Sizin reklam burada

“Neftçi” mərhələ keçdi, amma daha yaxşı oynamalıdı

Baxış Sayı:1 194

“Neftçi” mərhələ keçdi, amma daha yaxşı oynamalıdı
Avroliqa iştirakçıları arasında mümkün qədər irəliləyəcəyinə ümid bəslədiyimiz “Neftçi”di. “Ağ-qaralar”ın maliyyə sarıdan əziyyət çəkməməsi, heyətini legionerlərlə gücləndirməsi, üstəlik yığma üzvlərinə sahib olması və ən əsası, klubun adı və avrokubok təcrübəsi xoş gələcəkdən xəbər verirdi. Bütün bunlarla yanaşı, rəqibin Şimali Makedoniyanın 5-ci komandası olması faktını da unutmaq olmazdı.

Nədənsə bakılılar oyuna çox ehtiyatlı başladı. İlk yarıda meydan sahibi komanda özünü qonaq kimi aparır, əvəzində Şimali Makedoniyadan gələnlər ağalıq edirdilər. Bakılıların istədiyi oyunu sərgiləməkdə əziyyət çəkməsinin bir nömrəli səbəbi rəqibin meydanın hər yerində pressinq tətbiq etməsi, “Neftçi”nin bütün zonalarını “bağlaması” və hücumlar zamanı təhlükəli təsir bağışlaması idi. Füzuli Məmmədov futbolçulara hansı tapşırığı verdiyini deyə bilmərəm. Gördüklərimə əsasən deyə biləcəyim odu ki, meydan sahibləri ilk 45 dəqiqədə böyük qüvvə ilə hücum etməkdən çəkinirdi. Ona görə də rəqib qapısı qarşısında çoxalmaq mümkünsüzə çevrilmişdi. “Şkupi”nin ağıllı futbolla diqqəti çəkməsi bir yana, standart vəziyyətlər zamanı da yetərincə təhlükəli görünürdülər. “Neftçi”nin necə lazımdı incələdikləri göz qabağındaydı. Odu ki, ilk hissənin təhlükəli vəziyyətləri qonaqların adıyla bağlı oldu. 37-ci dəqiqədə Aqil Ademinin zərbəsinə əla reaksiya göstərməsəydi, topu tordan çıxarmağa məcbur olacaqdı. Təcrübəli qapıçı 43-cü dəqiqədə növbəti dəfə alqış qazandı. Bu dəfə İseninin cərimə zərbəsindən vuruşunu dəf etməklə. Qısası, ilk yarı birmənalı şəkildə “Şkupi”nin hesabına yazıldı. Yaxşı ki çox arzuladıqları qolu vura bilmədilər.

Fasilədən sonrakı 10-15 dəqiqədə meydanda fəal görünən yenə qonaqlar idi. Sürətli hücumlar qurur, “Neftçi”nin futbolçularına hərəkət etməyə imkan vermirdilər. 50-ci dəqiqədə Darbo əla fürsəti boşa verəndən 2 dəqiqə sonra bu dəfə Ademinin zərbəsi qapının yanından keçdi. “Ağ-qaralar”ın qapısına qolun yetişdiyini matçı izləyən hər kəs deyirdi. Əslində qol da gəldi. Amma futbolun “vurmayana vurarlar” prinsipi işə düşəndən sonra. Buqrin adi vəziyyətdə qapıçının sayıqlığını yoxlamaq istədi ki, top yolüstü “Şkupi”nin futbolçusunun ayağına dəyib Naumoskini çaşdırdı və tora qovuşdu. Qonaqlar şokdan ayılmamış bu dəfə öz futbolçuları onları çıxılmaz vəziyyətə saldı. Qudyabi Tallisona qarşı kobudluq edib ikinci “sarı” ilə meydandan qovuldu. Bu artıq mərhələnin taleyinin həll olunması demək idi. Rəqib azlıqda qalandan sonra öz oyununu itirdi ki, bu yerdə futbolçuların taqətdən düşdüyünü də qeyd etməliyəm. Bakılıların bir-birini əvəz edən qol imkanları sona yaxın fayda verdi. Anton Eminin kornerdən asmasını başla qapıdan keçirdi. Uzatma dəqiqələrində isə “Şkupi”nin ən yaxşılarından olan Darbo qol istəyinə çatdı.

“Neftçi” çətinliklə də olsa, mərhələ adlamaq hədəfinə çatdı. Lakin bakılılar daha yaxşı oyun göstərməyə borcludu. Gəlin unutmayaq ki, növbəti mərhələdə “Şkupi” səviyyəsində komandalar olmayacaq. Komandada məşqçi işinin görünməməsi anlaşılandı, Məmmədov baş məşqçi kimi özünü təzə-təzə sınayır. Ən böyük bəla yeni gələnlərin səviyyəsinin “Neftçi”ylə qətiyyən uzlaşmamasıdı. Yusuf, Cabir, Tallison – hansısa birini yaxşı mənada fərqləndirmək olmur. Ona görə də baş məşqçinin işi çətin olacaq, çox çətin. Təkcə futbolçulara görə yox. Elə özünün təcrübəsizliyinə görə də. Avroliqada belə futbolla irəli getmək çətindi. Ümid edirik ki, fasilə bakılıların işinə yarayacaq, onlar daha əzmkar və məzmunlu oyun göstərəcəklər.
Füzuli bəyin heyət seçimi də kənardan qəribə göründü. Stankoviç olan yerdə Krivotsyukun “11-lik”də yer alması Məmmədovun baş məşqçi olduğu komandada inzibatçı Zakirin komanda üzvlərinə tapşırıq verməsi qədər qəribə idi. Elə Fəhminin yerinə Yusufun, Ömərin yerinə Cabirin oynaması, Samanın ehtiyatda qalması da.

Avropa Liqası

1-ci təsnifat mərhələsi
Neftçi – Şkupi (Şimali Makedoniya) 2:1 (0:0)

30. Aqil Məmmədov
91. Tallison Dias
(6. Voislav Stankoviç, 90+2)
3. Mamadu Mboc
5. Anton Krivotsyuk
2. Cabir Əmirli
36. Mamadu Kane
8. Emin Mahmudov (k)
7. Namiq Ələsgərov
24. Yusuf Laval
29. Sabir Buqrin
28. Stiven Jozef-Monroz
(22. Mirabdulla Abbasov, 90)
Ehtiyat oyunçular

1. Səlahət Ağayev
10. Saman Nərimancahan
19. Fəhmin Muradbəyli
26. Ömər Buludov
27. Fərid Yusifli
Baş məşqçi: Füzuli Məmmədov

1. Kristian Naumoski
3. Darko Qlişiç
5. Lamin Dyak
10. Besar İseni (k)
(14. Freddi Alvares, 65)
11. İlirid Ademi
(8. Faton Yusufi, 73)
16. Besart Krivanyeva
19. Umar Qudyabi
20. Dembo Darbo
21. Sabit Bilalli
22. Filip Qliqorov
33. Byanor Neto
Ehtiyat oyunçular
12. Artan İlyazi
4. Ardit İlyazi
7. Yakup Berişa
8. Faton Yusufi
23. Ramin Aliyi
30. Fırat Güllü
Məşqçi: Vlatko Kolev

Qollar: S.Buqrin, 66 (1:0). A.Krivotsyuk, 88 (2:0). D.Darbo, 90+3 (2:1).
Vərəqələr: U.Qudyabi, 40. A.Krivotsyuk, 42. B.İseni, 46. M.Kane, 49 – sarı. U.Qudyabi, 70 – qırmızı (ikinci sarı).
Hakimlər: ALEKSANDR QOLUBEV, Raymond Tatrik, Yevgeni Morozov, Artis Kenin (hamısı Latviya).
Hakim-inspektor: Oleq Molçanov (Moldova).
UEFA nümayəndəsi: Orxan Ərdəmir (Türkiyə).
27 avqust. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

12 (4) qapıya (“çərçivə”yə) zərbə 6 (3)
11 qayda pozuntusu 9
4 ofsayd 0
7 korner 4
2 vərəqə (qırmızı) 3 (1)

Gözdən qaçmadı

* ”Bakcell Arena”nın dörd bir yanı polislərlə və onların xidməti maşınları ilə dolu idi. Hər birinə verilən vahid tapşırıq stadiona azarkeşlərin daxil olmasının qarşısını almaq idi. 100-dən artıq “poqonlu” oyundan 1 saat əvvəldən sona qədər hasarların və qapıların keşiyini çəkdilər. Maraqlıdı ki, arenanın daxilində bir polisə də rast gəlmədik. İçəridə asayişin pozulmamasına və qaydalara əməl olunmasına mühafizəçilər nəzarət edirdi.

* “Neftçi”nin Media-Marketinq və Mətbuatla Əlaqələr Departamenti gözəl oyun proqramı hazırlamışdı ki, 18 vərəqli broşürun içində həm qarşılaşma, həm də komandalarla bağlı müxtəlif məlumatlarla tanış olmaq mümkün idi.

* Klubun xatırladılan departamenti jurnalistləri də unutmamışdı. Pandemiya səbəbindən sərtləşdirilmiş qaydalara görə mətbuat zalında furşet təşkil olunmasa da, media sektoruna təbii şirələrlə hotdoqlar, eləcə də plastik qablarda sular gətirilmişdi.
* “Neftçi”nin ehtiyatda qalan futbolçuları ara məsafəsi ilə texniki zonadakı oturacaqlara yerləşmədiklərindən, onlara texniki zonanın arxasındakı tribunada xüsusi yerlər ayrılmışdı. Odu ki, “Neftçi” təhlükəli vəziyyət yaradanda, ya da qol vuranda həmin 5-10 nəfərin dəstəyi stadionda sanki azarkeş varmış görüntüsü yaradırdı.

* Komandaların Avroliqa matçına çıxdığını bilməyən və futbolçuların yaşından bixəbər şəxs olsaydı, oyunun həvəskar xarakter daşıdığını, ya da 17-19 yaşlı futbolçuların futbol oynadığını düşünərdi. Buna səbəb isə Füzuli Məmmədovun davranışı idi. Matç başlayan andan baş məşqçinin “Namiq, geniş oyna, Cabir, “açıl”, haydi, Buqrin, Kane, attention (diqqət)” şəklində qışqırması meydanda top dalınca qaçanların peşəkar statusunu kölgə altına salırdı. Halbuki avrokuboklarda belə hallara rast gəlmək mümkün deyil. Həvəsləndirmək olar, amma “açıl”, “geniş oyna” şəklində yox.

* “Neftçi” 1 top vurandan sonra Füzuli Məmmədovun futbolçularını tələsməməyə səsləməsi heç də xoş görüntü deyildi. “Neftçi”də bu cür tapşırıq “Çelsi”, “Barselona” kimi rəqiblərlə oyunda verilə bilər, “Şkupi” ilə görüşdə yox.

* “Şkupi”yə transfer olunan Elvin Yunuszadənin sabiq komandasına qarşı oynamaq arzusu gözündə qaldı. “Neftçi”nin yetirməsinin adı nəinki “11-liy”ə, heç “18-liy”ə də salınmamışdı. Lakin Bakıya gələnlər arasındaydı.

***
Futbolçular Füzuli Məmmədovun tapşırıqlarına əməl etmirmiş

Bayrami: “Sayıqlığı itirdik və bunun cəzasını çəkdik”

Oyun başa çatandan sonra olduqca üzgün görünən Muarem Bayrami özünə yer tapa bilmirdi. Komandasının ilk hissədə xoş təsir bağışladığı halda, fasilədən sonra hesabda geri düşməsi və yekunda mübarizədən kənarlaşması baş məşqçiyə pis təsir etmişdi. Buna baxmayaraq, mətbuat konfransına qatılıb, məğlubiyyətə don geyindirmədən dolayı yolla yenilgiyə görə özlərini qınadı:

“İlk növbədə "Neftçi"ni təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik. Bu, bəlkə də son 6-7 matçda ən yaxşı oyunumuz idi. İlk 45 dəqiqədə "Neftçi"dən yaxşı idik. İki-üç qol imkanımız olsa da, bundan istifadə edə bilmədik. İkinci hissədə qol buraxdıq, sonra qırmızı vərəqə aldıq və işimiz daha da çətinləşdi. Bundan sonra yaxşı nəticəyə ümid etmək çətin idi. "Neftçi" ikinci hissədə bizi cəzalandırdı. Futbolda belə şeylər olur”.

- Əvəzləmələrinizin fayda vermədiyini düşünmürsüz? Sanki əvəzetmələrdən sonra komandanız oyunda rəqibə uduzdu.
- Kapitanımızı yeni, daha enerjili oyunçunu meydana buraxmaq üçün dəyişdik. Onun zərbələri yaxşıdı, rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilərdik. İkinci əvəzləmə qırmızı vərəqəyə görə oldu. Başqa oyunçunu buraxmağa məcbur oldum.

- İlk hissədə "Şkupi" bizi yaxşı mənada təəccübləndirdi. Fasilədən sonra komandanızda nə baş verdi?
- İkinci hissəyə yaxşı başladıq. İlk qolda adi səhvə yol verdik və "Neftçi" bizi cəzalandırdı. Belə bir komanda bu cür səhvləri bağışlamır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmərik, çünki "Neftçi"nin yarımmüdafiə xətti çox güclüdü. Sayıqlığı itirdik və bunun cəzasını çəkdik.


Makedoniyalı çalışdırıcının ardından konfrans zalına Füzuli Məmmədov daxil oldu. Səsi batan “Neftçi”nin çalışdırıcısı əksinə, sevincli və inamlı görünürdü. O da ənənəvi olaraq oyunla bağlı danışandan sonra sualları cavabladı:

“Çətin oyun olacağını bilirdik. Çünki bu turnir tam başqadı. Komandamıza rəqib haqda bütün tapşırıqlar vermişdik. İlk hissədə oyunumuz tam alınmırdı. Bu da rəqibin qapanması ilə bağlı idi. Başqa tapşırıqlar vermişdik. İkinci hissədə hücum etdik, təzyiq göstərdik. Bu təzyiq rəqibi səhvlərə məcbur etdi, bundan da yararlandıq. Düzdü, səhvlər var, bu olmalıdı. Bizim işimiz çalışıb, bu səhvləri azaltmaq, aradan qaldırmaqdı. Futbolçularımı və bütün "Neftçi"sevərləri təbrik edirəm”.

- İlk hissədə “Neftçi” özünə bənzəmirdi. Sanki "Şkupi"nin bu qədər dirənəcəyini gözləmirdiz.
- Rəqibin əks-hücumdan oynayacağını bilirdik. Futbolçularım niyə mərkəzdən oynayırdılar, bilmirəm. Demişdim ki, ortada çox oynamayın. Onlara başqa tapşırıqlar vermişdim. Adi epizodda top itirəndə əks-hücumlar təhlükəli olur. Amma ikinci hissədə nəzarəti itirmədik.

- Top itkiləri çox idi. Bunun aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?
- "Neftçi" həmişə top saxlamaqla seçilib. Amma bu gün top itkisi çox idi. Bunda futbolçuların həyəcanı, rəqibin qapanması rol oynaya bilər. Futbolçuların rəsmi oyun praktikası tam yerində deyil. Yeni oyunçularımız da var. Zamanla hamısı aradan qalxacaq.

- Cabir Əmirlinin start heyətində yer alması nə ilə bağlıdı?
- Rəqibi təhlil etdikdən sonra hansı oyunçunun meydanda oynaması qərarını mən verirəm. Bu o demək deyil ki, Ömər Buludov zəifdi. Rəqibin oyun üslubundan çox şey asılıdı.

- Anton Krivotsyukla Stiven-Jozef Monroz ilk hissədə zəif görünürdü...
- Bu fikirlə razı deyiləm. Krivotsyuk bu gün tam istədiyimi etdi. Ona görə də sizinlə razılaşa bilmərəm. O ki qaldı Monroza, top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Jozef-Monroz məcbur olurdu arxaya çəkilsin. İkinci hissədə daha fəal idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR