Sizin reklam burada

Şəhər rəhbərliyi də komandanı yalqız qoydu

Baxış Sayı:1 195

Şəhər rəhbərliyi də komandanı yalqız qoydu
Nyonda keçirilən püşk “Sumqayıt”ın qarşısına Şimali Makedoniyanın ən varlı klubu “Şkendiya”nı çıxaran kimi çoxları cütün favoritinin məhz qonaqlar olduğunu söyləməkdən çəkinmədilər.

Srağagünkü matç da göstərdi ki, “Şkendiya” “kimyaçılar”la müqayisədə daha təcrübəli və səviyyəli komandadı. Qyokanın yetirmələri ilk dəqiqələrdən bunu ortaya qoymağı bacardılar. 10-cu dəqiqəyə qədər Cənnətov artıq üç dəfə oyuna qoşulmağa məcbur olmuşdu. Daha çox uzaqdan zərbələrə üstünlük verən qonaqlar bu addımın özünü doğrultmadığını görüncə B variantına əl atmağı – çoxgedişli qısa ötürmələrlə “ağ-göylər”in müdafiə xəttini yarmağı lazım bildilər. “Şkendiya”nın oyunçularının topla rəftarı, bir-birini gözüyumulu başa düşməsi komandada anlaşmanın yüksək səviyyədə olmasından xəbər verirdi. Qonaqların “Sumqayıt”ın cərimə meydançasının yaxınlığında ünvanına çatan xırda ötürmələri, futbolçuların “açılmaları” göz oxşayırdı. 18-ci dəqiqədə Ahmedi - Doriev cütlüyü meydan sahiblərini az qala məyus edəcəkdi. Ancaq Cənnətov vaxtında irəli çıxıb onunla üzbəüz qalan Ahmedinin fərlqənməsinə imkan vermədi. “10 nömrə”nin ani ləngiməsi meydan sahiblərinin işinə yaradı. “Kimyaçılar”ın isə ilk yarıda yeganə təhlükəli vəziyyəti 21-ci dəqiqəyə təsadüf etdi. Qurbaninin sol cinahdan cərimə meydançasına paralel ötürməsinə Elvin vaxtında toxuna bilmədi və belədə onu qabaqlayan müdafiəçi topu kornerə çıxarmağı bacardı. 36-cı dəqiqədə İmeri “Şkendiya”nı hesabda önə çıxarmağa yaxın oldu. Onun zərbəsini dəf edən Mehdi ardınca İbraiminin təkrar vuruşuna da möhtəşəm reaksiya göstərdi. İlk yarının qalan dəqiqələri də qonaqların üstünlüyü şəraitində keçdi. Ayxan Abbasovun komandası nə qədər əzmkarlıq nümayiş etdirib, meydanda mübarizə aparsa da, ustalıq səviyyəsi özünü göstərirdi.

Fasilədən sonra da meydanda dominantlıq edən tərəf qonaqlar idi. 55-ci dəqiqədə Qyokanın yetirmələri istəklərinə çatdılar. Qonaqların sürətli əks-hücumu zamanı İbariminin qapıçı ilə təkbətək çıxdığını görən Vurğun ona qarşı kobud oynadı ki, hakim haqlı olaraq “nöqtə”ni göstərdi. Topa yaxınlaşan zərərçəkən Mehdiyə heç bir şans vermədi və qüvvətli zərbə ilə toru silkələdi. Qoldan sonra meydan sahibləri bir qədər sürəti artırsalar da, kəskin hücum qurmaqda çətinlik çəkirdilər. “Kimyaçılar”ın həmlələri rəqibin cərimə meydançasının həndəvərinə qədər davam edirdi, ondan sonra isə top itirilirdi. Əvəzində “qara-qırmızılar”ın hücumları daha təhlükəli alınırdı. 85-ci dəqiqədən etibarən “Sumqayıt”, demək olar ki, meydanda “ayağını sürüyürdü”. Çox yorğun görünən futbolçular meydanın mərkəzini keçməkdə çətinlik çəkirdilər. Çətin durumda olan meydan sahibləri 88-ci dəqiqədə daha bir ağır zərbə aldı. Mütəllimov qapıya gedən zərbənin qarşısını əliylə kəsincə həm qarşısında ikinci sarı vərəqəni gördü, həm də hakim növbəti dəfə Mehdinin qoruduğu qapıya penalti təyin etdi. Bu dəfə Doriev sumqayıtlıları məyus etdi. Azlıqda qalan və hesabda iki top fərqi ilə geri düşən “kimyaçılar”ın uzatma dəqiqələrində nəsə edəcəyi inandırıcı görünmürdü və elə də oldu. Hakimin final fiti makedoniyalıları növbəti mərhələyə çıxardı

Reaksiyalar

Ernest Qyoka: “Matçdan bir gün əvvəl təşkil olunan mətbuat konfransında dediyim kimi, rəqibi yaxşı təhlil etmişdik. Komanda oyunu sərgiləyərək qələbə qazandıq və növbəti mərhələyə keçdik. “Sumqayıt”ın çempionat oyununu izlədiyimi bildirmişdim. Fikrimcə, həmin matçdakı heyət bu gün çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Yekun nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir. “Sumqayıt” yaxşı komandadı, yaxşı futbolçuları var. “10” və “18” nömrəli (Rəhim Sadıxovla Süleyman Əhmədovu nəzərədə tutur) futbolçuları fərqləndirərdim. Rəqibdə çatışmayan Avroliqa təcrübəsidi”.

Ayxan Abbasov: “Əlbəttə, üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda “Şkendiya”nın hücumlarının qarşısını alsaq da, ikinci hissədə penaltidən iki qol buraxdıq. Səviyyə göz önündədi, rəqib avrokubok təcrübəsi olan komandadı. Bu gün ancaq gənclərimizin avrokubok təcrübəsi qazanmalarına sevinə bilərik. Artıq bu yarışı unudaraq, premyer-liqaya köklənməliyik. Hər iki komandanın heyətində yer alan futbolçuları ayrı-ayrılıqda müqayisə etsək, onlar bizdən üstündülər. Bəzi oyunçularımız gözlədiyimiz oyunu göstərə bilmədilər. Bizə vaxt lazımdı. Avropa Liqası Azərbaycan çempionatı deyil. Əli Qurbani ilk yarıda Elvin Məmmədovu qol vəziyyətinə çıxardı. Yəni ona da dəstək lazımdı. Geniş seçimimiz yoxdu. Ötən mövsüm komandanın özəyini təşkil edənlər düşərgəni tərk edib. Qısa vaxtda nəyəsə nail olmaq çətindi. "Sumqayıt"dakı ilk oyunumda “mənə bura gəlməklə risk etməmisiz” sualını vermişdiz. O vaxt həmin sualdan qaçmışdım. İndi isə deyə bilərəm ki, həqiqətən də risk etmişdim. Bizi çətin iş gözlədiyini bilirdim. İndi isə burdan getmək, meydandan qaçmaq qorxaqlıq olardı. İşimiz vuruşmaqdı. Əziyyətimizin bəhrəsini ötən mövsüm gördük. Heyətdə çatışmazlıqlar var. Bir neçə mövqeni gücləndirməyə ehtiyac duyuruq. İnanıram ki, bu arada 2 transfer edəcəyik. Güclənməsək, premyer-liqada da işimiz çətin olacaq. Bu yay komandadan ayrılan futbolçulardan inciməyə haqqımız yoxdu. Peşəkar futbolçulardı, yaxşı təkliflər alaraq gediblər. Bu gün isə qarşılaşmadan sonra bəzi futbolçulara təşəkkür etdim. Çünki onların da seçimləri olduğu halda bizi buraxmadılar. Getsəydilər, işimiz daha çətin olardı. Bu gün “Sumqayıt”ın heyətində elə futbolçular var ki, biz onu komandaya dəvvət edəndə çoxları onları tanımırdılar”.

Gözdən qaçmadı

* “Kimyaçılar“ın avrokuboklardakı debütünü canlı izləmək üçün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev Sumqayıta təşrif buyurmuşdular.

* “Sumqayıt”ı avrokuboklarda görmək arzusu ilə yaşayan, ancaq bir ay öncə 70 yaşında haqq dünyasına qovuşan komandanın sadiq fanatı, rəhmətlik Azad dayının böyük şəkli stadiondan asılmışdı.

* Matçdan sonra “Şkendiya”nın bəzi futbolçularının baş məşqçi Ernest Qyokanın yanında çəkinmədən siqaret çəkməsi çoxlarını təəccübləndirdi.

* Pandemiya ilə bağlı stadionun ehtiyat oyunçular skamyasında dəyişiklik edilmişdi. Belə ki, ehtiyatda qalan futbolçular skamyada yox, dəmir məhəccərin arxasında oturmuşdular. Bunun üçün isə texniki zonanın yanından ora qapı açılmış və nərdivan qoyulmuşdu.

* Qazaxıstanlı hakimin tez-tez fitini səsləndirib “Sumqayıt”ın əleyhinə cərimə zərbəsi təyin etməsi həm futbolçuları, həm də oyunu izləyənləri narazı salmışdı. Epizodların birində Vüqar Mustafayevin hakimin növbəti qərarına etiraz əlaməti kimi əlini yuxarı qaldıraraq Azərbaycan dilində “qardaşımsan, səninki olmadı” söyləməsi tribunada oturanlarıın gülüşünə səbəb oldu.

* Sumqayıtın təmsilçisi tarixində ilk dəfə və öz meydanında avrokubok matçına çıxmasına baxmayaraq, şəhərin rəhbər şəxslərindən heç kim stadionda gözə dəymədi ki, bu da məmurların komandaya etinasız münasibətindən xəbər verir.

RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR