Sizin reklam burada

FIFA icazə verməyibsə, De Byazi niyə Əmir Ağayevi milliyə dəvət edib?

Baxış Sayı:861

FIFA icazə verməyibsə, De Byazi niyə Əmir Ağayevi milliyə dəvət edib?


Milli komandamız Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Cənubi Kipr ilə qarşılaşacaq.

Futbol+ xəbər verir ki, yığma bu görüşlərə hazırlaşmaq üçün təlim-məşq toplanışı keçir. Canni De Byazidən dəvət alan futbolçular qarşılaşmalara köklənirlər. Heyət açıqlananda italyan məşqçi idman mediasında və sosial şəbəkələrdə tənqid olundu. Onun yığmaya çağırdığı 3 legioner də hazırda toplanışda iştirak etmir. Dmitri Nazarov və Eddi İsrafilov koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə ölkəmizə gəlməyibsə, Əmir Ağayevin problem başqadı. Belə ki, FIFA hələ ki İsrail əsilli futbolçunun yığmamızda çıxış etməsinə icazə verməyib. Ali futbol qurumundan təsdiq cavabı alınmamışdısa, onun adı hansı səbəbdən siyahıya daxil edilmişdi?

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə saxladıq. Qurum rəsmisi futbolçunun adının siyahıda olmasının səbəbini belə izah etdi:

“FIFA-dan ötən həftə yekun cavab gəlsəydi, yarımmüdafiəçini klubdan dəvət etmək üçün gecikəcəkdik. Çünki futbolçunu xarici klubdan dəvət etmək üçün toplanışdan ən azı 10 gün əvvəl müraciət olunmalıdı”.


Firuz bəydən Lüksemburq millisinin Bakıya gəlişinin detallarını da soruşduq:

“Rəqibin ölkəmizə gəliş tarixi və məşqlərin keçirilmə vaxtları bəllidi. Amma bu barədə indi heç bir açıqlama verə bilmərik. Lüksemburq millisinin ümumi heyətində ölkəmizə 50 nəfər gələcək. Onlardan 5-i jurnalist olacaq. Lüksemburqlu həmkarlarımız oyunda iştirak etmək üçün bizə müraciət ediblər”.


İki fubolçunun imtinası, digərinə FIFA-nın icazə verməməsi De Byazinin komandada dəyişiklik etməsinə səbəb olub. Belə ki, avqustun 27-də açıqlanan heyətdə adı ehtiyatda göstərilən “Neftçi”nin üzvü Namiq Ələsgərov toplanışa dəvət olunub.

Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyunlarını Monteneqro və yığmamıza qarşı keçirəcək Cənubi Kipr yığması koronavirus testindən keçəcək. Komandanın məşqçi və futbolçu heyətindən bu gün test götürüləcək. Baş məşqçi Yohan Valem isə ilk məşqi sabaha planlaşdırır. Çalışdırıcı qarşıdakı rəsmi matçlara ümumilikdə 24 futbolçu dəvət edib. Amma mərkəz müdafiəçisi Aleks Qoqiç özünü təcrid edib. 26 yaşlı futbolçu klubu “Hibernian”ı bu barədə məlumatlandırıb və Şotlandiya çempionatında “Aberdin”ə qarşı keçirilən görüşdə iştirak etməyib. Qoqiçin dünənki koronavirus testi neqativ çıxsa da, Şotlandiya Futbol Assosiasiyası və yerli hökumət onun karantin qaydalarına əməl etməsini istəyib. Bu səbəbdən oyunçu və ailəsi 10 günlük karantinə alınıblar. Artıq onun adı millinin heyətindən çıxarılıb.

Bununla bağlı şəxsi "tvitter" hesabında paylaşım edən futbolçu məyus olduğunu bildirib: "Böyük kədər və məyusluqla demək istəyirəm ki, Monteneqro və Azərbaycanla qarşıdan gələn iki matç üçün milliyə qoşula bilmirəm. Çox təəssüf ki, avqustun 28-də COVID-19 testi pozitiv çıxdı. Aldığım göstərişlərə görə evimdə 10 günlük təcrid olunmalıyam. Yığmaya uğurlar arzulayıram. Sizi evdən dəstəkləyəcəm. Oktyabrda yenidən görüşəcəyimizə ümid edirəm".

İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR