Sizin reklam burada

Penalti lənəti...

Baxış Sayı:1 267

Penalti lənəti...
Təlim-məşq toplanışını Tərlan Əhmədovun rəhbərliyi altında keçən “Keşlə”ni bəlli səbəblərdən bu oyuna Yunis Hüseynov çıxardı. Ötənilki heyətdən bir neçə futbolçu göndərilsə də, komanda yeni transferlərlə güclənmişdi. Yeni formalaşmış komandanı təhvil alan Hüseynovun avrokubok təcrübəsi “Keşlə”nin “Laçi”ni keçəcəyinə inamı gücləndirirdi.

Təcrübəli mütəxəssis komandanı meydana 4-5-1 düzülüşü ilə çıxartmışdı. Şahrux Qadoyevin “Sumqayıt”la premyer-liqa matçında zədələnməsi “Keşlə” üçün əsas itki sayılırdı. Yunis bəy özbəkistanlı fubolçunun əvəzinə Rəhman Hacıyevə güvənmişdi. Artur və Vüsala isə cinahdan sürətli reydlər edərək cərimə meydançasına ötürmə göndərmək tapşırığı verilmişdi. Son nöqtəni Kristovao qoymalı idi. Armando Kunqu komandanı meydana 4-3-3 taktiki düzülüşü ilə çıxartmışdı. Protokolda bu sxem əks olunsa da, əslində albaniyalı müxətəxəssis 2 dayaq yarımmüdafiəçini əsas heyətdə oynadaraq məqsədinin “Keşlə”ni əks-hücumlarda yaxalamaq olduğunu bəlli etmişdi. Yəni əslində Kunqu futbolçulara top bizimkilərdə olarkən 4-5-1, özləri hücum edərkən isə 4-3-3 oyun quruluşundan istifadə etməyi tapşırmışdı.

Oyun başlayan kimi qonaqların kubodluğa meyilli olduğu göründü. Albanlar 2 dəqiqə ərzində “Keşlə”nin basqı qurmaq cəhdini qarşısını cərimə ilə dayandırdı. Matçda ilk ən real təhlükəni də “Keşlə” yaratdı. 20-ci dəqiqədə cərimə meydançasına ötürməyə İsgəndərli akrobatik zərbə endirsə də, qolkiper inamlı oynadı. Bir qədər sonra gerçəkləşən hücum zamanı top Selmaninin əlinə dəysə də, gürcü referi oyunu davam etdirdi. Ümumiyyətlə, hücumları sıralayan “Keşlə”də əsasən dəqiqlik çatmırdı. Bunun da səbəbi həmlələr zamanı rəqibin 5-li müdafiə sisteminə keçməsiydi. Məhz bunun nəticəsi kimi də inamlı müdafiəni yarmaq mümkün olmadı. “Keşlə” ikinci hissəyə də istəkli başladı. Sol cinahda yenə İsgəndərli fəal idi. Rəqib müdafiəçilər onun qarşısını almaq üçün bəzən kobudluğa da əl atırdılar. 56-cı dəqiqədə vingerin qapı istiqamətinə asmasına Kristovao başla zərbə endirsə də, dəqiq ola bilmədi. Anqolalı hücumçunun irəlidə effektli olmadığını görən Hüseynov 64-cu dəqiqədə onun əvəzinə Silvionu meydana buraxdı. Arturla yaxşı tandem yaradan hücumçu rəqib qapısı qarşısında 2-3 təhlükəli vəziyyət yaratsa da, fərqlənə bilmədi.

72-ci dəqiqədə Vüsalın irəliləməsinin qarşısını kobudluqla alan Ramos ikinci sarı vərəqə ilə meydandan qovuldu. “Keşlə” bundan sonra tam hücuma kökləndi. Əks-hücumlara ümid edən qonaqlar isə irəlidə Nvabueze və Teconun dəqiqliyinə bel bağlamışdı. Sona 10 dəqiqə qalmış Yunis bəy yorulduğu aşkar hiss olunan Arturu İmamverdiyevlə əvəzlədi. Bu dəyişikliklə təcrübəli mütəxəssis komandada yerdəyişmə etdi. Rəhmanı sağ cinaha çəkən mütəxəssisin məqsədi Cavidin topu özündə saxlayıb, müdafiənin arxasına dəqiq ötürmələr verməsi idi. Amma İmamverdiyev bu tapşırığın öhdəsindən gələ bilmədi. Azlıqdan qalan “Laçi”nin oyunu əlavə vaxta aparmaq istəyi baş tutdu.

112-ci dəqiqədə Şəhriyar ehtiyac olmadan rəqib futbolçunun qarşısını kobudluqla aldığına görə ikinci “sarı” ilə meydandan qovuldu ki, bundan sonra, sadəcə, müdafiədə ehtiyatlı oynamaq tələb olunurdu. Qalan dəqiqələrdə tərəflər ciddi heç nə ilə yadda qalmadılar və oyun penalti seriyasına qədər uzandı. Burda isə “Laçi”nin futbolçuları daha dəqiq oldular. İlkin Qırtımovun qeyri-dəqiqliyi “Keşlə”nin Avropa macərasının sonu demək idi. Bununla həmçinin penalti lənəti davam etdi. Komanda (“İnter”i də nəzərə alsaq) artıq 4-cü dəfə “lotereya”da uduzur.

1-ci təsnifat mərhələsi
Keşlə - Laçi (Albaniya) 0:0, p. - 4:5
1. Stanislav Namaşko
2. İlkin Qırtımov (k)
4. Şəhriyar Əliyev
21. Miyuşko Boyoviç
19. Azər Salahlı
25. Con Kamara
48. Dmitri Klots
17. Vüsal İsgəndərli
(8. Tural Axundov, 119)
7. Rəhman Hacıyev
23. Batista de Souza Artur
(10. Cavid İmamverdiyev, 81)
42. Aleksandr Kristovao
(11. Silvio Rodriges, 64)
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
14. Turan Vəlizadə
Baş məşqçi: Yunis Hüseynov

31. Alen Şerri
11. Rudolf Turkaj
55. Aleksandr İnqyatoviç (k)
66. Adolf Selmani
22. Endrit Marku
10. Reqi Luşkja
8. Ramos de Oliveyra
21. Ardit Deliu
(23. Donald Rapo, 99)
7. Redon Şikşa
(77. Kledci Rapo, 105)
95. Teco
( 14. Mentor Mazrekaj, 120)
9. Kirian Nvabueze
Ehtiyat oyunçular
12. Edmir Sali
13. Renato Malota
18. Dorian Kerçiku
24. Albion Marku
Baş məşqçi: Armando Kunqu

Penalti seriyası: K.Nvabueze (0:1). D.Klots (1:1). R.Luşkja (1:2). S.Rodriges (2:2). D.Rapo (2:3). T.Axundov (3:3). M.Mazrekaj (3:4). R.Hacıyev (4:4). A.İnqyatoviç (4:5). İ.Qırtımov (4:5, qapıçı).
Vərəqələr: D.Klots, 27. R.De Oliveyra, 37. Ş.Əliyev, 71. A. Selmani, 102 – sarı. R.De Oliveyra, 72. Ş. Əliyev, 112 – qırmızı (ikinci sarı).
Hakimlər: QOQA KİKAÇEİŞVİLİ, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).
Hakim-inspektor: Qoran Mihalyeviç ( Monteneqro).
UEFA nümayəndəsi: Kamelia Nikolae (Rumıniya).
27 avqust. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4, əlavə vaxtın birinci hissəsinə 1, ikinci hissəsinə 3 dəqiqə artırılıb.

18 (5) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
8 korner 3
2 ofsayd 5
14 qayda pozuntusu 14
3 (1) vərərə (qırmızı) 2 (1)



Gözdən qaçmadı

* 76-cı dəqiqədə Kunqu baş hakimin qərarına əsəbləşərək özündən çıxdı. O, qışqıraraq yan xəttə qədər gəldi və 4-cu hakimə etirazını bildirdi.

* Ehtiyat oyunçular skamyasında olan Ruslan Əmircanov 120 dəqiqə futbolçulara tapşırıqlar verdi. O, bəzən Yunis Hüseynova yaxınlaşaraq fikirlərini bildirirdi. Müdafiəçi daha çox İlkin Qırtımovla Şəhriyar Əliyevə ehtiyatlı oynamağı və müdafiəni boş buraxmamağı tapşırırdı.

* 4-cü hakim əvəzetmədən sonra ehtiyat oyunçular skamyasında əyləşən Arturdan tərlik geyməyi tələb etdi. 3-cü xəbərdarlıqdan sonra Tural Axundov braziliyalıya gürcünün istəyini izah edə bildi.

* İkinci hissənin sonlarına yaxın top “Laçi”nin ehtiyat oyunçular skamyasına qədər gəldi. Topdaşıyana topu vermək istəməyən rəqib futbolçuya Artur və Kamal Bayramov etiraz etdi. 4-cü hakimin müdaxiləsindən sonra məsələ həll olundu. 115-ci dəqiqədə də eyni hal baş verdi. Bu dəfə Kamal Bayramov rəqibin oyunçunun üstünə qışqırdı və onu hədələdi. Onu 4-cü hakim sakitləşdirdi.

* Penalti seriyasından öncə Yunis Hüseynov zərbə vuranları təyin edə bilmirdi. Klots, Silvio, Tural və Rəhmanı seçəndən sonra “5-ci penaltini kim vurmaq istəyir” deyərək futbolçularına müraciət etdi. Sonda Kamaranı seçsə də, nigeriyalı buna etiraz etdi. Nəticədə Qırtımov bu missiyanı üzərinə götürdü.

* 119-cu dəqiqədə meydanı tərk edən Vüsal İsgəndərli penalti seriyasından öncə komanda yoldaşlarını “sən, mən söhbəti yoxdu, hamımız bir olmalıyıq. Bu matçı udmalıyıq” deyərək motivasiya verməyə çalışdı.

Reaksiyalar:

Oyundan sonra jurnalistlər önünə çıxan Armando Kunqu qələbəni belə şərh etdi:

“Bura gəlməzdən öncə çətin olacağını bilirdik. Çünki rəqibi təhlil etmişdik. Əvvəllər də bu komanda ilə oynadığımız üçün onları tanıyırdıq. Futbolda hər nəticə olur. Bu gün qələbə qazandığımıza görə çox şadıq. Bir futbolçumuz qırmızı vərəqə aldıqdan sonra uzun müddət 10 nəfərlə oynamalı olduq. "Keşlə" kimi rəqibə qarşı azlıqda çıxış etmək heç də asan olmadı. Belədə futbolun qaydalarına əsasən müdafiə olunmağa və oyunu penalti seriyasına aparmağa çalışdıq. Bunu da bacardıq. Lakin matçın gedişində "Keşlə"in də oyunçusu qırmızı vərəqə aldı. Həmin andan dəyişiklik edib, oyun ərzində qələbə qazanmağa çalışdıq. 2-3 qol imkanımız olsa da, dəyərləndirə bilmədik. Komandamı və rəhbərliyi təbrik edirəm, futbolçularıma təşəkkür edirəm”.

- Öncədən penalti seriyasına hazırlaşmışdız?
- Əlbəttə. UEFA-nın yeni qaydalarına əsasən ümumi nəticə bu görüşdə həll olunmalıydı. Buna görə penalti seriyasına hazır idik.

- Qələbəyə görə bəxtinizə, yoxsa "Keşlə"nin qeyri-dəqiqliyinə təşəkkür edirsiz?
- Futbolda bəxt amili də böyük rol oynayır. Amma deməzdim bəxtimiz gətirdi. 2-3 qol şansımız oldu, dəyərləndirə bilmədik. Bu da bəxtsizliyimiz idi. Oyunçularımız xarakter nümayiş etdirdilər, qələbəyə layiq idilər.

- Azərbaycana ikinci dəfə gəlirsiz. Bakıdan hansı təəssüratla ayrılırsız?
- Bəli, ikinci səfərimdi. İlk dəfə "İnter"lə qarşılaşmışdıq və onlar mərhələ adlamışdılar. Bu dəfə qələbə üçün gəldik və bunu əldə etdiyimizə görə şadıq.

Yunis Hüseynov da sözə oyunu dəyərləndirməklə başladı:

“Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komandadı, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan yararlana bilmədik. Deyərdim ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qola mane oldu. Penaltilər isə “lotereya”dı. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi”.

- Sanki 5-ci penaltini vuranı tapmırdız...
- İlkin kapitandı və məsuliyyəti üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona “sağ ol” deyirəm. Penalti seriyasına hazır idik, məşqdə bunun üzərində işləmişdik. Təəssüf ki, penaltini vurmalı olanlar çəkindilər. Çəkinməsəydilər, bu gün qələbə bizim olardı.

- Bu inamsızlığa görə futbolçular cəzalanacaq?
- Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inam yox idi. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penalti seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.

- Cavid İmamverdiyevin oyunundan razı qaldız?
- O, hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Bu üzdən Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.

- Kristovao ilə bu mövsüm tək çıxış etmək alınacaq?
- Silva da hücumçudu, sadəcə, hazır deyil. Kim rəqabətdə güclü olacaqsa, o da meydana çıxacaq.

- Rəqibin baş məşqçisi dedi ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiz. Çempionatda bunun çarəsini tapa biləcəksiz?
- Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR