Sizin reklam burada

De Byazinin heyət seçimi heyrətləndirdi

Baxış Sayı:334


Araz Abdullayevin dəvət alması elmi araşdırma mövzusudu
Lüksemburq yığmasının Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Lük Holts C liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq ilk iki görüşdə sərəncamında olacaq futbolçuları müəyyənləşdirib. Mütəxəssis ümumilikdə 23 oyunçuya dəvət göndərib ki, onlardan 17-si legioner həyatı yaşayır: qapıçılar - Tim Kips (Düdelanj), Antoni Moris ("Union", Belçika), Ralf Şon (Viltz); müdafiəçilər - Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norçöpinq", İsveç), Tim Holl ("Jil Visente", Portuqaliya), Laoren Yans ("Mets", Fransa), Enes Mahmutoviç ("Lvov", Ukrayna), Kevin Malget (Hesperingen), Vahid Selimoviç (OFİ, Yunanıstan); yarımmüdafiəçilər - Leandro Barreyro, Florian Bohnert (hər ikisi "Maynts-05", Almaniya), Kristofer Martins ("Yanq Boyz", İsveçrə), Matias Olsen ("Köln", Almaniya), Danel Sinani ("Norviç", İngiltərə), Aldin Skenderoviç (Proqress), Olivye Till ("Ufa", Rusiya), Vinsen Till ("Mets", Fransa); hücumçular - Stefano Bensi (Fola), Alessio Kurçi ("Maynts-05", Almaniya), Mauritse Devill ("Saarbrüken", Almaniya), Edvin Muratoviç (Düdelanj), Gerson Rodriges ("Dinamo", Kiyev/Ukrayna).
Lüksemburqlular bir itki ilə üzləşib. Holts yerli mətbuata açıqlamasında ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən Maksim Şanonun qarşıdakı iki görüşdə milliyə kömək etməyəcəyini deyib. Onun sözlərinə görə, buna koronavirusla bağlı karantin ehtimalı səbəb olub: “Neçə vaxtdı Maksimlə danışırıq. Telefon söhbətlərinin yekununda belə qərara gəldik. Çünki ABŞ-a qayıdanda onu ikihəftəlik karantin gözləyir. Bu səbəbdən də futbolçunun bununla razılaşacağını gözləməyə dəyməzdi”.
Canni De Byazi isə dünən Millətlər Liqasında iki oyun üçün 26 futbolçuya dəvət göndərib. Sentyabrın 5-də Bakıda Lüksemburqla qarşılaşacaq milli 8-də Cənubi Kiprin qonağı olacaq: qapıçılar - Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi "Qarabağ"), Mehdi Cənnətov (Sumqayıt); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov, Abbas Hüseynov (hamısı "Qarabağ"), Anton Krivotsyuk, Ömər Buludov (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə (hamısı "Sabah"), Adil Nağıyev (Səbail), Elvin Bədəlov (Sumqayıt), Şəhriyar Əliyev (Keşlə); yarımmüdafiəçilər - Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi "Qarabağ"), Eddi İsrafilov ("Albasete", İspaniya), Emin Mahmudov (Neftçi), Rəhman Hacıyev (Keşlə), Rəhim Sadıxov (Sumqayıt), Elvin Camalov (Zirə), Əmir Ağayev ("Atromitos", Yunanıstan); hücumçular - Mahir Emreli (Qarabağ), Araz Abdullayev (klubsuz), Ramil Şeydayev (Sabah), Renat Dadaşov ("Qrasshoppers", İsveçrə).
Ehtiyat heyət: Rəşad Eyubov (Zirə), Çoşqun Diniyev, Ozan Can Kökçü (hər ikisi "Sabah"), Vüsal İsgəndərli, Azər Salahlı (hər ikisi "Keşlə"), Mirabdulla Abbasov, Səlahət Ağayev, Namiq Ələsgərov (hamısı "Neftçi").
İtaliyalı mütəxəssisin seçimi mübahisə doğurmaya bilməz. De Byazi əsas heyətə 6 yeni futbolçu dəvət edib: Amin Seydiyev, İsmayil İbrahimli, Rəhim Sadıxov, Adil Nağıyev, Elvin Bədəlov və Əmir Ağayev. Bu futbolçulardan dördünün - Amin, İsmayıl, Rəhim və Əmirin yığmaya çağırllması başadüşüləndi. Adını çəkdiyimiz oyunçuların hər biri ötən mövsüm premyer-liqada oyunu ilə yadda qalıb. Yəni oyunları ilə yığmaya layiq olduqlarını sübut ediblər. Müdafiəçilər Elvin Bədəlovla Adil Nağıyevin ölkənin əsas komandasına dəvət alması isə haqlı təəccüb doğurur. Bir çoxları, elə biz də onları yığma səviyyəsində futbolçu saymırıq. Görəsən, De Byazi hansı səbəbdən bu futbolçulara dəvət göndərib?
İlk ehtimal budu ki, hər iki mərkəz müdafiəçisinin oyun praktikasının olması baş məşqçinin diqqətini cəlb edib. Nağıyev “Səbail”in heyətində müntəzəm oynayır və paytaxt təmilçisinin əsas müdafiəçilərindən sayılır. Futbolçu ötən mövsüm 15 qarşılaşmada ümumilikdə 1216 dəqiqə meydanda olub, bir dəfə fərqlənməyi bacarıb. Premyer-liqanın start turunda “Neftçi”yə qarşı son matçda da 90 dəqiqə mübarizə aparıb. Bədəlov da oyun praktikasından əziyyət çəkmir. Müdafiəçi ötən mövsüm ümumilikdə 19 matçda meydana çıxıb. Bunlardan 16-sı premyer-liqa, 3-ü ölkə kuboku qarşılaşmasıdı. Bu qarşılaşmalarda ümumilikdə 1047 dəqiqə meydanda top qovub. 2020/21 mövsümünün açılış turunda, “Keşlə” ilə qarşılaşmada isə 90 dəqiqə mübarizə aparıb. Yəni onların çempionatda davamlı şəkildə oynaması De Byazinin diqqətindən yayınmayıb və yığmaya dəvət alıblar. Sözsüz, hər iki müdafiəçi mümkün zədələnmə hallarında Bədavi Hüseynovla Bəhlul Mustafazadənin əvəzedicisi olacaqlar. Ən qəribə məqamlardan biri də hazırda klubsuz olan Araz Abdullayevlə bağlıdı. De Byazinin bir neçə gün öncə nəzarətə götürdüyü futbolçunu hansı əsasla milliyə dəvət etməsi elmi araşdırma mövzusudu. Ki, bunun cavabını tapmaq çox çətindi. Riçard Almeydanın kənarda qalması da suallar doğurur.
Gələk ehtiyat heyətə. Azər Salahlı, Coşqun Diniyev və Səlahət Ağayevin burda olması hardasa başadüşüləndi. Mövqelərinə uyğun əsas heyətdəkilərindən hansısa birində zədə və ya başqa problem olarsa, məşqçi bu futbolçulardan yararlana bilər. Onsuz da onlar Lüksemburq və ya Cənubi Kiprlə oyunda meydana çıxacaq potensialda deyil. Fikrimizcə, hər üçünün ehtiyat heyətdə yer alması ən ideal seçimdi. Namiq Ələsgərovla Vüsal İsgəndərlini bu siyahıda görmək isə təəccüb doğurur. Hər iki futbolçu komandalarının əsas simalarıdı. Bu üzdən əsas siyahıdan kənarda qalmalarına izah tapmaq çətindi. Klubsuz qalan və son mövsümdə “Qarabağ”da heç nə ilə diqqəti çəkməyən Araz Abdullayevin əvəzinə Vüsal İsgəndərli və ya Namiq Ələsgərov daha münasib seçim olardı.
Rəşad Eyubov, Mirabdulla Abbasov və Ozan Can Kökçünün ehtiyat heyətə çağırılması da düzgün deyil. Onların əvəzinə Rövlan Muradov, Barış Əkinciər və ya Elvin Cəfərquliyev çağırılsaydı, daha faydalı olardı. Yəqin ki, U-21-in heyətində problem olmasın deyə, həmin oyunçulara dəvət göndərilməyib. Fikrimizcə, Canni De Byazini yuxarıda adını çəkdiyimiz futbolçuları “pislərin içində ən yaxşılar” prinsipini nəzərə alaraq yığmanın ehtiyat heyətinə dəvət edib. Bir sözlə, görünən budu ki, italiyalı mütəxəssis köhnələrlə yenilərin sintezindən komanda formalaşdırmaq niyyətindədi. Onun nə qədər haqlı olduğunu qarşıdakı iki oyun göstərəcək. Hələlik isə “xeyirli olsun” deyək...
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR