“Halva-halva deməklə ağız şirin olmaz” deyib atalarımız. Yəni ağzını şirin etmək istəyən adam buna sözlə yox, əməli ilə çalışmalıdı. Un, şəkər tozu almalı, onları yağla qatandan sonra halva bişirməlidi. Futbolda da belədi. Ciddi məqsədlərə çatmaq, uğur qazanmaq istəyirsənsə, mütləq işinə ciddi yanaşmalısan. Futboldakı uğurun sirri elə də mürəkkəb deyil. Burda yağı, unu, şəkər tozunu infrastruktur, yaxşı transferlər, düzgün seleksiya siyasəti, əlinin altındakı futbolçulardan yaxşı istifadə edə biləcək məşqçi əvəzləyir. Bunlara sahib ola bildinsə, uğur qazanmağın da mümkündü. Bəli, avrokuboklar kimi yarışlarda sadaladıqlarımla yanaşı, bəxt amili də müəyyən rol oynayır. Ən çox da püşkatma zamanı. Püşkün qarşına hansı rəqibi çıxarmasından çox şey asılıdı. Düzdü, məşqçilərin sevimli bir sözü var: “avrokuboklarda asan rəqib olmur”. Amma biz də illərdi görə-görə gəlirik. Bilirik ki, püşk qarşına nisbətən asan rəqib çıxaranda onun öhdəsindən gəlmək üçün daha çox şansa malik olursan.
Bu mövsümdən nəticəyə təsir edə biləcək amillər sırasına daha biri əlavə olunub. Bildiyiniz kimi, pley-offa qədər təsnifat mərhələsində rəqiblər bir dəfə qarşılaşırlar. Özü də neytral meydanda yox, tərəflərdən birinə doğma olan stadionda. Şükürlər olsun ki, bu baxımdan da püşk üzümüzə gülə-gülə gəlir. Avrokuboklara qatılan təmsilçilərimizin hamısı oyunlarını doğma meydanda keçiriblər. Hər dəfə də qarşımıza münasib rəqib çıxıb. Düzdü, “Sumqayıt”la “Keşlə” bu üstünlüklərin heç birindən istifadə edə bilməyiblər. Bu iki komanda üçün avrokubok mövsümü elə başlayan kimi də bitdi. Avropadan gələn rəqiblər sübut etdilər ki, bu səviyyədə turnirdə normal hazırlıq keçmədən, işə ciddi yanaşmadan mərhələ adlamaq mümkün deyil. Belələrinə nə “doğma divarlar” kömək edir, nə də ad-san. “Qarabağ”la “Neftçi” isə onlara ümid bəsləyənləri peşman etmədi, rənglərinə könül verənlərin üzünü güldürdü. Elə onlara yaraşanı da bu idi. İndi qalır yola davam etmək, məşhur filmdə deyildiyi kimi, sükanı belə saxlamaq. Sözsüz ki, heç də asan məsələ deyil.
Bəli, bu dəfə rəqiblər daha ciddidi. “Qalatasaray”ın adı “Molde”dən gurultulu səslənsə də, Norveç çempionunu heç də zəif rəqib kimi qəbul etmək olmaz. Skandinaviya ölkəsinin çempionu cığallıq etməsə, “Qarabağ” bu mövsüm ardıcıl üçüncü dəfə rəqibini doğma meydanda qəbul edəcək. Norveçlilər öz hökumətlərinin karantinlə bağlı qadağalarını əllərində bayraq edirlər. Amma unudurlar ki, bu daxili problemdən “Qarabağ”ın əziyyət çəkməsi haqsızlıqdı. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət Avropanın başqa ölkələrindən elə də pis deyil. Üstəlik, “Molde” Azərbaycanda çarter reysi ilə gəlib, oteldə və stadionda hər kəslə məsafə saxlaya bilər, bununla da özlərini virusdan qorumuş olarlar. Təhlükənin “Qarabağ”ın futbolçularından gələ biləcəyini düşünürlərsə, onda bu təhlükə hər yerdə mövcuddu. Nə fərqi var, rəqiblə hansı ölkədə, hansı meydanda qarşılaşırsan? İstəsən də, istəməsən də, bu futbolçulara qarşı çıxış edəcəksən, onlarla təmasda olacaqsan, top uğrunda mübarizə aparacaqsan. Allah göstərməsin, hansısa futbolçuda virus varsa, həmin virus sənə Azərbaycanda da yapışa bilər, Norveçdə də. Yəni “Molde” rəhbərliyinin bu dəlilininin heç bir məntiqi əsası yoxdu. Ümid edirəm ki, UEFA “Qarabağ”ın haqlı mövqeyini axıra qədər müdafiə edəcək və püşkün qaydalarına uyğun olaraq, “Molde” ilə oyun Bakıda keçiriləcək.
“Neftçi”nin problemi isə başqadı. Düzdü, bu cütdə rəqib cığallıq etmir. Tezliklə türk dünyasının qüruru sayılan, 20 il əvvəl elə bugünlərdə Avropa Superkubokunu başı üzərinə qaldıran “Qalatasaray” Bakıya gələcək. Pis odu ki, belə bir möhtəşəm qarşılaşma azarkeşsiz tribunalar qarşısında keçiriləcək. Halbuki bu oyunun afişası o qədər cəlbedicidi ki, Bakı Olimpiya Stadionunu belə tam doldurmaq, “Atletiko”, “Çelsi” Bakıya gələrkən yaşanan anşlaqın daha əzəmətlisinə nail olmaq mümkün idi. Təəssüf ki, koronavirus pandemiyası adlı bəla bu istəyin həyata keçməsinə imkan vermir. Bununla belə, “Neftçi”nin və onun azarkeşlərinin sevinməyə, qürrələnməyə tam əsası var. Mövcud şərtlər daxilində belə bizi əsl futbol bayramı gözləyir. Yaxın iki-üç həftə əzrində qardaş Türkiyədə “Neftçi”nin adı idman mətbuatında hallanacaq, azarkeşlərin “xalq komandası”na marağı artacaq. İndiki məqamda bununla da zəif təsəlli tapmaq olar.
O ki qaldı növbəti mərhələyə adlamaq şanslarımıza, futbolda mümkünsüz heç nə yoxdu. Bunu hamımız bilirik. Qarşıdakı günlərdə şansları daha da dərindən incələyib, dəyərləndirmə apara bilərik. İndilik isə dəqiq deyəcəyimiz bir şey var: ciddi hədəflərə gedən yolda qarşımıza ciddi rəqiblər çıxıb.