Sizin reklam burada

Turdan məqamlar

Baxış Sayı:234

Turdan məqamlar
Turun...
...dəstəyi...

PFL-in cari çempionat görüşlərinin azarkeşsiz keçirilməsinin vacibliyi ilə bağlı qərarından sonra bəzi fanat qruplarının kreativ addımla diqqəti çəkəcəyi gözlənilən idi. Kimlərsə açıq havadakı kafe-restoranlarda yığışmağı planlaşdırırdı, bəziləri də stadionun ərazisindən dəstək verməyi hədəf seçmişdi.
“Neftçi” – “Səbail” oyununun ilk dəqiqələrindən “Bakcell Arena”nın yaxınlığından gələn səslərin “ağ-qaralar”ın şəninə olduğunu müəyyənləşdirmək çətin deyildi. Açığı, öncə səsin stadiondakı səsgücləndiricilərdən gəldiyini təxmin etmişdim. Lakin “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevə etdiyim zəngdən sonra... Bəli, özləri idi, “forzalılar”. 100-ə yaxın fanatla “Bakcell Arena”ya gəlib, kassaların qarşısındakı boş ərazidə sosial məsəfə tələbinə əməl etməklə “ağ-qaralar”ı dəstəkləyirdilər. Amma çox keçmədən səsləri kəsildi. Sən demə, sonradan vəziyyət dəyişib: “Uşaqlarla əvvəldən danışıb, belə bir dəstək forması fikirləşmişdik. Əslində həyata keçirə bildik və deyilənə görə, effektli alındı. Karantin qaydalarına əməl edib, 2 metrlik sosial məsafəni qoruyurduq ki, həm bizə söz gəlməsin, həm də polislər əziyyət çəkməsinlər. Hətta yaratdığımız mənzərə xoşlarına gəlmişdi. Nədənsə sonradan yüksək rütbəli polis zabiti yaxınlaşıb hətta belə bir dəstəyə də icazə olmadığını bildirdi. Hardasa 15-20-ci dəqiqə gedirdi oyunda. Səbəb kimi isə xeyli sayda adamın bir yerə yığışdığını göstərdi. Yenə də canları sağ olsun. Vəziyyət belədi də, başa düşməliyik. “Şkupi” ilə oyunda eyni cür dəstək verəcəyimizə inanmıram. Çünki yığışmalı olsaq, azı 400-500 nəfər olacaq ki, buna da icazə verilməyəcək. Dövlət icazə versə, yenə o cür dəstək verməkdən məmnun olarıq. Hətta bu baş verməsə də, görək başqa nə fikirləşirik”.
...səhvi...
“Sumqayıt” – “Keşlə” görüşünün ikinci hissəsində gördüyümüz mənzərə bizi illər öncəyə - ölkə futbolunun “peraşki” dövrünə apardı. Xatırlayırsızsa, 90-cı illərdə klublar peşəkarlaşmamışdı, maliyyə indiki kimi deyildi, əksərinin rəhbəri bu oyunun incəliklərindən bixəbər olanlar idi. Düzdü, 20-25 il əvvəllə müqayisədə kəskin şəkildə dəyişən maliyyədi. Digər məqamlardakı qüsurlar hələ də qalmaqdadı.
Sumqayıtlılarla oyunda qonaqların müdafiəçisi Tərlan Quliyevin meydana protokolda göstərilən “3” əvəzinə “33” ilə çıxması, sonradan “33”ün yapışqan lentlə “3”ə dəyişdirilməsi həmin epizodu izləyənləri güldürdü. Bir qədər dərindən düşünənlər isə özündən çıxdı. Yanlışlıq təkcə bu deyildi. İlk dəqiqələrdən meydana “30” ilə çıxan Şahrux Qadoyevin protokoldakı nömrəsi “23” göstərilmişdi ki, həmin nömrə əslində yeni transfer Artur Batistaya məxsus idi.
Bu səhvlərə görə məsuliyyəti kim daşıyır? Debütdəcə belə problemlərin ortaya çıxmasının səbəbi nə idi? Buna görə kiməsə xəbərdarlıq edilibmi? Suallara cavabı klubun mətbuat katibi Murad Axundovla söhbətdə tapmağa çalışdıq: “Dediklərinizdən xəbərdarıq və səhvə yol verildiyini anlayırıq. Lakin belə vəziyyətdə nöqsanı konkret kiminsə üstünə yıxmağın mənası yoxdu. Kimsə edibsə, digəri görə bilərdi, digəri görmürdüsə, bir başqasının diqqətini çəkməliydi. Qısası, səhv varsa, hamımızındı. Tərlan Quliyev ötən mövsüm “33” ilə oynayırdı, Avroliqa üçün isə “3 nömrə” kimi sifariş olunub. Ona görə bir az diqqətsizlik olub. Şahruxda da bir qədər tələskənliyə yol verilib. Eyni halın təkrarlanmamasına çalışacağıq”.
...“qırmızı”sı
Hacıağa Hacılının “Zirə”dəki debüt oyununda qırmızı vərəqə aldığını görəndə ağlıma “Barselona”nın futbolçusu gəldi. 2019-un payızında gənc futbolçulardan birinin katalonların heyətindəki ilk rəsmi oyununda vaxtından əvvəl paltardəyişmə otağına yollandığını xatırlasam da, adını yada sala bilmədim. İnternet qaynaqlarında həmin oyunçunun Ronald Arauxo olduğunu və hadisənin ötən mövsümün 8-ci turunda, “Sevilya” ilə qarşılaşmanın 87-ci dəqiqəsində baş verdiyini öyrəndim.
Xoş olmayan bu statistikada Lionel Messinin də adı var. Dünya ulduzu 2005-ci ildə Argentina yığmasının Macarıstanla Budapeştdəki yoldaşlıq görüşündə debüt edəndə hakimin qəzəbinə tuş gəlmişdi. Həm də cəmi 45 saniyə meydanda olmuşdu.
Düzdü, Hacıağa nə Messidi, nə də Arauxo. Amma yəqin onun da məlum “qırmızı”ya görə deyəcəkləri var. Vaxtilə “Qəbələ”nin formasını geyən, bu klubun akademiyasında yetişən dayaq yarımmüdafiəçisi tünd rəngli vərəqəyə layiq görülməsinin səbəbini sabiq komandasına qarşı oynamaqda yox, qələbə istəyində görür: “Zirə”də ilk oyunum olsa da, həyəcanlı deyildim. Ümumiyyətlə, “Qəbələ”yə qarşı hansısa aqressivliyim də yoxdu. “Qəbələ” mənə doğma komandadı. Sarı vərəqə aldığım iki epizod sırf oyun vəziyyətləri idi. Bu, daha çox qələbə istəyindən irəli gəlirdi. O ki qaldı Messinin yığmadakı debüt matçında qırmızı vərəqə almasına, açığı, bundan xəbərim yox idi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR