Sizin reklam burada

“Avey” Region Liqasında iştirak edəcək

Müəllif: football Tarix: 4-09-2020, 14:40 254 Baxış
“Avey” Region Liqasında iştirak edəcək

Bu mövsüm Region Liqasında yeni komanda iştirak edəcək. Uzun illərdi fəaliyyətini dayandıran “Avey”in əsas komandası bərpa olunub. Ağstafa təmsilçisinin nümayəndələri bu gün AFFA nümayəndələri ilə görüşəcəklər. Assosiasiya rəsmiləri klubun fəaliyyət istiqaməti ilə yaxından maraqlanacaqlar.
“Avey”in mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, AFFA klubun Region Liqasında iştirakına razılıq verib. Sadəcə, bu gün baş tutacaq görüşdə sənədləşmə işləri ilə bağlı danışıqlar aparılacaq. Komandaya Ağstafa rayonunun icra başçısı Seymur Orucov dəstək olacaq. Bundan əlavə, klub üçün bank hesabı açılıb. Rayondakı xırda və iri müəssisələr maddi dəstək göstərəcəklər.
“Avey”in prezidenti son illər “Qəbələ”də çalışan Ülfət Quliyev olacaq. Klubun yetirməsi olan veteran futbolçu idarəçiliyə nəzarət edəcək. Komandanın baş məşqçisi də artıq bəllidi. Rəşad Axundov bu vəzifəni icra edəcək. Ona Natiq Kərimov kömək edəcək.
Komanda ilk mövsümdən Region Liqasında iddialı olmaq istəyir. Dünəndən etibarən “Avey” üçün futbolçu seçimləri başlayıb. Klub rəhbərliyinin əsas hədəfi uğurlu nəticələr əldə edib, 1-ci divizion və premyer-liqada iştirak etməkdi. Hazırkı komanda 1992 və 1993-cü illərdə ilk milli çempionatlarda iştirak edən “Avey”in davamçısı sayılır. Klubun uzun illər əsas komandası olmasa da, aşağı yaş qrupları fəaliyyət göstərir. Hazırda Ağstafa təmsilçisinin U-10, U-11, U-12, U-13 və U-14 komandaları var.
Regionlarda klubların olması bizim üçün də sevindiricidi. Ümid edək ki, “Avey” uzun illər Azərbaycan futboluna xidmət edəcək və adından söz etdirməyi bacaracaq.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR