Sizin reklam burada

“Meydanda istənilən rolda özümü göstərə bilərəm”

Baxış Sayı:830

“Meydanda istənilən rolda özümü göstərə bilərəm”


35 yaşlı Lukas Pişçek gələn il Dortmund “Borussiya”sı ilə vidalaşmağı planlaşdırır.

Futbol+ xəbər verir ki, 2010-cu ildən bu klubun şərəfini qoruyan polşalı müdafiəçi liderlərdən sayılır. O, “arılar”ın heyətində iki dəfə bundesliqanın qalibi olmağı bacarıb. Pişçek müsahibəsində keçmişi xatirlayıb və gələcəyi ilə bağlı danışıb. Arxa xətt oyunçusu karyerasında Lüsyen Favrın rolundan da bəhs edib.

- Favrın rəhbərliyi altında karyeranız ərzində 4-cü fərqli mövqedə oynayırsız. Əvvəllər hücumçu və pleymeyker kimi çıxış etdiyinizi bilirik. Amma təbii ki, azarkeşlər sizi daha çox sağ cinah müdafiəçisi kimi tanıyır. Uzun illər bu mövqedə uğurla çıxış etmisiz. Hazırda isə mərkəz müdafiəçisi mövqeyində oynayırsız. Yəqin karyeranızın belə alınacağını düşünmürdüz.
- Əlbəttə. Bu haqda çox şey deyə bilmərəm. Fikrimcə, qeyd etdiyiniz faktlar göstərir ki, ağıllı oyunçuyam. Əks halda bir neçə mövqedə oynaya bilməzdim. Müasir dövrdə universal futbolçulara böyük tələbat var. Meydanda istənilən rolda özümü göstərə bilərəm. Buna əminəm. Çünki oyunu yaxşı anlayıram. Futbolla bağlı hər şeyi yadımda saxlayıram. Bu mənə yardım edir. Hər matçdan sonra oyunumu təhlil edirəm, bəzi qeydlər aparıram. Nəyin yaxşı, nəyin pis alındığına diqqət yetirirəm.

- “Borussiya”da 11-ci mövsümünüzü keçirəcəyiniz dəqiqləşdi. Bir müddət əvvəl klubla yeni müqavilə imzaladız. Artıq sizinlə bağlı belə xəbərlər heç kimi təəccübləndirmir...
- Gələn ilin yayında “Borussiya” ilə vidalaşmağı planlaşdırıram. Vətənim Polşa ilə bağlı bəzi planlarım var. Yeni müqaviləyə görə bu planları ertələmli oldum. Polşada akademiyam var. İşimin başında olmalıyam. Həm də doğma komandam olan “Qoçalkovitse”də oynamaq istəyirəm.

- Polşada futbola başladığınız yerə qayıtmaq şansınız olacaq. Azarkeşlər yenidən hücumçu Pişçeki görə biləcəklər?
- Yaxşı sualdı! Bu haqda düşünmək olar. Karyeramın əvvəlində ancaq hücumda oynamaq haqda düşünür, qol vurmağı xoşlayırdım. Hazırda isə daha çox yarımmüdafiənin mərkəzində oynamağı arzulayıram. Yəqin doğma komandamda da geridən oyun qurmağa çalışacam.

- Vaxtilə məhz Favrın qərarı ilə müdafiədə çıxış etməyə başlamışdız. Həmin vaxt “Herta”da top qovurduz. Məşqçi bu qərarı sizə necə izah etmişdi?
- Uzun-uzadı izaha ehtiyac yox idi. Əməliyyatdan sonra komandaya qayıtmağı bacarmışdım. 2 oyunda 5 qol vurmuşdum. Bundesliqada şans qazanacağımı bilirdim. İlk dəfə “Verder”ə qarşı matçda meydana çıxdım. Bir həftə sonra isə “Hoffenhaym”la oyunda yenə şans qazandım. Amma hücumçu yox, cinah yarımmüdafiəçisi kimi. Yarımsaatın tamamında müdafiənin cinahında oynayan Leandro Kufre zədələndi. Məşqçi dəyişiklik etməli oldu. Komandada zədəlilərin sayı çox idi. Favrın ixtiyarında arxa xətt oyunçusu qalmamışdı. Beləcə müdafiənin sağ cinahına çəkilməli oldum. Həmin oyunu yaxşı keçirdim. 1:0 hesablı qələbə qazandıq. Bir həftə sonra isə “Hamburq”la oyunda müdafiənin cinahında çıxış etdim.

- Maraqlıdı ki, sizinlə eyni vaxtda “Borussiya”da Robert Levandovski parlamağa başladı. O, Polşa yığmasının da əsas hücumçusudu. Mövqeyinizi dəyişməsəydiz, irəli xətdə onunla tandem təşkil edə bilərdiz. Bu haqda nə düşünürsüz?
- Əslində yaxşı ideyadı. Qeyd etmək lazımdı ki, Robert dünya səviyyəli hücumçudu. Onun oyununa heyran qalmamaq mümkün deyil. Mən isə vaxtilə, sadəcə, yaxşı forvard idim. Peşəkar səviyyədə müqayisə etsək, tam fərqli hücumçular idik. Hər halda, karyeramdan razıyam. Müdafiədə uzun illər yaxşı çıxış etdiyimi düşünürəm. Bu məqam məni çox sevindirir.

- Dortmunda gəlişinizlə “Borussiya” yüksəlişə keçdi. 2011-ci ildə komanda ilə birlikdə Almaniya çempionu olduz. Bir il sonra “qızıl dubl” etdiz. 2013-cü ildə isə ÇL-in finalın yüksəldiz.

- Əlbəttə, böyük uğurlardı. Unudulmaz xatirlərim var. Amma mən futbolun başqa üzünü də görmüşəm. 2009/10 mövsümündə “Herta” bundesliqanı tərk etdi. Bizim üçün çox çətin idi. 2011-ci ildə Dortmund təmsilçisində çempionluq yaşamaq isə emosional tərəfdən karyeramın kulminasiya nöqtəsi idi. “Borussiya” kimi komandada ilk mövsümdə belə böyük uğur qazanmaq inanılmazdı.

ELZAMİN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR