Sumqayıtlı gənclərin sevdiyi bir söz var: yetim. Bu söz sumqayıtlıların danışığına, qanına necə işləyibsə, bəzən elə olur ki, ali təhsilli müəllimlər belə öz aralarında danışanda “yetim, yeni dərs ilində bizə neçə saat verəcəklər” deyirlər. Sumqayıta ilk dəfə yolu düşənlər inşaatçıların “yetim, yeni bina neçə mərtəbə olacaq”, həkimlərin “təzə xəstənin aqibəti necə olacaq, yetim” deyərək bir-birinə sual verdiyini görsə və ya eşitsə, heç də təəccüblənməsin. Bu il 71 yaşını qeyd edəcək, əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhərinin leksikonunda “yetim” sözü artıq özünə əməlli-başlı yer edib.“Yetim” sözü Sumqayıtın girişindəki, sovet dönəmində 15 respublikanın dostluğunu özündə əks etdirən abidə, dənizkənarı bulvardakı “göyərçin” heykəli kimi “gənclik şəhəri”nin rəmzlərindən birinə çevrilib. Bir çoxları da sumqayıtlıların bir-birinə “yetim” deyərək müraciət etməsindən ilhamlanaraq elə hesab edirlər ki, bu şəhər doğrudan da “yetimlər” şəhəridi, sovet vaxtı “qazovka”lı şəhərdə böyüyənlərin hamısı yetimxanadan çıxıblar, mədəniyyətdən, təhsildən uzaq düşüblər. Ancaq bu cür düşünənlərə bir daha xatırlatmaq istəyirəm ki, “Sumqayıt” vaxtilə nə qədər ekoloji cəhətdən keçmiş SSRİ-nin ən bərbad şəhərlərindən biri olsa da, elm, təhsil, səhiyyə və mədəniyyət cəhətdən respublikanın irəlidə gedənlərindən biri olub. Təsadüfi deyil ki, ölkə başçısının həyata keçirdiyi son islahatlar nəticəsində yüksək vəzifələrə təyinat alan əksər kadrlar məhz Sumqayıtın havasını udub, suyunu içən, “gənclik şəhəri”nin təhsil sistemindən çıxmış kadrlardı. Bütün bunları aşağıda yazacaqlarıma giriş kimi də qəbul edə bilərsiz.
[center]
[/center]
Bu gün Sumqayıtda bir “yetim” var. O da premyer-liqada çıxış edən “Sumqayıt”. Srağagün şəhərin eyniadlı komandasının “Şkendiya”ya uduzub Avropa Liqasında mübarizəni dayandırmasını çoxları ironiya ilə qarşıladı. Ayxan Abbasovun çalışdırdığı komandanın qitəmiqyaslı turnirdə debütünün uğurlu olmayacağını, “Futbol+”in əməkdaşı, bu şəhərin sakini olaraq təxminən 3 aydı yazıram. Şəhərin futbol ictimaiyyətinə çox yaxın olduğumdan, klubun mövsümlərarası fasilədə hansı çətinliklərlə baş-başa qaldığını bildiyimdən “Sumqayıt” yalnız xoş təsadüf nəticəsində mərhələ adlaya bilər” deyib, “kimyaçılar”a çox bel bağlamamaqla bağlı əvvəlcədən xəbərdar etmişdim. Proqnozum qismən də olsa, özünü doğrultdu (mən komandanın daha böyük hesabla yeniləcəyini düşünürdüm). Bunun da səbəbi “kimyaçılar”ın əsas sponsoru olan “Azərikimya” İstehsalat Birliyinin komandaya yeni mövsüm üçün maliyyə ayırmamasıdı. Ana sponsorla yanaşı, şəhərin rəhbər şəxsləri də “Sumqayıt”ın uğuruna laqeyd yanaşdı, kluba diqqət ayırmadı, tarixi oyun ərəfəsində problemləri ilə maraqlanmadı. İcra başçısı Zakir Fərəcovun və klubun Müşahidə Şurasının üzvü, eyni zamanda icra başçısının müavini postunu tutan Teymur Səmədovun “Şkendiya” ilə oyuna gəlməməsi “Sumqayıt”ın “yetim” olduğunu göstərir. Onların olmadığı “məclis”də şəhərin Gənclər və İdman İdarəsinin rəisi Elgün Hümbətovun olmasını arzulamaq da absurd olardı. Kim bilir, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun, PFL prezidenti Ramin Musayevin srağagün Bakıdakı oyunları qoyub, Sumqayıta gəlməsinin də arxasında bəlkə məhz bu məqam durur?