Sizin reklam burada

Statistika bikini kimidi...

Baxış Sayı:689



İki ildi avrokuboklarda püşk klublarımızın üzünə gülür. Təəssüf ki, ötən il bundan faydalana bilmədik. Bu dəfə də artıq ilk mərhələdə "Keşlə" ilə "Sumqayıt" bizi üzdü.

Qalan iki klubumuzun növbəti rəqibləri, təbii ki, əvvəl qarşılaşdıqlarından çox güclüdü. Futbol ictimaiyyətində, sosial şəbəkələrdə, idman jurnalistləri arasında ciddi eyforiya yaranıb ki, hər iki klubumuz mərhələni keçəcək. Bu fikirlərin nəyə əsaslandığı, hansı məntiqə və təhlilə söykəndiyi mənim üçün qaranlıqdı. Xüsusən bu "Qarabağ"ın rəqibi "Molde"yə aiddi. Tamam, "Qarabağ" Skandinaviya komandaları ilə həmişə uğulu nəticə əldə edib. Kseniya Sobçakın statistika haqda fikri bu məqada tam yerinə düşür:

"Statistika bikini kimidi, çox şeyi göstərir, amma əsas məsələni gizlədir".

"Qarabağ"ı indidən növbəti mərhələdə görənlər əminəm ki, heç bir dəfə də "Molde"nin oyununa baxmayıb, bu komandanın gücü haqda ya heç bir məlumatları yoxdu, ya da yalnız səthi məlumatları var.

Bəli, "Molde" potensial rəqiblər arasında bəlkə də ən zəifi idi. Amma "Qarabağ" rəhbərliyi bu dəqiqə heyəti gücləndirməyi düşünsə daha doğru olar. Əks təqdirdə nə statistika, nə də hansısa gözəgörünməz qüvvə "Qarabağ"a kömək edəcək. Sonrakı peşmançılıq isə fayda verəsi deyil...
"Neftçi"ni də, statistikaya inansaq, indidən növbəti mərhələ münasibəti ilə təbrik edə bilərik. Amma təəssüf ki, statistika futbolda ən əhəmiyyətsiz amillərdən biridi. İllah da bu rəqiblərin sonuncu dəfə 30 il əvvəl görüşdüyünü nəzərə alsaq. Bundan daha 30 il əvvəl isə hələlik rəqiblər arasında Bakıdakı yeganə oyun keçirilib və Kamil Eynullayevin het-triki ilə komandamız qalib gəlib. Son 60 ildə 3-cü dəfə bu komandalar qarşılaşacaq. 1960-da "Neftçi" "tacsız kral" Mətin Oktayın klubunu Bakıda məğlub etmişdisə, 1990-cı ilin qanlı 19 yanvarında komandamız Tancu Çolakın komandası (düzdü, əfsanəvi qolçu heyətdə yox idi) ilə heç-heçə oynadı - 2:2.

Bu oyunda komandamızın ilk qolunu Samir Ələkbərov, ikinci qolunu isə Vladislav Qədirov vurmuşdu. Türkiyə qəzetləri "Qalatasaray"ın ikinci qolunun hakimin meydan sahiblərinin lehinə "komik penalti" verməsindən sonra oyunun 86-dəqiqəsində vurulduğunu və bu qərara etiraz edən Arzu Mirzəyevin qırmızı vərəqə aldığını yazır.

..."Neftçi"nin ötən il "Arsenal"ı udacağına heç kim inanmırdı. Amma bakılılar inanılmaz mübarizlik və komanda oyunu sərgiləməklə inamlı qələbə qazandı. Çox güman, indi də "Qalatasaray"ın heyətində Falkao, Arda kimi adları görənlər şansımızın olmadığını düşünür. Əvvəla, bu futbolçuların, açıq desək, yalnız adı qalıb. Onların futbolu, yaxşı günləri geridə qalıb. İkincisi, futbolda adlar heç nəyi həll etmir. "Neftçi"dən fərqli rəqibi hələ mövsümə başlamayıb. Komandamız məntiqlə daha yaxşı formada olmalıdı. Bizim futbolçuların ad-sanlı rəqibə qarşı daha istəkli olacağı şübhə doğurmur. "Şkupi" ilə sönük oyun əslində bizim xeyrimizədi. Rəqib real gücümüzün bu olduğunu düşünə bilər. Ötənilki heyət qalsaydı, əminliklə "Neftçi"nin şansının daha yüksək olduğunu söyləyərdim. Subyektiv fikrim budu ki, "Neftçi"nin ötənilki heyəti daha güclü idi.

Yeni transferlərin potensialı və Füzuli Məmmədovun bu oyuna komandanı ötən il Roberto Bordin "Arsenal"a köklədiyi kimi motivasiya edə biləcəyi haqda geniş təsəvvürüm yoxdu. "Arsenal"a vurulan 4 qoldan üçünün müəllifi artıq komandada deyil. Subyektiv fikrim budu ki, "Neftçi"nin ötənilki heyəti daha güclü idi. Hətta bəlkə də "Qarabağ"dan da. Amma komanda daxilində nələr oldusa, çox bəyəndiyim Dabo, Gerye, Dario, Platellas, Rəhman Hacıyev, Rauf Əliyev kimi futbolçular göndərildi.

Füzuli Məmmədov deyir ki, kimliyindən asılı olmayaraq, biz qələbə üçün meydana çıxıb döyüşəcəyik. Bu sözləri futbolçularının da beyninə yeridə bilsə, "Qalatasaray"ı udub karyerasında "qızıl səhifə" yazacaq.
Hər iki komandamızın mərhələnin taleyini həll edəcək yeganə matçı azarkeşsiz də olsa, "doğma divarlar arasında" keçirməsi, sözsüz, bizim üçün əlavə üstünlükdü.

"Qarabağ"ın sabiq oyunçusu Tarik El Yunussinin “CBC Sport”dakı "6-dan sonra" verilişində "Molde"ni şanssız görməsi isə mənə görə həmyerlilərinə kömək məqsədi daşıyır ki, bəlkə ona inanıb rəqibi ciddi qəbul etməyək. Əlbəttə, "Qarabağ" oyuna El Yunussinin sözlərinə əsasən hazırlaşmayacaq.
"Neftçi"nin rəqibinin isə təqdimata, tanışlığa ehtiyacı yoxdu. Hələ püşkdən əvvəl - potensial rəqiblər bilinəndə komandamızın yalnız "Qalatasaray" uda biləcəyini demişdim. Etiraf edim ki, bu bir az intuisiyaya əsasən söylənilən fikirdi. Sözsüz, oyunçuların fərdi ustalığına görə qardaşlarımız bizdən çox üstündülər. Amma bu bir kubok oyunudu və "Qalatasaray"ın da yeganə üstünlüyü elə budu. Ümid edək ki, hər iki klubumuz heyətini mümkün qədər gücləndirib, növbəti mərhələyə yüksəlməyi bacaracaq!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR