, belə görünür ki, tələsməyə dəyməz.

Bakılıların “Qalatasaray”ı Bakıya gətirməsi bütün hallarda sevindirici olaydı. Çox heyf, oyun azarkeşsiz keçiriləcək və futbolumuzun flaqmanı maliyyə planında irəli düşməyəcək. İndi qarşıda duran əsas vəzifə oyunu bayram ab-havasında keçirmək və imkan daxilində qardaşlarımızı əliboş yola salmaqdı. Amma son günlər sosial şəbəkələrdə çox arzuolunmaz tendensiya duyulur ki, buna toxunmamaq olmaz. Söhbət “Neftçi”yə, yoxsa “Qalatasaray”a azarkeşlik etmək” mövzusunda dolaşan yersiz söz-söhbətdən, qarşılıqlı söyüşlərdən, heç də xoş perspektiv vəd etməyən rəqibi aşağılamaq cəhdlərindən gedir. “Neftçi” Azərbaycan futbolunun, “Qalatasaray” isə türk dünyasının qürurlarından biridi. Bu gün futbol ehtiraslarını bilərəkdən və ya bilməyərəkdən gərginləşdirmək, Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının fövqünə qaldırmaq ortaq düşmənlərimizi sevindirməkdən, onların çörəyinə yağ sürtməkdən başqa bir şey deyil. Bakıda qeydə alınacaq bizlər üçün ən parlaq nəticə belə qardaşlarımızla münasibətlərin üzərinə zərrəcə xal düşməsinə əsas verməməlidi. Bu gün Azərbaycanla Türkiyə bir-birinə həmişəkindən daha artıq dərəcədə ehtiyac duyur. İrəlidə futboldan, “Neftçi”dən, “Qalatasaray”dan, ümumilikdə iki ölkənin futbol maraqlarından ucada dayanan strateji vəzifələrin həlli dayanır ki, belə məqamda işi-gücü atıb didişməyə, enerjini boşuna xərcləməyə dəyməz.

O strateji vəzifə Qarabağın azadlığıdı – buna söz yox. Bu gün isə Qarabağın Azərbaycanın olduğunu dünyaya göstərən, ilbəil uğurlu nəticələri ermənilərin və onların havadarlarının bağrına neştər kimi sancan eyniadlı komanda var. Daimi uğurlu nəticələr klubun özünün reytinqi və ölkəmizin əmsallar cədvəlindəki yeri baxımından nə qədər sevindiricidisə, rəqiblərin ürəyinə qorxu salmaq baxımından da o qədər təsirlidi. Heç şübhəsiz, “Molde” o qorxuya əsir düşüb. Oyunun azarkeşsiz keçiriləcəyi reallığı da norveçlilərin qorxusunu azaltmır. Norveç çempionu bu gün heç nədə “Qarabağ”dan üstün deyil. Belədə oyunun səfərdə keçirilməsi, saat, iqlim qurşağı, yol yorğunluğu kimi amillər ön plana çıxa bilər ki, “Molde”nin hiyləgər rəhbərliyi bütün bu təsirləri neytrallaşdırmaq niyyəti güdür. Dünyanın Norveçdən də üstün ölkələri idmana, idmançılara görə qanunvericilikdə istisnalar nəzərdə tutduğu halda, bunlar iki ayağını bir başmağa dirəyərək, Bakıya gəlmək istəmirlər. “Molde” düşərgəsindən gələn açıqlamalardan da aydın görünür ki, adamların hədəfi necə olur-olsun, neytal mövqedə oynamaqdı.

Mən bu yazını hazırlayarkən olan durum belədi ki, “Qarabağ” AFFA-nın da yardımına güvənməklə UEFA vasitəsi ilə “Molde”yə, Norveç hökumətinə təsir göstərməyə çalışır. Bakıda yox, neytral meydandan oynamaq norveçlilər üçün prinsipial məqamdı. Amma bu rəqibi bir başqa yerdə yox, evdə qəbul etmək bizim üçün də çox prinsipial məqamdı. Sirr deyil ki, Avropanın mərkəzində - İngiltərədə, Lüksemburqda “Qarabağ” ən vicdansız təxribatlara məruz qalıb. “Arsenal”ın stationunda əski parçası ilə meydana qaçıblar, Lüksemburqda qətiyyən gizlənməyə ehtiyac duymayan erməni təxribatçılar səmaya dron qaldırıblar. Axırı nə oldu, UEFA “Qarabağ”ın rəqiblərini lazımi sərtlikdə cəzalandırdımı? Xeyr, cəzalandırmadı. İndi xeyir ola, qoca Avropa, qoca UEFA niyə “Molde”nin və norveçlilərin nazı ilə oynamalıdı? Daha doğrusu, Avropa və avropalılar niyə hər dəfə güzəşti bizdən gözləyir?
Ukrayna da koronavirusa görə Azərbaycan kimi “narıncı” zonada yerləşir. “Alkmaar”ın Kiyev “Dinamo”su ilə oyununun neytral meydandan keçirilməsinin mümkünlüyü ilə bağlı söhbətlər gəzsə də, dünən Hollandiya hökuməti futbolçulara güzəşt etdi və onların vətənə dönəndən sonra 10 günlük karantinə alınmayacağını bildirdi. Yaxşı, Norveçin nəyi Hollandiyadan artıqdı və ya “Alkmaar”ın nəyi “Molde”dən əskikdi? UEFA-nın hansısa vahid standartları varsa, bunlara hamı əməl etməlidi. Yox, Hollandiya futbolçulara güzəşt edirsə, Norveç də zəhmət çəkib, eyni lütfkarlığı “Molde”yə göstərsin.
UEFA-nın yekun qərarının necə olacağı bilinmir. Təbii ki, qeyri-müəyyənliyin uzanması, qitə futbol qurumunun qərarı ləngitməsi “Qarabağ”ın xeyrinə deyil. Ona da yüz faiz əminəm ki, “Qarabağ” iradəsinin ziddinə neytral meydanda oynamağa məcbur olsa, oyuna 0:1 geridə başlayacaq. Yerdəyişmə qərarı istər-istəməz futbolçuların mənəvi-psixoloji durumuna təsir göstərəcək. Mənə elə gəlir ki, Azərbaycan çempionundan açıq-aşkar çəkinən Norveç çempionunun əsas hədəfi də elə budu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR